Məhkəmə qərarları › İş №2(007)-517/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-517/2025

03.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-517/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və X5 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 42 saylı evin 32 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən mənzili X2 13 dekabr 2015-ci il tarixdə AN-İ №0057337 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X4 almışdır. X2 07 mart 2020-ci il tarixdə ünvan 1-də yerləşən mənzili daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. Həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına 10 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. X2 ilə X10 alqı-satqı müqaviləsi bağlayarkən o, öz öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. Cavabdeh X11 isə atasının qohumudur. Onun qeydiyyatı Bakı şəhərində olmadığı üçün onu müvəqqəti Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 42, 32 saylı mənzilə qeydiyyata saldırmağa icazə verilmiş, lakin o, heç vaxt həmin mənzildə yaşamamışdır. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları :

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 42, mənzil 32 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X12 və xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

5. X13 ilə X9 arasında bağlanmış xx.xx.2005-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X13 ümumi sahəsi 64.05 kv.metr olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 42 m, 32-də yerləşən üç otaqlı mənzili X1.

6. Bakı şəhəri 15 saylı notariat kontoruna X9 tərəfindən ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, o, X8 şəxsən tanıdığını, onun evli olmadığını, subay olduğunu, evin alqı-satqısı ilə əlaqədar gələcəkdə yaranacaq bütün məsuliyyətin onun üzərinə düşdüyünü bildirmişdir.

7. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 159325 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 42 saylı evin 32 saylı mənzili X7 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 185 saylı reyestr kitabında 27424 səhifə qeydə alma № 30/14590, xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır.

8. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X9 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.05 kv.m olan 3 otaqlı mənzili İddiaçı bağışlamışdır.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Mıkırtıçevna xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında, Cavabdeh2 isə xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron rayonu, Xıradalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2, mənzil 27-də, xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadırlar.

10. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 sonuncu dəfə dövlət ssərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2005-ci il tarixdə sərhədi çıxışı qeydə alınmış və girişi barədə məlumat yoxdur.

11. Mənzil Kommunal Təsərrüfatı Birliyinin 120 saylı Mənil-Kommunal İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, X3 Mirzəyev küçəsi, 42 saylı evin 32 saylı mənzilində pasport qeydiyyatındadır, göstərilən ünvanda yaşamır.

12. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 42 saylı evin 32 saylı mənzili Həsənov Qəhrəmaninin adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 185 saylı reyestr kitabında 27424 səhifə qeydə alma № 30/27424, xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.

13. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.

16. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

17. İşin məhkəmə tərəfindən araşdırılan və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 42, 32 saylı mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir.

18. Cavabdeh1 xx.xx.2003-cü il tarixdən, Cavabdeh2 xx.xx.2024-cü il tarixdən iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə pasport qeydiyyatındadırlar.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmənin mövqeyi :

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

24. Hazırda İddiaçı Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini cavabdehlərin həmin mənzildə yaşamaması, lakin qeydiyyatda qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılması ilə əsaslandırmışdır.

25. Məhkəmə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.

26. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 42, 32 saylı mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh1 xx.xx.2003-cü il tarixdə mübahisəli mənzilin daha əvvəlki mülkiyyətçilərindən birinin razılığı ilə, Cavabdeh2 isə mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə xx.xx.2024-cü il tarixdən pasport qeydiyyatına alınmışdır. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.

27. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə bağlı münasibətə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi, Cavabdeh2 ilə bağlı münasibətə isə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

29. Məhkəmə ilk növbədə Cavabdeh1 münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün ya bu hüquq hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdır.

31. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

32. İşin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisə obyekti olan mənzilə həmin mənzilin əvvəlki mülkiyyətçisinin vaxtında pasport qeydiyyatına alınmış, həmin mülkiyyətçinin ailə üzvü olmamış, həmçinin həmin mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

33. Həmçinin işin məhkəmə tərəfindən müəyyən edilmiş digər faktiki halı odur ki, cavabdeh xx.xx.2005-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş və həmin vaxtdan sonra geri qayıtmamışdır. Yəni qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin mübahisə obyekti olan mənzilə istifadə hüququ yaranmamış və onun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır.

34. Cavabdeh2 münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından Cavabdeh2 mübahisə predmeti olan mənzildən istifadə hüququnun yaranması üçün o, mülkiyyətçinin ailə üzvü olaraq həmin mənzildə mülkiyyətçi ilə birlikdə yaşamalıdır.

36. Belə ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

37. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkittəçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

38. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək hüquq vardır. Lakin mülkiyyətçinin “ailə üzvləri” dedikə isə qanunverici mülkiyyətçinin əri(arvadı), uşaqları və valideynlərini nəzərdə tutmuşdur.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

40. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyytçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

41. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının dayısı arvadıdır və mübahisə predmeti olan mənzildə xx.xx.2024-cü il tarixdən etibarən qeydiyyatdadır və həmin mənzildə yaşamamışdır.

42. Yuxarıda qeyd edilən qanunvericilik normalarının mahiyyətindən göründüyü kimi iddiaçının dayısı arvadı olan Cavabdeh2 baldızının oğlu olan İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.

43. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və cavabdehlər həmin ünvanda faktiki olaraq yaşamırlar, bu ünvandakı qeydiyyatları hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdehlərin həmin ünvanda qeydiyyatda qalması iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

44. Cavabdehlərin hazırda mənzildə formal olaraq qeydiyyatda qalması mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır.

45. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

46. Belə olan halda cavabdehlərin həmin mənzilə istifadə hüququ yaranmadığı üçün onların istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin edilə bilməz.

47. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Belə ki, cavabdehlərin mənzildə pasport qeydiyyatda qalmaları iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyət yaradır.

48. Məhkəmədə iddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildə formal qeydiyyatda qalmaları səbəbindən mülkiyyətində olan mənzilə sərəncam, sahiblik hüquqlarını həyəta keçirə bilməməsi ilə əsaslandırmışdır.

49. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

50. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.

51. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

52. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd emişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına mülkiyyət hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyəta keçirilməsi imkanının məhdudlaşdıırlması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xaarkter almış olur.

53. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit edir.

54. Məhkəmə qeyd edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir.

55. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər.

Nəticə :

56. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 42 saylı evin, 32 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 42 saylı evin, 32 saylı mənzilindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin göstərişinə uyğun olaraq qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar