Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-528/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “əsasız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “əsasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş 06.02.2018-ci il tarixli, ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 1919,8 (bir min doqquz yüz on doqquz manat, 80 qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilində təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfıyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu o, həmişə vaxtlıvaxtında ödəmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 5 ünvanda yerləşən fərdi yşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 06.02.2018-ci il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Həmin Aktda qeyd olunmuşdur: ’’Abonent tərəfindən sayğacın üfıqi vəziyyətə gətirildiyi və sayğacdan keçən qazın sərfıyyatının dayandırıldığı aşkar olundu”. Nəticədə cavabdehə 9599 kub metr həcmində maddi ziyan vurmuş və 1919,8 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş həmin Aktda qeyd olunmuşdur ki, guya o, aktı imza etməkdən imtina etmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin Akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Belə ki, yuxarıda qeyd olunan ünvanda olan həyət evinə Aktda qeyd olunan kimi 3 nəfər deyil, 1 nəfər nəzarətçi gəlmiş, həmin vaxt evdə oğlu olmuş, nəzarətçi qaz sayğacını özü çevirmiş və sayğacın şəklini çəkmişdir. Oğlu ona iradını bildirdikdə isə demişdir ki, sayğacın plobmunu yoxlayır. Həqiqətən də sayğacın plombu yerində olmuşdur. Bununla əlaqədar olaraq orada heç bir Akt tərtib olunmamışdır. O da evdə olmamış və əgər Akt tərtib olunsaydı belə aktı imzalamaqdan imtina etməyi də mümkün deyildi. Bundan bir neçə gün sonra sayğacı cavabdehin əməkdaşları söküb aparmışlar. Bir müddət sonra isə Smartkartla işləyən yeni sayğac gətirərək quraşdırmışlar və bildirmişlər ki, bir neçə günə ona Smartkart veriləcəkdir. Həmin vaxtdan bu günədək (3 ildən artıq müddətdir) onun evinə qaz verilişi faktiki olaraq (cavabdeh tərəfindən Smartkart verilmədiyindən) dayandırılmışdır. O bildirir ki, nə özü, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona borcun silinməsi barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də məcbur olub o, məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, qaz sayğacına orada müdaxilə olunmamışdı, qaz sayğacının plombu qırılmamışdı. Qaz idarəsinin əməkdaşı sadəcə yoxlamağa gəlib evə girib ki, qaz sayğacına baxır, evdə də qardaşından başqa heç kim olmayıb. Qaz idarəsinin əməkdaşı qaz sayğacını yuxarı əliylə qaldırmış, qardaşına heç elə belə baxdığını demiş, sonra şəklini çəkib heç nə demədən çıxıb getmişdir. Onların heç bir borcları yoxdur. Sayğacı yoxlayanda borc ola. Cavabdehin əməkdaşı heç bir şey olmadığını deyərək 2-3 gün sonra akt gətirib ki, 2000 manata yaxın sərfiyata görə yox, sayğacı yuxarıya qaldırdıqları və müdaxilə etdikləri üçün cərimə olunduqlarını demişdir. Onların da, qonşuların da sayğacı həyətin içərisində idi, sonralar çölə qoyulub, akt yazılan vaxtı 2018-ci ildə sayğac hasarın içərisində həyətlərində idi. O həmçinin, evlərinin fərdi yaşayış evi olduğunu, mənzildə dörd göz qaz plitkası, pitiminutka və kombi işlətdiklərini, qazın hər ay kartla olduğunu, qurtardıqca pul vurduqlarını, axırıncı dəfə 2 gün bundan qabaq qaz kartına 5 manat vurduğunu, cərimə edildikdən sonra qazsız qaldıqlarını, 2000 manatı verməyə imkan olmadığını, 1 ilə yaxın propan qazından istifadə etdiklərini, qaz kəsiləndən sonra atasının 28 may küçəsindəki ASAN kommunala 10 manat vuranda 5 manat borca çıxmaqla 5 manat işlətmək üçün kartı almaq üçün getdiyini bildirdi. O qeyd etdi ki, sayğacı çıxardıb smart kartla olan təzə sayğac qoydular. Əvvələr qazın pulunu nəzarətçiyə əlbəəl verirdilər və nəzarətçi də onlara qəbz verirdi. Kartı atası gedib götürmək istəyəndə vermədilər ki, 1000 manat, ya da borcu tam ödəməlidir. Onlar da kartı götürməyə imkan edə bilmədilər. Propan qazından sonra onlarla qonşuluqda qalan bibisigilin adından partlayış olmaması üçün qazı çəkmişlər. İndi sayğacın çox yazmaqla bağlı söz-söhbətləri yarandığından o, borcun silinməsini istəyir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya münasibət qeyd etdi ki, o, aktı, sayğacın şəkillərini sistemdən çıxartmışdır. Abonentdə mexaniki sayğac olmuş, onlar da çıxardıb smart kart ilə əvəz etmişlər. İddia ərizəsinə nəzər salanda iddia ərizəsi 10.12.2021-ci il tarixdə imzalanmış, Akt isə 2018-ci ilin fevral ayında məhkəməyə təqdim olunmuşdur. Onlar vətəndanşla “Azəriqaz” İB arasında olan münasibətdən müqavilə olduğunu və abonentin bu hüquqla olan münasibətdə iddia müddətini ötürdüklərini hesab edirlər. Orada 3 il də müqavilədən irəli gələn müddətdir. Müki məcəllənin 372.2 ci maddəsinə əsasən iddia müddəti keçmiş hesab olunmalıdır. İddiaçının abonent saldosuna nəzər salanda, akt tərtib olunanda abonentin ödənişləri 3 manat, 4 manat, 5 manatı keçmədiyinin şahidi olduqlarını, istehlakçı kimi evdə kombisi, qaz qızdırıcısı, 4 gözlü qazı olan abonentlərə münasibətdə qaz sərfiyatının 3-4 manat arasında dəyişmədiyini yaxşı bildiklərini, mexaniki qaz sayğaclarını dəyişəndən sonra smart kart sayğacını 2018-ci ilin may ayından mənzildə quraşdırdıqlarını, Abonentin 1 ilə yaxın istifadə etmədiklərini dediyini, yəni qaz ehtiyacını ödəmək üçün propan qaz balonundan istifadə etdiklərini bildirmiş, ancaq sistemdə görünür ki, 2018-ci ilin may ayından artıq 1 manat olsun pul hesaba yatırılmayıb. Onlar adətən kart verəndə vətəndaşla razılaşırlar, kartı vətəndaşa borc öhdəliyini öz üzərinə götürdükdən, müəyyən qədər kartdan pul tutulmalarına razılıq verdikdən sonra verirlər. Bu razılıq əsasında kartı vətəndaşa verir və o tutmanı onun kartına yönəldirlər, məsələn 10 manat ödəyirsə, onun 3 manatını tuturlar. Vətəndaş Asan xidmətə gedəndə vətəndaş təklif edirlər ki, birinci borc ödənməli, sonra kart verilməlidi və vətəndaş bildirəndə ki bu borcu ödəməyə bir başa gücü çatmır və hissə-hissə ödəməyə razılığını verır, o zaman razılıq ərizəsi alırlar. Onlar tutmanı ya karta yönəldirlər, ya da bir başa olaraq alırlar. Əgər vətəndaş smart kart istifadəçisidirsə, ona akt tərtib edilmişdirsə və onu sistemə otuzdurmuşdurlarsa onun razılığı olmadan tutmanı həyata keçirdirlər. Abonent smart kart istifadəçisidir, daşıyıcı qaz xəttinə kənar müdaxilə edib, sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halı aşkarlanıb. Abonent özü də etiraf etdi ki, sayğacı quraşdırdılar, kartı ASAN komunaldan götürmələrini dedilər. Onlar kart alanda artıq ödənişlə əlaqədar öhdəlikləri ilə bağlı onlara bildirmislər. Onda olan məlumatda abonentin ödənişi görünmür. O bildirdi ki, sayğaclar üfüqi istiqamətdə olanda sayğacda sərfiyyat dayanır. Nəzarətçi aktda “abonent tərəfindən sayğac üfüqi vəziyyətdə gətirildiyi və sayğacdan keçən qazın sərfiyyatının dayandırıldığı aşkar olundu” deyə qeyd etmişdir. Aktı yazanlar düşünüblər ki, sayğacı üfüqi vəziyyətə abonent gətirib. Əgər əlbəəl ödəniş ediblərsə, onda abonent qəbzləri təqdim etsin. Abonentin saldosunda 2017-ci ilin aprel ayında 67 manat, dekabr ayında 66 manat, 2016-cı ildə 3.50 manat ödəniş görünür. 2015ci ildə standart hər ay ödənişlər olub, 2018-ci ildə bir dəfə ödəniş olub sonra olmayıb. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 06.02.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında qazın uçotu və TQİQ-nə riayət edilməsi yoxlanılmış və abonent tərəfindən sayğacın üfiqi vəziyyətə gətirildiyi və sayğacdan keçən qazın sərfıyyatının dayandırıldığı aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. - “Azəriqaz” İB tərəfindən istehlakçı Nəsibov Eldara ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcun 20.12.2021-ci il və 23.12.2021-ci il tarixə qədər borcun ödənilməsini təmin etmədiyi təqdirdə təbii qaz təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. -“Azəriqaz” İB tərəfindən hazırlanmış 06.02.2018-ci il tarixli, ******* saylı aktın əsas götürüldüyü sənəddən görünür ki, qüsur olaraq sayğacın üfiqi vəziyyətə gətirildiyi müəyyən olunmuş, Qaz işlədicilərindən 2 ədəd PQ4-ün maksimal saatlıq qaz sərfi 2.4 m3/saat yay ayları uçun orta gunluk ış rejimi 4 saat və hesabat müddəti 82 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 98 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 82 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 98 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat yay ayları uçün orta günlük ış rejim 4 saat və hesabat müddətı 82 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 98 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 5, mənzil ünvanında əvvəllər mexaniki sayğac olmuş, “Azəriqaz” İB mexaniki sayğacı smart kart ilə əvəz etmişlər. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 06.02.2018-ci il tarixli, ******* saylı Akt tərtib edilmiş, həmin Aktda Abonent tərəfindən sayğacın üfüqi vəziyyətə gətirildiyi və sayğacdan keçən qazın sərfiyyatının dayandırıldığı aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuş və 1919,8 manat cərimə yazılmışdır. Sayğaca baxış keçirilərkən və akt yazılanda sayğac hasarın içərisində olmuşdur. İddiaçı smart kartı götürmək istəyəndə ona borc öhdəliyini üzərinə götürdükdən, müəyyən qədər kartdan pul tutulmalarına razılıq verdikdən sonra verəcəklərini bildirmişlər. Həmin sayğac üzrə İddiaçı tərəfindən 2018-ci ildə bir dəfə ödəniş olduqdan sonra ödəniş edilməmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının 30.06.1998-ci il tarixli Qanunun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. 21.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə qeyd edir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən Sayğaca baxış keçirilərkən və akt yazılanda sayğac hasarın içərisində həyətdə olduğu üçün sayğaca kənar şəxslərin müdaxiləsi mümkün olmadığından, qaz sayğacına kənar şəxslərin müdaxiləsinin olduğunu sübut edə bilmədiyindən, həmçinin evdə kombi, qaz qızdırıcısı, 4 gözlü qazı olan abonentin qaz sərfiyatının 3-4 manat arasında olmağını da ağlabatan hesab etmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdeh “Azəriqaz” İB-nin “Onlar vətəndaşla “Azəriqaz” İB arasında olan münasibətdən müqavilə olduğunu və abonentin bu hüquqla olan münasibətdə iddia müddətini ötürdüklərini hesab edirlər. Orada 3 il də müqavilədən irəli gələn müddətdir. Müki məcəllənin 372.2 ci maddəsinə əsasən iddia müddəti keçmiş hesab olunmalıdır.” dəlili ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “cavabdeh “Azəriqaz” İB tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş 06.02.2018-ci il tarixli, ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 1919,8 (bir min doqquz yüz on doqquz manat, 80 qəpik) manat borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “cavabdeh “Azəriqaz” İB tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş 06.02.2018-ci il tarixli, ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 1919,8 (bir min doqquz yüz on doqquz manat, 80 qəpik) manat borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-528/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-528/2022
16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver