Məhkəmə qərarları › İş №2(007)-55/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-55/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-55/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi, maddi ziyan) X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 15 ildən artıqdır ki, ünvan 1 ünvanında yaşayır. Cavabdeh ünvan 2aşayan qonşusudur. 8 nömrəli mənzilin sanitar qovşağında yaranan nasazlığa görə dəfələrlə onun mənzilinə su axıdılmışdır. Hazırda da yenə su axır, yataq otağının bir divarı təmamilə sıradan çıxmışdır. O, cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh ona heç nəyi söküb-düzəltməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən, o, hesab edir ki, cavabdeh su axıdılması nəticəsində ona vurulmuş maddi ziyanı ödəməlidir. O, məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 1000 manat pulun məhkəmə qaydasında tutulmasını tələb edir. Cavabdehin iddia tələbinə etirazı: Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəyən 1000 manat maddi ziyanın cavabdeh qonşu mənzil 8-də yaşayan Cavabdeh tərəfindən tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, guya 10 ilə yaxındır ki, o, mənzilində sanitar qovşağı nazas olduğuna görə mənzilinə su axıdır. Yataq otağının bir divarı tamamilə sıradan çıxıb. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə yoxdur. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. İddia tələbini qəbul etmir və aşağıda göstərdiyi hallara və əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində guya onun sanitar su qovşağının nazas olması nəticəsində onun yataq otağının bir divarı sıradan çıxmışdır. Lakin ona göndərilmiş iddia ərizəsinin “qoşma’’ hissəsində iddiaçıya onun günahı ucbatından qeyd etdiyi 1000 manat dəyərində maddi ziyanın vurulması barədə heç bir mötəbər sübutunu (divarın foto və ya video görüntüsünü, MİKS əməkdaşlarının və mütəxəssisin iştirakı ilə mənzilə baxış keçirilməsi və qeyd edilən zinayın aşkar edilməsi barədə akt və s.) əlavə etməmişdir, kimi hallar sübut olunmur. O, eyni binada iddiaçıdan bir mərtəbə yuxarıda yaşayır. İddiaçı onların mənzilinin alt mərtəbəsində onların altında yox, yan mənzildə yaşayırlar. Təxminən 6-7 il bundan əvvəl iddiaçı ona bildimişdir ki, onun mənzilinə üst mərtəbədən su sızması var. Su sızmasını müəyyən etmək üçün o, öz vəsaiti hesabına susızma aparatı taparaq mənzildə yoxlama işləri aparmışdır. Suyun onların sanitar xətdən sızmaması aşkar olunsa da, iddiaçının təkidi ilə o, beton konstruksiyasını tamamilə sökərək xətləri iddiaçının iştirakı ilə xəttlərə baxış keçirildi və müəyyən olundu ki, onun mənzilinə su sızması tamam başqa yerdəndir. Sonuncu dəfə təxminən 4-5 il bundan əvvəl iddiaçı mənzilinə su sızmasını onun mənzilindən baş verməsini mübahisələndirmişdir. Mənzilə quraşdırılmış və beton altında olan su borusunda boru deşildiyindən iddiaçının mənzilinə su sızmışdır. İddiaçı ona bu barədə bildirəndən dərhal sonra o, həmin beton konstrusiyanı yenidən sökərək su borşunu dəyişdirmiş, 3 ay o, həmin su xəttini betonlamamışdır ki, yoxlasın görsün həmin xəttlərdən su sızır, yoxsa yox. 3 aydan sonra şəxsən iddiaçının razılığı ilə o, həmin su xəttinin üstünü betonlayaraq kafel döşəmişdir. Bundan sonra iddiaçı ilə qonşu kimi aralarında heç bir sözsöhbət olmamışdır. Göründüyü kimi iddiaçı ona qarşı məhkəmə qaydasında irəli sürdüyü iddia tələbinin əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Və ona görə də iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsasları olmamışdır. İşə baxılarkən iddiaçı tərəfin şəxsən onun tərəfindən onun mənzilinə maddi ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsi işə baxan məhkəmə tərəfindən nəzərə almalıdır. Ona görə də yuxarıda göstərdiklərini, iddiaçının iddia tələbinin əsası kimi məhkəməyə mənzilinə tərəfindən ziyan vurulmasına dair heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsini və tərəfindən ona heç bir maddi ziyan vurulmadığını nəzərə alaraq iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlara düzgün hüquqi qiymət verilməsini, həmin sübutlardan istifadə edilməsini, iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsasları olmadığından ona qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 12 saylı MKİS-in rəis əvəzi R.Cəbrayılov və həmin MKİS-in nümayəndəsi Ə.Aslanov və İddiaçı akt tərtib edərək göstərmişlər ki, İddiaçı mənzilinə baxış keçirilmiş və Cavabdeh yaşadığı 8 nömrəli mənzilin sanitar qovşağından 6 nömrəli mənzilə su axıdıldığı müəyyən edilmişdir. Bu barədə akt onu tərtib edənlər tərəfindən imzalanmışdır. Mənzilin divarını əks etdirən fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16/2-10/43 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 6 saylı mənzilin tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8 saylı evin 6 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan 8 saylı mənzildən su axıdılığı və nəticədə 6 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 8 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də 6 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 6 saylı mənzilə su sızması 8 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8 saylı evin 6 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 880,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6674 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 73 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 6 saylı mənzildə mərtəbəarası susızmanın əlamətlərinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, mənzilin ölçüləri 5.20m x 3.45m olan yaşayış otağının tavanında su izləri, boya qatının qabarması və dağılması həmçinin, divar kağızlarının aralanması və qopması müəyyən olunmuşdur. Lakin, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 73 ünvanında yerləşən iş üzrə cavabdehə məxsus 8 saylı mənzilə baxış zamanı mənzilin su və kanilzasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (borularda çatlar, boru birləşmələrində boşluqlar və.s) aşkar edilmədiyindən iş üzrə iddiaçıya məxsus mənzilə su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 73 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 6 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinə sərf ediləcək materialların həcmi rəyə əlavə edilmiş smetada göstərilmişdir. ”X3”-in xx.xx.2025-ci il tarixli, 116 nömrəli mütəxəssis rəyinə əsasən 10/6674 saylı ekspert rəyində verilmiş smetada göstərilən malların və xidmətlərin ümumi dəyərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 1056.0 manat məbləğində olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 10 ildən çoxdur ki, onlar gözləyirlər. Axıntının dayandırılmasını və dəymiş ziyanın ödənilməsini istəyirlər. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7, iddia tələbini qəbul etməyərək göstərdi ki, birinci ekspertizada ekspert baxış keçirmədən rəy vermişdir, bu da ki etibarsızdır. İkinci ekpsert baxış keçirib və axıntının onlardanolmadığı müəyyən olunmuşdur. Üçüncü dəfə isə ziyanın məbləği müəyyən olunmuşdur. Zərərin ödənilməsi üçün səbəbli əlaqə olmalıdır. Lakin axıntının onlarla səbəbli əlaqəsi yoxdur. Ümumi kanalizasiya xətti onlardan başqa bir neçə şəxs tərəfindən istifadə olunur ki, bu da Azərsuya aiddir, onlara aidiyyəti yoxdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər və toxunulmazdır. Azərbaycan Respublikasında mülkiyyət dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir; 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu dedikdə (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəzərdə tutulmuş və pozuntu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçı tələbində ona istinad etmişdir ki, Cavabdeh öz mənzilindən onun yaşadığı mənzilə 10 ilə yaxındır ki, su axıdır və susızma nəticəsində onun yataq otağının divarı təmamilə sıradan çıxmış, ona maddi ziyan dəymişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində su axıdılmanın konkret səbəbi müəyyən edilməmiş, habelə su axıdılmanın məhz cavabdehin mənzilindən baş verməsi də sübuta yetməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman, yəni xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən əmlak Cavabdeh adına qeydə alınsa da, xx.xx.2024-cü il tarixdə X6 bağışlanmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, ünvan 5 ünvanında yerləşən əmlak xx.xx.2007-ci il tarixdən ********* nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbində istinad etdiyi halları sübut edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı su sızmanın cavabdehin təqsiri üzündən baş verməsi müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tikinti-texniki-ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Məhkəmə tikinti-texniki-ekspertizalarının keçirilməsinə sərf edilmiş 100 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul İddiaçı tutularaq “X3” MMC-nin VÖEN:**********, İBAN: AZ94BRES**********2474602201, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) hesabına ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dаir iddiası təmin edilməməli, məhkəmə tikinti-texniki-ekspertizalarının keçirilməsinə ümumilikdə sərf edilmiş 150 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 200 manat pul “X3” MMC-nin xeyrinə iddiaçıdan tutulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçının Cavabdeh qarşı “maddi ziyan” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə tikinti-texniki-ekspertizalarının keçirilməsinə ümumilikdə sərf edilmiş 150 manat vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul İddiaçı tutularaq “X3” MMC-nin hesabına (VÖEN:**********, İBAN: AZ94BRES**********2474602201, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar