Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-551/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılaraq mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə, Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılaraq mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 iyun 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Həmin faktiki nikah münasibətləri Rusiya Federasiyası Moskva şəhəri WADQ-nin İdarəsinin Medvedkov VVADQ Şöbəsi tərəfindən 17 yanvar 2015-ci il tarixdə verilmiş, V-MY seriyalı, 553508 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan onların 17 oktyabr 2015-ci il təvəllədlü X7 və 31 dekabr 2016-cı il təvəllüldü X6 adlı uşaqları anadan olmuşdur. Faktiki nikah münasibətlərinə daxil olduqdan sonra Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən 35 saylı evin, 123 saylı mənzilinə cehiz əşyalarını yerləşdirməklə gəlin köçmüşdür. Bir müddət sonra yəni 2014-cü ilin sonlarında isə Cavabdeh qeydiyyata olduğu və yaşadığı Rusiya Federasiya, Moskva şəhəri, Yurlovski keçidi, ev 14, 1-ci korpus, 387 saylı mənzilinə daimi yaşamaq məqsədi ilə köçmüşdür. Ondan sonra, yəni 2018-ci il tarixdə Cavabdeh ilə münasibətləri kəskinləşmiş və uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi (hakim B.N.Qasımovun sədrliyi ilə) ilə onun ilə Cavabdeh arasında 17 yanvar 2015-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 № ilə qeyd edilmiş nikah pozulması, 17 oktyabr 2015-ci il təvəllüdlü X7 və 31 dekabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılması, 17 oktyabr 2015-ci il təvəllüdlü X4 və 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 28 fevral 2020-ci il tarixdən hər uşaq üçün hər ay 170,00 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340,00 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1499/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi (hakim H.M. Əhmədovanın sədrliyi ilə) ilə ünvan 1 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının ümumi sahəsi 141.11 kv.m olan 3 otaqlı, 102 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə isə onun payının müəyyən olunması qət edilmişdir. Mübahisəli mənzilin ideal bölgüsünün həyata keçirilməsinə baxmayaraq mənzil faktiki olaraq Cavabdeh istifadəsindədir, həmin mənzildən real şəkildə istifadə edə bilmədiyi üçün onun mülkiyyət hüquqları pozulmaqdadır. Cavabdeh ilə mübahisəli mənzilə dair hər hansı razılaşma əldə olunmamış, bu səbəbdən həmin mənzilə dair müəyyən edilmiş paylarına uyğun olaraq real bölgüsünün aparılması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-71/2023 saylı, 17 yanvar 2023-cii il tarixli qətnaməsi (hakim X.F.Mirzəyevin sədrliyi ilə) ilə onun X2 qarşı mənzilə dair payının naturada ayrılmasına dair iddia tələbi rədd olunmuşdur. Mübahisəli mənzilin real bölgüsünün həyata keçirilməsinin qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdən sonra, məcbur qalaraq Cavabdeh mübahisəli mənzildə olan payına uyğun olaraq kompensasiya məbləğinin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1576/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsi (hakim R.T.Əhmədovun sədrliyi ilə) ilə onun X2 qarşı "mülkiyyətdə olan payına kompensasiya verilməsinə dair iddia tələbi rədd olunmuşdur. Belə olan vəziyyətdə, o məcburiyyət qarşında qalaraq, mübahisəli mənzilin açıq hərracdan satılaraq, satışından əldə olunmuş pul məbləğinin 1/2 hissəsinin onu verilməsini tələb etmişdir. Həmin mənzil mübahisəsi ilə bağlı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh müsbət cavab verməmiş, bundan sonra o, Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı mənzil mübahisəsinə dair mübahisəyə baxmaq üçün mediator X3 təyin etmişdir. Onun tərəfindən ilkin mediasiya sessiyası 03 oktyabr 2023-cii il tarixdə təyin olunmuşdur. O, ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh iştirakı olmamış, bu səbəbdən mediator X5 tərəfindən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barədə MŞB/9/2023- 02125 nömrəli, 03 noyabr 2023-cii il tarixli Arayış verilmişdir. Bu səbəbdən pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 1 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının ümumi sahəsi 141.11 kv.metrdən ibarət 3 otaqlı, 102 saylı mənzilin açıq hərracdan satılaraq, satışından əldə olunmuş pul məbləğinin ½ hissəsinin ona verilməsini tələb edir. Göstərilənlərə əsasən, ünvan 2 ünvanda inşa edilmiş, 8 saylı yaşayış binasının 14-cü mərtəbəsində olan, ümumi sahəsi 141.11 kv.metrdən ibarət, 3 otaqlı, 102 saylı mənzilin açıq hərracdan satılaraq, satışından əldə olunmuş pul məbləğinin 1/2 hissəsinin (ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi) iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, mənzil ideal şəkildə bölünmüşdür. Lakin bölünsə də, faktiki olaraq cavabdehin istifadəsindədir. İddiaçı öz payından istifadə edə bilmir və beləliklə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Mənzilin naturada bölügü mümkün olmamışdır. Buna görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-1395/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 17 yanvar 2015-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 № ilə qeyd edilmiş nikah pozulması, 17 oktyabr 2015-ci il təvəllüdlü X4 və 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanılması, 17 oktyabr 2015-ci il təvəllüdlü X4 və 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 28 fevral 2020-ci il tarixdən hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentiin tutularaq İddiaçı verilməsi, alimentin tutulması hissəsində qətnaməni dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-1499/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbinin tam, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının ümumi sahəsi 141.11 kv.m olan 3 otaqlı, 102 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilə 1\2 hissədə Cavabdeh 1\2 hissədə İddiaçı payının müəyyən olunması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə müstəqil tələb irəli sürmüş Nümayəndə cavabdehlər Cavabdeh və İddiaçı qarşı ünvan 1 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının ümumi sahəsi 141.11 kv.m olan 3 otaqlı, 102 saylı mənzilə görə onun tərəfindən ödənilmiş 120000 (bir yüz iyirmi min) manat vəsaitin cavabdehlərdən mənzil üzrə müəyyən ediləcək paylarına uyğun olaraq alınaraq iddiaçıya verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-1576/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb olunmaqla Cavabdeh qarşı “mülkiyyətdə olan paya kompensasiya verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. -Bakı 9 saylı Mediasiya təşkilatının MŞB/9/2023-02125 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında 17 yanvar 2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, ünvan 1 ünvanında inşa edilən 8 saylı yaşayış binasının ümumi sahəsi 141.11 kv.m olan 3 otaqlı, 102 saylı mənzil birgə nikah dövründə əldə edilən əmlak hesab edilməklə, həmin mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçının payı müəyyən olunmuşdur. Daha sonra İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə mənzilin tərəflərin paylarına uyğun naturada bölügüsü mümkün olmadığı üçün iddia təmin edilməmişdir. Bundan sonra İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb olunmaqla Cavabdeh qarşı “mülkiyyətdə olan paya kompensasiya verilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia əsassız olduğundan təmin edilməmişdir. Hazırda iddiaçı əmlakın açıq hərracda satılaraq, əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq, ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. 228.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 233.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər: mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə; daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi. 233.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun əsaslandırılması aktında ərazi bölgüsündən başqa, yaşayış binasının hər bir tərkib hissəsinin payı daşınmaz əmlakın və ya tikinti hüququnun yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir. Payların dəyərinin dəyişdirilməsi üçün yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının razılığı və icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin payı yanlış müəyyənləşdirilmişsə və ya binada və ya onun həndəvərində tikinti dəyişiklikləri nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən hər birinin düzəliş hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, ünvan 3 ünvanda, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət 3 otaqlı mənzilin İddiaçı mülkiyyətində olması ilə bağlı məlumatlar mövcud deyildir. Həmçinin bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmamışdır. İddiaçı o halda, əmlakın hərrac yolu ilə satılmasını tələb edə bilər ki, həmin əmlak onun xususi mülkiyyətində olsun və onun adına reyestrdə müvafiq qeydiyyat aparılsın. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının həmin əmlakın hərrac yolu ilə özgəninkiləşdirilməsini tələb etməyə hüquqi əsasları mövcud deyildir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılaraq mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılaraq mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-551/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-551/2024
24.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver