Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-589/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 manat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2014-cü ilin əvvəlində Bakı şəhərində tanış olmuşdur. Cavabdehlər ona Rusiya Federasiyasından topdan şin gətirib satdıqlarını bildirmişlər və ona “gəl səndə pul qoy Rusiya Federasiyasından topdan şin gətirək, sənində xeyrin olsun” bildirmişlər. O, cavabdehlərin bu təklifi ilə razılaşmışdır və 2014-cü ildə Ukrayna Respublikasından cavabdehlərin şin aldıqları Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürmə yolu ilə 174316 ABŞ dolları pul köçürmüşdür. Cavabdehlər pulunu iki ay müddətinə qaytaracaqlarını və bu işdən onunda xeyrinin olacağını bildirmişlər. Təxminən iki ay sonra cavabdehlərdən bir xəbər çıxmadığından onlarla görüşərək pulunu geri tələb etmişdir. Cavabdeh2 şinləri gətirdiklərini, lakin şinləri paylamadıqlarını, şinləri payladıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Bir neçə ay sonra pulu qaytırılmadığına görə yenidən cavabdehlərlə görüşərək pulunun dərhal ödənilməsini onlardan tələb etmişdir. Cavabdehlər pulunun müəyyən hissəsini hissə-hissə ona qaytarsalar da, pulunu tam həcmdə qaytarmamışlar. Cavabdehlər onu aldadaraq pulunu ödəmədiklərinə görə onlar barəsində şikayəti ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qeyd olunan ərizəsi əsasında Yevlax rayon X5 Bölməsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli Qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları X4 və Cavabdeh2 qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 pulunun müəyyən hissəsini ödəmiş, onların ona 53061 ABŞ dolları və 17760 manat borcu qalmışdır. Göründüyü kimi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Eyni zamanda qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulunun qaytarılmasını gecikdirdikləri üçün, qaytarılmamış 53061 ABŞ dolları məbləğin illik beş faizini ödəməyə borcludurlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 altı ildən artıq müddətdir ki, 53061 ABŞ dolları məbləğində pulunu qaytarmadıqlarına görə, qanunvericiliyə əsasən 53061 ABŞ dolları məbləğə altı il müddətinə illik beş faiz hesablanmaqla, ümumilikdə ona 15918 ABŞ dolları məbləğində faiz ödəməlidirlər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 manat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməlidir. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin faktiki halları ondan ibarətdir ki, o və digər Cavabdeh2 iş birliyi quraraq Çin Xalq Respublikası və Rusiya Federasiyasından yük və minik avtomobilləri üçün avtomobil şinləri gətirərək onun Azərbaycan Respublikasında satışı ilə məşğul olurmuşlar. 2014-cü ilin əvvəllərində hazırki iş üzrə İddiaçı onlardan mütəmadi olaraq avtomobil şinləri alıb 15-20 manat aldığından baha qiymətə öz müştərilərinə satırmış. İddiaçı onların ofisə tez-tez gələrək onların avtomobil şinlərinin satışı ilə məşğul olurmuş. O, münasibətlərinin yaranması ilə əlaqədar olaraq ona İspaniyadan avtomobil yağlarını gətirib Azərbaycan Respublikasında satışını təşkil etmək təklifini vermişdir. Vüqar onunla razılaşıb lazım olan pulu köçürmüşdür. Aralarında olan razılığa görə Respublikaya gətiriləcək malın gömrük və yol xərcləri o və Cavabdeh2 tərəfindən ödənilməli imiş. Şərikli fəailiyyətlərindən gəlir əldə edirmişlər. 2014cü ilin noyabr ayında Rusiya Federasiyasında infilyasiya olduğu üçün o, Vüqar və Zahidə təklif etmişdir ki, Rusiya Federasiyası və Çin Xalq Respublikasından avtomobl şinləri gətirib satsalar yaxşı gəlir əldə edə bilərlər. Razılığa əsasən Vüqar 135700 manat pulu Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətin hesabına köçürmüş, o və Zahid isə alınmış avtomobil şinlərini avtomobillərlə konteynerlərlə yol və gömrük xərclərini ödəyib Bakı şəhərinə gətirmişlər. Əvvəlcədən olan razılığa görə avtomobil şinlərinin satışından əldə olununan gəlir 3 yerə bölünməli imiş. Vüqar avtomobil yağına və şinlərə ödənilən pulların ona hesabatını verir və o da onların öz dəftərində qeydiyyatını apararaq ona imza etdirirmiş. Çünki köçürülən pullar manatla Banka ödənildikdən sonra Bank avro, dollar və rublla konvertasiya edib ödəniş əməliyyatı aparırmış. Onlar gətirilmiş hər avtomobil şininin satışından əldə olunan gəlirin 5 manatını daxildə yaranacaq anbarda saxlama, fəhlə və daşınma xərclərini nəzərə alalraq 3 yerə böldükdə hər birinə 15 manat gəlir hesablamışlar. 2015-ci ilin əvvəllərində Azərbaycanda da gözlənilmədən infilyasiya baş vermişdir. Buna görə Vüqar onlara narazılıq edib manatın hər gün dəyərdən düşdüyü barədə narahatçılıqla söz-söhbət yaratmışdır. O, Zahiddən dostlarını qəbul etməsi bəhanəsi ilə işlədikləri ofisin açarlarını alıb şərikli ticarət fəaliyyəti ilə bağlı qeydiyyat apardığı dəftəri götürmüş və o, iddiaçıdan bu barədə soruşanda xəbəri olmadığını söyləmişdir. İnfilyasiya ilə bağlı bazarda avtomobil şinlərinin şatışında durğunluq yaranmışdır. Vüqar yaranmış vəziyyətlə razılaşmayıb onlardan Azərbaycan Respublikası DTX-ə şikayət etmişdir. Vüqar həmin idarədə yaxın dostlarının olduğunu bildirirmiş. Onu və Zahidi Azərbaycan Respublikası DTX-ə çağırmışlar. Onlar orada bildirmişlər ki, şərikli avtomobil şinləri gətirib gəlir əldə etmişlər. İddiaçı həmin şərikli ticarətə 135700 manat, o və Cavabdeh2 isə birlikdə 120000 manat pul qoymuşlar. Vüqar hər gün onlardan pul istədiyi üçün avtomobil şinlərini dəyər dəyməzinə satıb ona verirmişlər. Buna görə o və Zahid ziyan etmişlər. Satılan avtomobil şinlərindən Vüqar pul qazanırmış. Onlar razılaşıb avtomobil şinlərini və avtomobil yağlarını İddiaçı qalan pulu əvəzində ona vermişlər. Bunu DTX əməkdaşlarının göstərişi ilə etmişlər. Sonra 20-30 gün ərzində Vüqara 14300 manat pul vermişlər. Ümumilikdə onlar İddiaçı 75300 manat pul ödəmiş olmuşlar. Bundan sonra Vüqar onlara dollar kursu ilə bağlı onlarla heç bir söz-söhbət etməyəcəyinə söz vermişdir. O, Vüqarla yaranmış problemlə bağlı keçirdiyi həyəcanlar nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. O, Vüqarın yaratdığı vəziyyətlə əlaqədar banklardan aldığı kreditin ödənişini gecikdirdiyi üçün bank ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda qalıq borcu 40000 manat təşkil edir. O, vaxtında avtomobil şinlərini ucuz qiymətə satmasaymış bu cür şərait yaranmazmış. Nisyə satılmış avtomobil şinlərinin 30000 manata qədər ödənilməmiş pulunu da Zahid və o ödəmək məcburiyyətindədirlər. Bunun da səbəbkarı Vüqardır. Amma Vüqara verdikləri avtomobil şinləri və yağlarını o, sərfəli qiymətə sataraq mənfəət əldə edmişdir. Bundan əlavə o, onlarla hesablaşanda öz payına düşən gəliri də onlarda almışdır. Bütün bunlar azmış kimi İddiaçı onu xalası oğlu ilə hədələyirmiş. Bildirirmiş ki, xalası oğlu qanundan kənar belə işlərin həlli ilə məşğuldur. Bundan sonra İddiaçı ondan və Cavabdeh2 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Onu və Zahidi həmin idarəyə dəvət etmişlər və onlar orada izahat vermişlər. Məlum olmuşdur ki, İddiaçı onlardan manatın dollara nisbətdə kursunun dəyişməsi ilə bağlı yaranmış fərqi istəyir. Orada İddiaçı izah olunmuşdur ki, şərikli mal gətirilib ticarətlə məşğul olmuşlar, verdiyi pulları həm nağd şəkilində, həm də avtomobil şinləri və avtomobil yağları ilə natura formada almışdır. Onu da qeyd etmək istəyir ki, İddiaçı ona nağd şəkildə pul verməyib. O, pulu RF-da fəaliyyət göstərən şirkətin hesabına köçürmüşdür. Onun Vüqara heç bir pul borcu yoxdur. Barələrində Azərbaycan Respublikası DİN-nin Yevlax RPŞ-ə İddiaçı tərəfindən verilən şikayət ərizəsi üzrə əməllərində cinayət tərkibi olmadığına görə 27 yanvar 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Onu da qeyd etmək istəyir ki, İddiaçı ilə aralarında heç bir borc münasibəti olmamışdır. Onlar şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı iddia ərizəsində qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqlarını etiraf etmişdir. Göstərilənlərə əsasən, iddiaç İddiaçı ona qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X6 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, o, Cavabdeh1 ilə birlikdə iddiaçı ilə razılığa gəlmişdir ki, iddiaçı Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətin hesabına pul köçürür, onlar isə avtomobil şinlərinin Azərbaycana gətirilməsini təmin edərək şinləri satacaqmışlar və iddiaçı tərəfindən ödənilmiş pulu 2 ay ərzində ona qaytarıb şinlərin gəlirindən əldə olunan vəsaiti aralarında böləcəkmişlər. Lakin şinlər Azərbaycana gətirildikdən sonra şinlərin satışı nəzərdə tutulan şəkildə olmamışdır. İddia tələbində qeyd edilənin əksinə onların iddiaçıya borcu yoxdur, iddiaçıya verilməli olan pulun bir hissəsi nağd şəkildə, bir hissəsi isə mal şəklində verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Yevlax rayon X5 bölməsinin 27 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından cinayət içinin başlanması rədd edilmişdir. - AMB X10, İnc-in məlumatından görünür ki, iddiaçı tərəfindən 18.11.2014-cü il tarixdə 78256,14 ABŞ dolları, 11.12.2014-cü il tarixdə isə 46505,86 ABŞ dolları ödəniş edilmişdir. - Cavabdeh1 Yevlax rayon X5 bölməsində vermiş olduğu izahatından görünür ki, O, ailəli olmuş və ailəsini dolandırmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı tanıyır. Onunla 2013-cü ilin ortalarında tanış olmuşdur. Bundan sonra Vüqar onun və Zahidin yük avtomobil şinləri ilə məşğul olduqlarını bilərək onlara alıcı tapa biləcəyini demiş, onlar da Vüqarın tanışlarına bir neçə dəfə təkər satıb Vüqarı da satışdan olan gəlirlə maraqlandırmışlar. Vüqar da onlara tez-tez alıcı taparaq gətirib gəlir əldə etmişdir. Bundan sonra onlar Rusiya Federasiyasında olan inflyasiyanı nəzərə alıb Vüqara Rusiya Federasiyasından təkər alıb gətirməyi təklif etmiş, Vüqar da onlarla razılaşmışdır. Vüqar təkər alınması üçün Rusiya Federasiyasında olan şirkətin balansına pul köçürmüş, pul köçürüldükdən sonra təkərlər Bakı şəhərinə gəlmişdir. Təkərlərin bir hissəsi satıldıqdan sonra onlar əldə olunmuş pulları Vüqara vermişlər. 2014-cü ildə inflyasiya ilə əlaqədar bazarda durğunluq yaranmış, inflayasiyadan sonra Vüqar təkərlər üçün Rusiyaya göndərdiyi pulları onlardan istəmiş, onlarda müəyyən qədər pul, yağ və şinləri Vüqara vermişlər. Cavabdeh1 izahatında əlavə olaraq bildirmişdir ki, Vüqarla o və Zahid şərik olmuş, Vüqar təkər alınması üçün Rusiyaya 135700 manat pul köçürmüş, həmin vaxt dolların məzənnəsi 1 dollar = 0,78 manat kimi olmuş, daha sonra dolların məzənnəsi qalxdıqdan sonra Vüqar onlardan dollar hesabı ilə pulunu geri istəmiş, onlar da manat hesabı ilə Vüqara olan borclarını qaytarmışlar. Vüqar müxtəlif orqanlara şikayət etdikdən sonra isə onlar qalan təkırləri də Vüqara vermişlər. Vüqarın Rusiyaya göndərmiş olduğu pulun müqabililində alınmış təkərlərin sayı təxminən 1200 ədədə yaxın olmuş, dollar qalxana yaxın onlar həmin təkərlərin təxminən 200 ədədini sataraq Vüqara cəmi 54000 manat pul vermişlər. - 17.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2014-cü ilin əvvəlində Bakı şəhərində tanış olmuşdur. Cavabdehlər ona Rusiya Federasiyasından topdan şin gətirib satdıqlarını bildirmişlər və ona da təklifetmişlər. O, cavabdehlərin bu təklifi ilə razılaşmışdır və 2014-cü ildə Ukrayna Respublikasından cavabdehlərin şin aldıqları Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürmə yolu ilə 174316 ABŞ dolları pul köçürmüşdür. Cavabdehlər pulunu iki ay müddətinə qaytaracaqlarını və bu işdən onunda xeyrinin olacağını bildirmişlər. Təxminən iki ay sonra cavabdehlərdən bir xəbər çıxmadığından onlarla görüşərək pulunu geri tələb etmişdir. Cavabdeh2 şinləri gətirdiklərini, lakin şinləri paylamadıqlarını, şinləri payladıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Bir neçə ay sonra pulu qaytırılmadığına görə yenidən cavabdehlərlə görüşərək pulunun dərhal ödənilməsini onlardan tələb etmişdir. Cavabdehlər pulun müəyyən hissəsini hissə-hissə ona qaytarsalar da, pulu tam həcmdə qaytarmamışlar. Cavabdehlər onun pulunu ödəmədiklərinə görə onlar barəsində şikayəti ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qeyd olunan ərizəsi əsasında Yevlax rayon X5 Bölməsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 pulunun müəyyən hissəsini ödəmiş, onların ona 53061 ABŞ dolları və 17760 manat borcu qalmışdır. Göründüyü kimi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 manat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı cavabdehlərlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məsqədi ilə şin alınması üçün Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürmə yolu ilə 171160 ABŞ dolları pul köçürmüşdür (iş materiallarına əlavə edilmiş AMB X10, İnc-in məlumatından və iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş sübutlardan görünür ki, onun tərəfindən şirkətin hesabına, 18.11.2014-cü il tarixdə 78256,14 ABŞ dolları, 11.12.2014-cü il tarixdə 46505,86 ABŞ dolları və 46398 ABŞ dolları olmaqla, cəmi 171160 ABŞ dolları pul köçürülmüşdür). Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş pulun məbləği 171160 ABŞ dolları hesab edilməlidir. Tərəflər arasında olan razılığa əsasən cavabdehlər iddiaçı tərəfindən ödənilmiş pulu 2 aya qaytaracaqlarına dair öhdəlik götürmüşlər. İddiaçı iddia tələbində qeyd etmişdir ki, həmin pul üzrə cavabdeh tərəfdən ödənişlər edilmişdir. Belə ki, iş materiallarında olan və iddiaçı və cavabdehlər tərəfindən təqdim edilmiş yazılı məlumatlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya borca görə nağd şəkildə 54300 manat ödəniş edilmişdir. Həmçinin borcun bir qismi də mal olaraq verilmişdir ki, cavabdehlər iddiaçıya verilmiş təkərlərin dəyərini 22300 manat kimi göstərdə də, iddiaçı bunu ümumilikdə 47050 (12650+6400+28000) manat kimi göstərdiyindən, məhkəmə iddiaçının mövqeyindən yanaşaraq təkərin əvəzi kimi cavabdehlər tərəfindən 47050 manat ödənildiyini qəbul edir. Həmçinin cavabdehlər tərəfindən iddiaçıya maşın yağı da verilmişdir ki, cavabdeh tərəf yağın dəyərini 26628 manat, iddiaçı isə 25968 manat kimi göstərmişdir. Məhkəmə hesab edir ki, yağın dəyəri 25968 manat kimi müəyyən edilməlidir. Cavabdeh tərəf yağın dəyərinin məhz 26628 manat kimi müəyyən edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ümumilikdə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 171160 ABŞ dolları məbləğindən cavabdeh tərəfindən 54300 manat nağd şəkildə, 73018 (47050 manat təkər üçün və 25968 manat yağ üçün) manat isə mal şəklində, cəmi 127318 manat, yəni 121255 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda isə 49905 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərlə birlikdə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürülmüş 171160 ABŞ dolları məbləğində pulun iddiaçıya geri qaytarılmamış 49905 ABŞ dolları məbləğində hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ikinci, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 15918 ABŞ dolları məbləğində faiz məbləğinin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. MPM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında razılaşmaya əsasən cavabdeh tərəf iddiaçının ödəmiş olduğu pulu 2 aya, 2015-ci ilin yanvar ayına qaytaracaqlarını bildirsələr də, hazırkı vaxta kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında götürdüyü öhdəliklərə əməl etməmiş, iddiaçıya olan borcunu vaxtında ödəməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən hissədə iddia qaldırmaqda haqlıdır. Belə ki, cavabdehlər 2 aya iddiaçıya olan borclarını qaytaracaqlarını bildirsələr də, buna əməl etməmiş və bu səbəbdən iddiaçı 25 sentyabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəticədə cavabdehlər məhkəmədə iddia qaldırılan tarixə borclarını 5 il 8 ay gecikdirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən 49905 ABŞ dolları məbləğində ödənilməmiş borcdan illik 5 faiz hesablanmaqla 14111,45 ABŞ dolları məbləğində faiz tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlərdən 17760 manat məbləğdə pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində göstərmişdir ki, o, cavabdehlərlə birlikdə göstərdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 17760 manat haqq, qazanc əldə etməli imiş, lakin cavabdehlər borcla birlikdə razılaşdırılmış qazanc məbləğini də ona qaytarmamışlar. Məhkəmə qeyd edilənlərə münasibətdə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamış, o, göstərilən sahiblarlıq fəaliyyəti nəticəsində məhz bu qədər gəlir əldə edəcəyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 49805 ABŞ dolları əsas, 14111,45 ABŞ dolları faiz borcu, cəmi 63916,45 ABŞ dolları borc müştərək qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7,90 manatı iddiaçıya, 22,10 manatı isə cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 49805 ABŞ dolları əsas, 14111,45 ABŞ dolları faiz borcu, cəmi 63916,45 ABŞ dolları borc və dövlət rüsumu olaraq ödənilmiş 22,10 AZN məbləğində pul müştərək qaydada tutulsun. Ödənilmiş dövlət rüsumunun 7,90 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-589/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-589/2021
26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver