Məhkəmə qərarları › İş №2(007)-622/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-622/2022

30.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-622/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə tanışlıqları 2020-ci ilin noyabr ayında olmuşdur. Cavabdeh onun qızına elçi gəlmiş və qohum olmuşlar. Qohum olmalarından qısa müddət keçdikdən sonra cavabdeh 09 yanvar 2021-ci il tarixdə zəng vuraraq bir aylıq 1000 (min) manat pul lazım olduğunu ona demişdir. Səbəbini isə işlədiyi müəssisədə (Bakı Slavyan Universitetində) işçilərin ixtisar olunması və siyahıda onun da adının olması kimi bildirmişdir və ona demişdir ki, “hörmət” olunarsa, adı siyahıdan silinəcək. Cavabdeh 1000 manat pulu 10 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində gəlib ondan götürmüşdür. Bundan heç bir ay keçməmiş yenə qızından 200 manat istəmişdir. Yenə qısa müddət keçdikdən sonra 3000-4000 manat pul lazım olması barədə qızı ilə (gələcək gəlini ilə) xəbər göndərmişdir. Artıq cavabdehin niyyəti ona məlum olmuşdur. Hələ apardığı 1000 manatı qaytarmamış hansı üzlə pul istəməsi məlum olmamışdır. Nəyahət, 03 iyul 2021-ci il tarixdə cavabdeh həyat yoldaşı Babayev Yaşarla birlikdə onun evinə gələrək 3000-4000 manat pul istəmişlər. O, həmin şəxslərə bildirmişdir ki, “Özümdə yoxdur. Qohumlardan, dostlardan soruşaram. Olsa, xəbər edərəm gəlib apararsınız”. İki gündən sonra 05 iyul 2021-ci il tarixdə cavabdeh ona zəng edib pul tapıbtapmadığını soruşmuşdur. O, “pul yoxdur” deyə cavab verdikdən sonra isə ona səsinin tonunu qaldırmağa başlamış və bundan sonra telefonu üzümə qapatmışdır. O, zəng vurub həyat yoldaşına onun hərəkətləri barədə məlumat vermişdir. Beləliklə, aralarındakı münasibətlər pozulmuşdur, qızı isə belə bir ailədə gəlin olmaqdan imtina etmişdir. Bundan sonra bir neçə dəfə cavabdehin həyat yoldaşına zəng vurub borcu (yəni, yanvar ayında 1 aylıq götürülmüş 1000 manatı) qaytarmalarını tələb etsə də, cavabdeh hər dəfə bəhanələrlə vaxtı uzatmışdır. Sonda isə “get ver məhkəməyə” deyə ona cavab vermişdir. Sonuncu dəfə 20 dekabr 2021-ci il tarixində o, cavabdehə bir daha zəng vuraraq borcu nə vaxt qaytaracağını soruşduqda, o, cavabında “Hələ imkanım yoxdur, olanda qaytaracam” deyə cavab vermişdir. Yenə də hər dəfə olduğu kimi cavabdeh bəhanə gətirərək vaxtı uzatmağa çalışır. O, belə qənaətə gəlmişdir ki, cavabdeh pulu qaytarmaq fikrində deyil. Buna görə də, Cavabdeh 1000 manat borc pul vəsaitinin və həmin pul vəsaitinin 1 illik bank faizinin (təxminən 200 manat), eləcə də, məhkəmə xərcləri-50 manat (30 manat dövlət rüsumu, 20 manat MAPS arayışı üçün) olmaqla, ümumilikdə 1250 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında bildirmişdir ki, o, iddia ərizəsində qeyd edildiyi kimi iddiaçıdan 1000 manat borca pul götürmüşdür, bunu etiraf edir, iddianı məhz həmin hissədə qəbul edir. İddia tələbinin götürülmüş pulun 1 illik bank faizinin qaytarılması və məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsi ilə razı deyil, iddianı həmin hissədə qəbul etmir. Buna görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-yə məxsus 16 dekabr 2021-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına xidmət haqqı (MAPS arayışın alınması) qismində 20 manat məbləğində pul ödənilmişdir. - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun 17 dekabr 2021-ci il tarixli, 43 nömrəli məktubundan görünür ki, həmin tarixdə vəkil Könül İsgəndərli tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinə sorğu ilə müraciət edilərək, Cavabdeh harada qeydiyyatda olması barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. - 23 dekabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 iddia ərizəsinin verilməsi üçün 32.60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X2 10 yanvar 2021-ci il tarixdə Cavabdeh 1000 manat borc pul vermişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borcunu qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh məhkəmə iclasında 1000 manat pulu iddiaçıdan aldığını və borcun qaytarılması öhdəliyini yerinə yetirmədiyini etiraf etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, iddiaçı X2 ilə Cavabdeh arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehin xahişi ilə, iddiaçı 10 yanvar 2021-ci il tarixdə cavabdehə nağd olaraq 1000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almış və qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış müddət başa çatdıqdan sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcu qaytarmamış və borc verənin borcun qaytarması tələbini icra etməyərək, müəyyən olunmuş müddət ərzində öhdəliyinə əməl etməmişdir. Cavabdeh borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia həmin hissədə təmin edilməlidir. Bu zaman məhkəmə, cavabdehin məhkəmədə verdiyi izahatında iddiaçıdan 1000 manat pul aldığı barədə izahatını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbləri baxımından, cavabdehin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Həmin maddənin tələbinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə xərcləri-50 manat (30 manat dövlət rüsumu, 20 manat MAPS arayışı üçün) tutulması tələb olunan hissəsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla təsdiq olunduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-yə məxsus 16 dekabr 2021-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına xidmət haqqı qismində 20 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda Bakı şəhəri 34 saylı Vəkil Bürosunun 17 dekabr 2021-ci il tarixli, 43 nömrəli məktubundan görünür ki, həmin tarixdə vəkil Könül İsgəndərli tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinə sorğu ilə müraciət edilərək, Cavabdeh harada qeydiyyatda olması barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Həmçinin 23 dekabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 iddia ərizəsinin verilməsi üçün 32.60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinin “cavabdehə verilmiş 1000 manat borc məbləğinin 1 illik bank faizinin (təxminən 200 manat) tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddianın həmin hissəsini əsassız sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı borc olaraq verdiyi 1000 manat pul vəsaitindən istər cavabdehin hansı formada faydalanmasını təsdiq edən sübutlarını, istərsə də həmin pul vəsaitini cavabdehə verməyəcəyi təqdirdə özünün həmin vəsaitdən hansısa formada faydalana biləcəyinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə borc olaraq verdiyi pul vəsaitinin 1 illik bank uçot dərəcəsini nəzərə alaraq həmin pul vəsaitinin ona ödənilməsi barədə xahişinin əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 (min) manat məbləğində borc, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın alınması üçün ödənilmiş 20 manat və 30 manat dövlət rüsumu tutularaq, X1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində borc, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın alınması üçün ödənilmiş 20 manat və 30 manat dövlət rüsumu tutularaq, X1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar