Məhkəmə qərarları › İş №2(007)-634/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-634/2022

29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-634/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 3 ünvanında yerləşən işıq təchizatı üzrə **********350003 saylı abonent kodu verilən yaşayış mənzili onun mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun mənzili üçün əsassız olaraq külli miqdarda borc yazmışlar. Belə ki, guya o, ümumilikdə 500 manat dəyərində işıqdan qanunsuz istifadə etmişdir. Ona heç bir xəbərdarlıq edilmədən cavabdeh təşkilat onun mənzilinə 113996 saylı akt tərtib edərək guya onun mənzilə verilən işıqdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etməyini qeyd ediblər. Buna görə ona 500 manat borc hesablanmışdır. O, həmin akt tərtib ediləndə iştirakçısı olmamışdır. Bu dolayı yolnan ona “dövlətin işığını oğurlamısan” iftirasını yaxmaqdır ki, bu nə onun yaşına yaraşmaz, iftira edənlər isə dövlət tərəfindən cəzalanmalıdır. Onun bu qədər işıqdan istifadə etməsi sadə məntiqlə uyğun gəlmir. Hesab edir ki, bu akt saxtadır və ləğv edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bu cür əməkdaşları özlərinin hesabatlarını bərpa etmək məqsədilə onun kimi sadə vətəndaşların üzərinə bu cür borclar yazırlar ki, guya itkinin əsas səbəbi sadə vətəndaşlar tərəfindən oğurlanan işıqdır. Buna görə də, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq yazılmış 500 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 2010-cu ildən o, heç yerdə işləmir. Atası Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayır. Onun evində heç bir kənar xətt olmayıb. 2021-ci ilin noyabr ayında "xxxx" ASC-nin əməkdaşları gəlib elektrik xətlərini bərpa ediblər. Atası əməliyyat olunduğundan və anası rəhmətə getdiyindən məhkəməyə gec müraciət edə bilmişdir. "xxxx" ASC-də ona 400 manat cərimə borcunun olduğu deyilmişdir. Onun adına olan saldoda, aktda və bildirişdə "xxxx" ASC ünvanı R.Rüstəmov küçəsi, ev 135, mənzil 3 kimi qeyd edib. Oun ünvanı ünvan 1asını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 verdiyi izahatında bildirdi ki, o, iddia ərizəsi ilə tanış olmuşdur. Aktdan görünür ki, kənar xətt aşkar olunmuşdur. Həmin akta görə 292 manat 68 qəpik borc var. Qalan borc isə sərfiyyata görə yaranan borcdur. İddiaçının təqdim etdiyi qəbzdə köhnə borclar yığılıb. Kənar xətlər qoşulandan sonra sərfiyyat artıb. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 05 yanvar 2009-cu il tarixli, R 113996 saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğacın yoxlanması zamanı elektrik sayğacından mənzilə kənar xəttin daxil olduğu müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. -"xxxx" ASC-nin 02 may 2017-ci il tarixli bildirişindən görünür ki, R.Rüstəmov küçəsi, ev 135, mənzil 3 ünvanında **********350003 abunə kodu üzrə abonent İddiaçı 500 manat borc hesablanmışdır. - Abonentin saldosundan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 500,44 manat məbləğində borcu vardır. Qeyd olunan borcun 292,68 manatı sayğacdan kənar istifadəyə görə, qalan borc isə enerji sərfiyyatına görə yaranmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən 05 yanvar 2009-cu il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 3 ünvanında elektrik sayğacına müdaxilə olunması barədə akt tərtib edilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. 02 may 2017-ci il tarixdə isə ödəniləcək məbləğin 500 manat olması barədə iddiaçının ünvanına xəbərdarlıq bildirişi göndərilmişdir. Aktın tərtib edilməsi barədə iddiaçının məlumatı olmamışdır. Hazırda iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Qeyd olunan iş üzrə sübutetmə yükü "xxxx" ASC-nin üzərinə düşür. Buna baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. O cümlədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R № 113996 saylı aktdan da göründüyü kimi, akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində nəzərdə tutulmuş qaydada mənzil sahibinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Bu hal isə həmin aktın ləğvi üçün əsasdır. Hansı ki, məhkəmə iclasında iddiaçı da akt tərtib edildiyi zaman məlumatının olmadığını, məlum hadisədən sonradan xəbərləri olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, cavabdeh orqan aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 05 yanvar 2009cu il tarixli R 113996 nömrəli akt etibarsız hesab edilməli və əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra sayğacdan kənar işlədicilərin olması əsası ilə 292.68 manat borc hesablanmış, qalan məbləğlər isə enerji sərfiyyatı üçün hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 292.68 manat borc silinməlidir, enerji sərfiyyatına görə hesablanmış borcun silinməsi üçün isə əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 05 yanvar 2009-cu il tarixli R 113996 saylı akt etibarsız hesab edilməli, İddiaçı **********350003 abonent kodu üzrə hesablanmış 292,68 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 05 yanvar 2009cu il tarixli R 113996 saylı akt etibarsız hesab edilsin və İddiaçı **********350003 abonent kodu üzrə hesablanmış 292,68 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar