Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-678/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə iddia icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi badədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 mülkiyyəıində olan Bakı şəhəri Nizami rayonu B.Çobanzadə ünvanda yerləşən köhnə yaşayış binasında 46.31 kv.m sahəsi olan 8 saylı mənzilinin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə. M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (46,31+9,26=55,57 kv.m) təmirli mənzil, cavabdeh X3 mülkiyyəıində olan Bakı şəhəri Nizami rayonu B.Çobanzadə ünvanda yerləşən köhnə yaşayış binasında 46.31 kv.m sahəsi olan 12 saylı mənzilinin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz, artıq sahəsi olan (46,31+9,26=55,57 kv.m) təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 400 manat kirayə haqqı ödənilməsi və cavabdehlərin söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədi ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Apreli 2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmişdir. ünvan 2 ünvandakı iki mərtəbəli 12 mənzilli binadakı 46,31 kv.m sahəsi olan ikiotaqlı 8 saylı və 46,31 kv.m sahəsi olan ikiotaqlı 12 saylı mənzillər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. İddiaçı MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı ünvan 2 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. ünvan 3 ünvanda yerləşən on iki mənzilli yaşayış binası 20-ci əsrin 50ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəldir, o, hər an uça və bədbəxt hadsələr törədə bilər. Bu barədə 16 Fevral 2016-cı il tarixli akt tərtib edilib. Bundan başqa cavabdehlərin Bəkir Çobanzadə küçəsi 7 ünvanda Cavabdeh1 48 kv.m, Cavabdeh2 50 kv.m qanunsuz tikililəri mövcuddur. 12 mənzilli binanın 8 saylı mənzilinin sakinləri ilə qəzalı vəziyyətdə olan evdən köçrülmələri barədə razılığa gəlinib. Lakin cavabdehlər əsassız varalanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edir. İddiaçı Cavabdeh1 46,31 kv.m sahəsi olan ikiotaqlı mənzilinin əvəvzinə həmin ünvanda yeni tikilən binada 74,51 kv.m. sahəsi olan ikiotaqlı mənzil və Cavabdeh2 46,31 kv.m sahəsi olan ikiotaqlı mənzilinin əvəvzinə həmin ünvanda yeni tikilən binada 74,54 kv.m. sahəsi olan ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh1 isə əsassız varlanmaq məqsədilə, 46,31 kv.m sahəsi olan mənzilinin əvəzinə bir ədəd 115,19 kv.m sahəsi olan təmirli, üçotaqlı və bir ədəd 47,0 kv.m sahəsi olan birotaqlı təmirli mənzillər tələb edir. Cavabdeh2 da əsassız varlanmaq məqsədilə, 46,31 kv.m sahəsi olan ikiotaqlı mənzilinin əvəzinə bir ədəd 116,0 kv.m sahəsi olan üçotaqlı və bir ədəd 66,9 kv.m sahəsi olan ikiotaqlı mənzillər tələb edir. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olurlar. Nəticədə isə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 161 saylı sərəncamın icrası və tikinti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci, 43.2.1-43.2.3-cü, 44.3-cü, 45.1-ci maddələrinin tələblərini və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsinin nəzərdə tutulmasını əsas gətirərək iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, cavabdehlərin uzun müddət ərzində razılığa gəlməməsi, MTK tərəfindən üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsi, digər vətandaşların vaxtında yeni mənzillərlə təmin oluna bilməməsi və nəticədə onlar tərəfindən kirayə haqlarının ödənilməsi üçün əlavə vəsait ödəmələrinə şərait yaradır. Ona görə də həmin şəxlərə qarşı məhkəmədə belə bir iddia qaldırmışlar. Cavabdeh Elmanın istifadə etdiyi həyətdə daxil olmaqla torpaq sahəsinə görə MTK icrarə pulu ödəyir. cavabdeh Elman 2 ədəd 92 kvadrat isdəyir buda 184 kvadrat metr edir ki, şirkətin bu qədər sahəni onlara verə bilmir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin o bildirdi ki, onların binası qəzalı vəziyyətdə deyildir. O, mənzilindən narazı deyildir. O, onun 46,37 kvadrat metrin mənzilin, 18 kvadrat metrin artırmanın, 39 kvadrat metr zirzəminin və 1 sotdan çox həyatyanı sahəsinin olduğunu, evinin parketli təmirli ev olduğunu, orada rahat yaşadığını, MTK-nın evləri evin içindən, öz verəcəklərini isə çöldən-çölə ölçdüklərini, həmin artırmaya xərc çəkdiyini və həmin artırmaların nəzərə alınmalı olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, MTK tikinti işləri apardığı üçün həmin bina yaşanmaz hala düşmüşüdür. Mənzillərinin əvəzinə 91.67 kv.m sahəsi üçotaqlı, 76.70 kv.m sahəsi olan ikiotaqlı təmirsiz mənzillər istəmiş, hətta əlavə olaraq MTK-ya 10.000 manat verə biləcəyini də təklif etmişdir. Lakin onlar arasında razılıq əldə olunmamışdır. Məhkəmənin iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini, Qarabağ qazisi olduğunu bildirdi. O, qeyd etdi ki, Cənab Prezidentin sərəncamında göstərilir ki, mülk sahibləri ilə razılaşdırılmalıdir. Guya 2014-cü il tarixdə onların binasının yararsız olması ilə bağlı akt imzalanıb, həmin aktdan onların xəbəri olmamışdır. Bundan başqa 2018-ci il tarixdə o, evinə 50000 manat xərc çəkərək təmir etmiş, əgər binanın yararsız olduğunu bilsəydi xərc çəkməzdi. Onun mənzili 50.15 kvadrat sənəddədir. 50 kvadrat metr isə artırmadı. O, bir 106 kvadrat, bir də 60 kv.m2 remontsuz mənzil istəyir. O, evini artırdığını, təmir etdiyini, rahat yaşadığını, evinii satmaq istəmədiyini, əgər iddiaçı istəyirsə onunla razılaşmalı olduqlarını, narazı sakinlərin çox olduğunu bildirdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli, 161 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın 04.03.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, İddiaçı MTK-ya həvalə olunmuşdur. - 120 saylı MKİS tərəfindən verilmiş 12.10.2020-ci il tarixli, 528 nömrəli arayışdan görünür ki, ünvan 2 saylı evin, 12 nömrəli mənzilin sahibi Cavabdeh2dır. Mənzilin ümumi sahəsi 48,0 kv.m2-dir - 120 saylı MKİS tərəfindən verilmiş 12.10.2020-ci il tarixli, 529 nömrəli arayışdan görünür ki, ünvan 2 saylı evin, 8 nömrəli mənzilin sahibi Cavabdeh1dur. Mənzilin ümumi sahəsi 42,2 kv.m2-dir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 28.01.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - ünvan 2 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 11.02.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsas Təmir və Tikinti şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, «Bakımənzilkommunlayihə» Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətikintilayihə» Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasəti şöbəsinin müdir müavini B.Rzayev, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Q.Məmmədov, Nizami rayon MKTD-nin 1 №-li Xüsusi Təyinatlı MKTB-nin rəisi E.Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli, 17/17/5185- 12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixi 161 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilməsi və baxış zamanı binanın 1960-cı ildə inşa olunması, iki mərtəbəli 12 mənzildən ibarət olması, binanın bünövrəsinin lentvari dəmir betondan olması, divarların bəzi hissələrində çatların olması, pilləkənlərin qəfəs hissələrində yükdaşıyıcı konstruksiyada aşınmaların olması, eyvanların, karniz elementlərinin qəzalı vəziyyətdə olması halları nəzərə alınaraq bütövlükdə binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilməsi qeyd edlmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 138554 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 5 saylı evin 40,1 kvadrat metr ümumi sahəsindən ibarət 2 otaqlı, 8 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 11.01.2003-cü il tarixdən qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25.02.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinin 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərarın 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən, Bakı şəhəri Nizami Rayon İcra hakimiyyətinin mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün ümumi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını həyata keçirməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, 25 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonlarında, o cümlədən Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerinə müasir tələblərə uyğun yenilərinin tikilməsini və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını qərara almışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin sahəsinə 20 faiz əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün hər birinə 400 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarında olan ünvan 5 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 11.02.2016-cı il tarixli aktdan da görünür ki, bütövlükdə həmin binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlər tərəfindən də məhkəmə prosesi zamanı mənzillərinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzillərin sahəsində mübahisələrinin olması bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MTK-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MTK tərəfindən ərazidə yerləşən sahələrinin yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 20 faiz artıq sahəsi olan mənzillər, habelə mənzillər hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MTK ilə razılaşmamaları onların hüquqdan suiistifadə etmələri kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzillərə görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə suiistifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 46,31 kv.m sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməli, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilməli, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 50,5 kv.m sahə təşkil edən 12 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməli, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edisin. Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 46,31 kv.m sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilsin. Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 50,5 kv.m sahə təşkil edən 12 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-678/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-678/2021
29.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver