Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-684/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh1 pula ehtiyacı olduğunu, lambarddan pul götürmək istədiyini, lakin lambardın qızıl istədiyini və onun əvəzində borc pul verəcəyini söyləmişdir. Ailənin pula ehtiyacı olmuşdur. Ona görə də köməklik etmək məqəsdi ilə o, qızıllarını Cavabdeh1 vermişdir ki, lambarda qoyub borc pul götürsün. Ona görə də Cavabdeh1 dövlət olmayan kredit təşkilatının direktoru X3 ilə xx.xx.2008-ci il tarixdə (borc) 019009 saylı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsi əsasında Cavabdeh1 6000 manat məbləğində kredit verilmişdir. Qiymətləndirmə aktı əsasında ona məxsus olan bir üzük, 5.750 əyarlı, 5.4 qram bir kolye-750 əyarlı, 49 qram bir qolbağ-750 əyyar, 17.1 qram bir qolbaq - 750 əyar, 11,6 qram üç üzük-750 əyyar, 39,2 qram bir cüt sırğa -750 əyyar, 8.5 qr bir cüt sırğa-750 əyyar, 16,6 qram olmaqla cəmi 149 qram qızıl girova qoyulmuşdur. Cavabdeh1 lambarda qızılları qoyandan sonra lambard ona 6000 manat pul vermişdir. O, hər ay Fəxrəddinin imkanı olmadığı üçün lambardın faizlərini Fəxrəddinin adından ödəmişdir. O, faizlə birgə əsas puldan 4000 manat ödəmişdir. Yerdə qalan 2000 manat pulun faizini ödəmək imkanı olmamışdır. Fəxrəddin isə 6000 pulu almış bir dəfə də olsun nə faiz, nə də əsas puldan ödəməmişdir. Cavabdeh Əliyev Əli ona faizi vermədiyi təqdirdə qızıl-zinət əşyalarının satılacağını şifahi olaraq bildirmişdir. Lakin cavabdeh tərəfindən yazılı şəkildə xəbərdarlıq edilməmişdir. Fəxrəddin isə qızıllarının pulunu alandan sonra ortalıqda görünməmişdir. O, nə pulun faizini, nə də əsas pulu qaytarmamışdır. Hətta onun qızıllarının çıxarılmasına dair Əliyevlə danışsınlar aparmamışdır. Baxmayaraq ki, X4 ilə kredit müqaviləni o bağlamış və 6000 manat pulu götürmüşdür. Lambard tərəfindən isə ona bildirirlir ki, öhdəliyi icra etmədiyi təqdirdə girov əşyalar satılacaq, öhdəliyə yönəldiləcəkdir. O, dəfələrlə Əliyev Əliyev yerdə qalan 2000 manat pulu ödəmək istədiyini və qızıllarının alınmasını bildirmişdir. X1 məhəl qoymamışdır və bildirmişdir ki, qızılları satılacaq. Cavabdeh tərəfindən müqavilənin şərtləri kobud surətdə pozulmuşdur. Tərəfindən girova qoyulmuş əşyalar tam şəkildə geri qaytarılmalı və girova xitam verilməlidir. Cavabdeh tərəf qanunvericiliyin tələblərini pozaraq borcun qalmadığı öhdəliyin tərəfindən yerinə yetirilməsinə baxmayaraq saxlanca verilmiş əşyaları tam şəkildə mənimsəmək məqsədi güdür. Göstərilənlərə əsasən, Cavabdeh1 ilə dövlət olmayan kredit təşkilatının direktoru X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit və girov müqaviləsinin ləğv edilməsi, girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2018-ci ildə lombard fəaliyyəti ilə və yaxud kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O vaxtdan vergi ödəyicisidir, dövlətə pul ödəyir. Bir işçisi də var, qeydiyyatdadır. DSNF-da pul ödəyir. Həmkəndlisi Cavabdeh1 özünə məxsus qızıllarını gətirib, girov müvabilində 6000 (altı min) manat pul götürmüşdür. Təxminən 3-4 ay faiz ödəmişdir, sonra 3-4 il faiz ödəməmişdir, dəfələrlə bildirsə də ödəmə imkanının olmadığını bildirmiş və gəlmiş imkanının olmadığını yazılı surətdə bildirmişdir. Qızılların satılıb, borcdan tam həcimdə bağlanmasını və aralarında bağlanmış 019009 girov biletli müqavilənin ləğv edilməsini xahiş etmişdir, o da razılaşmışdır. Hər ikisinin iştirakı ilə müqaviləyə xitam verib, ləğv etmişdir. Onların arasında olan heçbir borc qalmamışdır. Bir müddət sonra ona tanımadığı bir xanımdan zəng gələrək S.Fəxrəddin adında olan qızılların ona məxsus olduğu bildirmişdir. O isə ona bildirmişdir ki, onu tanımır, ona qızıl verməmişdir. Ondan pul götürməmişdir, ona pul ödəməmişdir və onu tanımır. Müqavilə o, Ə.Əli Əsgər oğlu və S.Fəxrəddin Fərəməz oğlu arasında bağlanmışdır, xanım onu tez- tez narahat etmişdir və onu qadın olması ilə hədələmişdir. Polis Orqanlarında əsassız tələblər etmişdir, yəni onu faiz pulu ödəməyi, onun qızıllarını alıb versin kimi ifadələr işlətmişdir. Onu xanımın şərindən qorumaq üçün lazımlı köməkli göstərilməsini xahiş edir. Onun barəsində qaldırılmış şər-böhtan xarakterli iddianı tam əsassız olduğundan rədd edilməsini xahiş edir. O tələbi qəbul etmirə və bundan sonra da qəbul etməyəcək, iddia mülki tələb 3 ilədək etibarlı ola bilər. İnanır ki, ədalət öz yerini tapacaqdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, pandemiya vaxtında Tamilla xanımgildə sürücü işləmişdir. Təxmini 6-7 sürücü kimi işləmişdir. İddiaçının kimlərəsə borcu olduğu üçün ona müraciət etmişdir. O da Əliyə müraciət etmişdir. Onun yoldaşı da iddiaçının evində xadimə işləmişdir. Yoldaşının boyunbağını və əlavə olaraq iddiaçı özü qızıllarını lombarda qoyaraq pul almışlar. Sonra əlinə pul keçən zaman onun yoldaşının boyunbağını qaytarmışdır. Onun qızılları isə lombardda qalmışdır. Həmin müddətdə isə Əli onları satışa çıxara bilərmiş, amma onlara hörmət etmişdir. Sonra o, yola getməyib işdən çıxmış, amma yoldaşı orada qalmış, yaxın zamanda o da işdən çıxmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, guya o, qızılları toya taxmaq üçün yoldaşına vermiş, o da pula ehtiyacı olduğu üçün satmışdır. Bunların hamısı şərdir. Yaxın zamanlarda iddiaçının bacısı rəhmərə getmişdir, o, yasda iştirak etmişdir. Yoldaşı və oğlu ilə də danışmışdır. İndi ailəsinin içindədir. Təmir işi ilə məşğul olur, iş olan zaman çağırırlar. İddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmənin əvvəlki iclasında cavabdeh X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçını tanımır, eyni zamanda tələb üzrə iddia müddəti də ötürülmüşdür. O, özü iddiaçıdan şikayət edir, iddiaçı ona zəng edərək onu, kəndini təhqir etmişdir. Fəxrəddinin arvadı iddiaçının evində qulluqçu işləmişdir. Biri deyir qızılları oğurlamışdır, biri deyir toya taxmaq üçün verilmişdir. Bu barədə cinayət işinin rədd edilməsi barədə 3 dəfə qərar qəbul edilmişdir. İddia əsassız olduğundan mahiyyəti üzrə baxılaraq rədd edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - 01 ədəd fotoşəkil surətində, 03 ədəd üzük, 01 ədəd qolbağı, 01 ədəd boyunbağı əks edilmişdir. - 019009 nömrəli girov biletindən görünür ki, xx.xx.2018-ci il tarixdə girovverən Cavabdeh1 6000 manat qiymət qarşılığında, 5.4 qr üzük, 49.9 qr kolye, 17.4 qr qolbağı, 11.6 qr qolbağı, 39 .2 qr 3 ədəd üzük, 8.5 qr bir cür sırğa,16.6 qr bir cüt sırğanı lombard VÖEN ********** X2 girov vermişdir. - 26.11.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 280.1-ci maddəsinə əsasən, girov müqaviləsi yazılı formada bağlanmalıdır. 294.1.4-cü maddəsinə əsasən, tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda girova xitam verilir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 302.1-ci maddəsinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 302.2-ci maddəsinə əsasən, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.3-cü maddəsinə əsasən, saxlanca qoyulan əşyalar lombarda verilir. 302.4-cü maddəsinə əsasən, lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. 302.5-ci maddəsinə əsasən, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. 302.6-cı maddəsinə əsasən, lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. 302.7-ci maddəsinə əsasən, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Hazırda İddiaçı cavabdehlər X3 və Cavabdeh1 arasında bağlanmış girov müqaviləsinin ləğv edilməsini və və girov qoyulmuş qızıl zinət əşyalarının qaytarılmasını xahiş edir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus qızılların girov qoyulduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı müqavilənin bağlanması halı sübuta yetirilməmişdir, iddiaçı tərəf də bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi girov biletinə münasibətdə qeyd edir ki, həmin girov biletinə nəzər yetirdikdə girovverən qismində “Cavabdeh1”, lombard qismində “X3” qeydi aparılmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 6000 manat qarşılığında müxtəlif qızıl-zinət əşyalarını girov qoymuş və bu girov bileti ilə rəsmiləşdirilmişdir. Lakin Cavabdeh1-girovoyan öhdəliklərini icra etmədiyindən girov predmeti X3 tərəfindən satılmışdır. Məhkəmə iclasında cavabdeh X3 izahatında iddiaçının tanımadığını və Cavabdeh1 ilə müqavilə bağladığını bildirmiş, digər Cavabdeh1 isə iddiaçının pula ehtiyacı olduğundan, öz həyat yoldaşına məxsus boyunbağını və iddiaçıya məxsus qızılları lombarda girov qoyaraq götürdüyü pulu ona verdiyini bildirmişdir. İddiaçı isə iddia ərizəsində Cavabdeh1 pula ehtiyacı olduğundan, özünə məxsus qızılları lombarda qoyub pul götürməsi üçün ona verdiyini, habelə Fəxrəddinin imkanı olmadığından 4000 manat pulu özünün Fəxrəddinin əvəzinə ödədiyini, lakin imkanı çatmadığı üçün yerdə qalan pulu ödəyə bilmədiyini qeyd etmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dаir iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-684/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-684/2025
10.03.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver