Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3552/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Əli Əliyev və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-684/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh Əli Əliyev (kredit verən) ilə Cavabdeh1 (kredit alanın) arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanıb, 6.000 manat kredit verilib. 2.Kreditin qaytarılmasının təminatı kimi qızıl-zinət əşyaları girov qoyulub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 300.0.2-ci maddəsinə görə, əşyanın lombardda girovu girovun növlərindən biridir. xx.xx.2013-ci ildə cavabdeh Əli Əliyev (lombard) ilə Cavabdeh1 (girov qoyan) arasında “əşyanın lombardda girovu haqqında” müqavilə bağlanıb. Girov müqaviləsi lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilib (iş v. 4). Belə ki, Mülki Məcəllənin 302.2-ci maddəsinə görə, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 3.Cavabdeh1 bildirir ki, krediti qaytara bilmədiyinə görə, qızıl-zinət əşyalarının satılmasına etiraz etməyib. O, bunu yazılı formada cavabdeh Əli Əliyevə bildirib (iş v. 20, arxa səhifə). Cavabdeh Əli Əliyev də bunu məhkəməyə ünvanladığı ərizə ilə təsdiq edib (iş v. 19). Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, cavabdehlərin arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit və girov müqaviləsi ləğv edilsin və girov qoyulmuş qızıl-zinət əşyaları iddiaçıya qaytarılsın. 5.İddiaçı həmin tələbi belə əsaslandırıb ki, girov qoyulmuş qızıl-zinət əşyaları özünə məxsusdur, tanısı - Cavabdeh1 ona müraciət edərək bildirmişdir ki, pula ehtiyacı var, lombarddan pul götürmək istəyir, lakin lombard bunun müqabilində qızıl əşyalarının girov qoyulmasını istəyir. Cavabdeh1 kömək etmək məqsədilə qızıl-zinət əşyalarını ona vermişdir ki, lombarda girov qoyub pul götürə bilsin. Fəxrəddinin imkanı olmadığı üçün hər ay lombardın faizlərini Fəxrəddinin adından özü ödəyib, özü faizlə birlikdə əsas puldan 4.000 manat ödəyib, qalan 2.000 manatın faizini ödəmək imkanı olmayıb. Fəxrəddin 6.000 manat pulu almış, lakin bir dəfə olsun faiz və ya əsas borcdan ödəniş etməmişdir. Cavabdeh Əli Əliyev faiz ödəməyəcəyi təqdirdə, qızıl-zinət əşyalarını satacağını şifahi olaraq ona bildirmiş, lakin yazılı şəkildə xəbərdar etməmişdir. O, dəfələrlə Əli Əliyevə qalan 2.000 manat pulu ödəmək və qızıllarını geri almaq istədiyini bildirmiş, lakin Əli Əliyev onun sözlərinə məhəl qoymamış, qızılların satılacağını bildirmişdir. 6.Cavabdeh Əli Əliyev iddia tələbinə etiraz edib, etirazını belə əsaslandırıb ki, həmkəndlisi Cavabdeh1 özünə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq 6.000 manat pul götürüb, 3-4 ay faiz ödəyib, sonra 3-4 il faiz ödəməyib, ödəniş üçün müraciət etsə də Fəxrəddin maddi imkanının olmadığını bildirib, qızıl-zinət əşyalarının satılmasını və borcun bağlanmasını xahiş edib, o isə bununla razılaşıb. Bir müddətdən sonra tanımadığı qadın (iddiaçı) zəng edərək həmin qızıl-zinət əşyalarının ona məxsus olduğunu bidirib, o isə həmin qadına bildirib ki, onu tanımır, ondan girov qəbul etməyib və ona borc pul verməyib. 7.Cavabdeh1 iddia tələbinə etiraz edib, etirazını belə əsaslandırıb ki, iddiaçıgildə sürücü işləyib, həyat yoldaşı da iddiaçının evində xadimə işləyib, iddiaçı kimlərəsə borcu olduğu üçün ona müraciət edib, o da cavabdeh Əli Əliyevə müraciət edib, öz həyat yoldaşının boyunbağını, əlavə olaraq iddiaçının qızıllarını lombarda qoyaraq pul alıblar. Sonra əlinə pul keçən zaman öz həyat yoldaşının boyunbağını qaytarıb, iddiaçının qızılları isə lombardda qalıb. 8.Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, iddia qismən təmin olunsun, girov qoyulmuş qızıl-zinət əşyaları iddiaçıya geri qaytarılsın, bu mümkün olmadıqda onların dəyəri Cavabdeh1 alınaraq iddiaçıya ödənilsin. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bilirdi. 11.Məhkəmə iclasında iştirak edən cavabdehlər Əli Əliyev və Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Kredit və girov müqavilələrinin ləğv edilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, iddiaçı həmin müqavilələrin tərəfi deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421 və 423-cü maddələrindən görünür ki, müqavilənin ləğv edilməsini tələb etmək hüququ müqavilə tərəfinə aiddir. 13.Qızıl-zinət əşyalarının qaytarılması barədə tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur, yəni məhkəmə tələbi təmin edərkən onun əsasından kənara çıxa bilməz. MPM-in 149.2-ci maddəsindən görünür ki, tələbin əsası iddia ərizəsinin məzmununa daxildir. İddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının qaytarılması barədə tələbi girova xitam verilməsinin hüquqi nəticəsi kimi əsaslandırıb: “Cavabdeh tərəfindən müqavilənin şərtləri kobud surətdə pozulmuşdur. Tərəfimdən girova qoyulmuş əşyalar tam şəkildə geri qaytarılmalı və girova xitam verilməlidir”. Mülki Məcəllənin 294.2-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Lakin iddiaçı girov münasibətinin iştirakçısı olmadığına görə, bu əsasla qızıl-zinət əşyalarının qaytarılmasını tələb edə bilməz. İddiaçı özü iddia ərizəsində bildirib ki, qızıl-zinət əşyalarını köməklik etmək (lomborda gorov qoyub borc götürmək) məqsədilə Cavabdeh1 verib. Əgər iddiaçı hesab edirsə ki, Cavabdeh1 qanuni əsaslar olmadan həmin əşyaları geri qaytarmır, belə halda əşyaların qanunsuz sahiblikdən qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi barədə iddia qaldıra bilər. 14.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-684/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3552/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3552/2025
20.06.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver