Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-689/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qarşı tərtib etdiyi 21.01.2019-cu il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 763.90 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********00000 saylı abonent hesabından (saldo) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti məskunlaşmışdır. Həmin ünvanda qaz sayğacının quraşdırılması barədə onunla cavabdeh "Azəriqaz" İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yaşadığı evə Smart tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadığı müddətdən də hal-hazırkı vaxtadək mütəmadi olaraq istifadə olunmuş qaz enerjisinə görə ödənilməli olan məbləğləri tam şəkildə ödəmişdir. Lakin 09 iyun 2020-ci il tarixdə onun evinə quraşdırılmış qaz sayğacının istismar vaxtının qurtarması bildirilərək, qaz sayğacı dəyişdirilmiş və həmin vaxtdan 1 ay sonra 2020-ci ilin iyul ayında ona guya qaz xəttindən kənar qaz istifadə etməsi bildirilmişdir. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və mənə 763.90 (yeddi yüz altmış üç manat doxsan qəpik) manat borc hesablanmışdır. Lakin bu barədə ona heç bir məlumat verilməmiş, qaz sayğacı çıxarılıb yoxlamaya aparıldıqdan sonra borcun yaranması bildirilmişdir. Həmin bildirişin səbəbini öyrənmək məqsədilə cavabdehə ərizə ilə müraciət etdikdə, ona bildirildi ki, guya 21.01.2019-cu il tarixdən onun evində sayğacdan kənar qaz istifadə olunduğu müəyyən edilmiş və buna görə də mənə 763.90 manat borc hesablanmışdır. O, Qaz istismar idarəsinin əməkdaşlarına bu hərəkətlərinin qanunsuz və əsassız olduğunu bildirdi. Həmin akt tərtib edilərkən ona heç bir məlumat verilməmişdir. Cavabdeh "Azəriqaz" İB-nin əməkdaşları ona Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.01.2019-cu il tarixli ******* saylı aktın yazıldığını və həmin akta əsasən hesablanmış 763.90 manat cərimə məbləği ödəməyini tələb etdilər. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Azəriqaz İB-nin sözügedən hərəkətləri ilə onun istehlakçı hüquqları kobud şəkildə pozularaq üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Aşağıda sadalanan əsaslara görə «Azəriqaz» İB-nin 21.01.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı əsassız hesab edilərək ləğv edilməli və həmin akta əsasən hesablanmış 763.90 manat cərimə məbləği silinməlidir. Yuxarıda qeyd olunduğu kimi "Azəriqaz" İB-nin əməkdaşları "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 21.01.2019-cu il tarixli ******* nömrəli aktı onun iştirakı olmadan tərtib etmiş və birtərəfli qaydada təsdiq etmişlər ki, bu da sözügedən aktın qanunsuz və qərəzli tərtib edildiyini sübut edir. Belə ki, əgər onun iştirakı təmin edilsəydi evinin daxilinə də baxış keçirilməklə sayğacdan kənar xətdin onun evində istifadə olunmadığı müəyyən edilmiş olacaqdı. Onun abonent saldosundan da görünr ki, evində sərf olunan qazın sərfiyyatında heç bir dəyişiklik baş verməmişdir. Belə ki, saldodan görünür ki, sayğacdan kənar qaz xətdi ləğv edildikdən sonra evinin qaz sərfiyyatı keçən ilin sərfiyyatı ilə eyni olmuşdur. Bu hal da bir daha təsdiq edir ki, onun evində sayğacdan kənar qazdan istifadə olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni istifadə edilmə aşkar edilmişdir. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda “qaz sayğacında zədənin olması” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında ilə müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə qeydiyyatdadır. Lakin ona Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanı üzrə (Avtotəmir ATSJ) akt tərtib edilmişdir. Akta görə ünvana baxış zamanı həmin ünvanda qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar edilmiş və buna görə abunəçiyə 763,90 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmçinin istehlakçının əlavə qaz xəttinin çəkilməsi qaz paylayıcısı tərəfindən sübut edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə məhs iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə edilməsi sübut edilmədiyindən iddiaçıya əlavə borc məbləğinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, iddiaçıya başqa ünvan üzrə qaz sayğacından qeyri-qanuni istifadə edilməyə görə hesablanmış 763,90 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 (manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı (abonent nömrəsi **********0000) hesablanmış 763,90 manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-689/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-689/2021
31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver