Məhkəmə qərarları › İş №2(007)-699/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-699/2024

26.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-699/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 2000-ci ildən 2017-ci ilədək Bakı şəhəri, 8-ci mikrorayon ərazisində çörək sexində rəhbər işləmişdir. Həmin dövrdə sexə Cavabdeh un gətirən təchizatçılardan biri olmuşdur. Cavabdeh münasibəti olan şəxs kimi ona müraciət edərək bildirmişdir ki , dəyirmana taxıl almaq üçün təcili 50.000 (əlli min) manat məbləğində pul ödənilməsi lazımdır. O Nazimə vacib pul ödənilməsi lazım olduğunu düşünərək 20.000 manat dostlarından borc götürərək həmin məbləği düzətmişdir. O da münasibəti olduğu üçün Nazimə 2017-ci ilin dekabr ayında 50.000 (əlli min) manat məbləğində pulu vermişdir. Cavabdeh bildirmişdir ki, pulu tezliklə qaytaracaq. 15-20 gün sonra o cavabdehi görüb dəyirmana taxıl almasını soruşmuşdur, cavabdeh ona bildirmişdir ki, dəyirmana taxıl almamışdır, pulu öz şəxsi işi üçün xərcləmişdir, hazır həyət evi almışdır. Nə vaxt ona pul ödənilməsi lazım olsa, 10-15 gün əvvəl xəbər etsin, onun pulu qaytarsın. Heç bir problem yoxdur, aldığı pula “başı ilə" cavab verir. Təqribən bir ildən sonra ondan pulu istəmişdir. Hər dəfə müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmışdır, pulu qaytarmamışdır. Bu illər ərzində dəfələrlə yaşadığı ünvana, evlərinə getmişdir, lakin pulu qaytarmamışdır, ailəsi və uşaqları da bu barədə bilirlər. Dəfələrlə pulu qaytaracağı barədə vəd vermiş, lakin yerinə yetirməmişdir. Cavabdeh öz şəxsi məqsədi üçün pul ödənilməsi lazım olduğunu dediyi təqdirdə onun pulu verməyəcəyini düşünərək dəyirmana taxıl almaq adı ilə aldatmışdır və o da ona etibar etdiyindən pulun verilməsinə razılaşmışdır. Həmçinin bir-birlərini uzun müddət tanıdıqlarından notariatda müqavilə bağlanaması və ya pulu alması barədə iltizam verilməsinə təşəbbüs göstərməmişdir. Cavabdeh onun etibarından sui istifadə etmişdir. Ona görə də cavabdehdən 50000 (əlli min) manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. O, həmin vaxt obyekti satmışdır, əldə etdiyi vəsaitdən istifadə edərək qazanc əldə etmək istəmişdir, lakin cavabdeh külli miqdarda vəsaiti alaraq qaytarmaması səbəbindən o vaxtında həmin vəsaitdən istifadə edə bilməmişdir, qazanc əldə etməmişdir və ona maddi zərər vurulmuşdur. Cavabdehdən 10000 (on min) manat məbləğində maddi zərərin əvəzi olaraq tutulmalıdır. Cavabdehin təqsiri üzündən o dəfələrlə stress keçirmişdir, o da əsəb gərginliyi yaratmışdır, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərir. Cavabdehin onu aldatması, pul məbləğini ələ keçirərək mənimsəməsi, verdiyi vədi yerinə yetirməməsi, onu maddi zərərə məruz qoyması, onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 10.000 (on min) manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən, Cavabdeh 50000 (əlli min) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsinə, maddi zərərə görə 10.000 (on min) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun ödənilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, onun sexi olmuş və o, bu sexi satmışdır. Cavabdeh həmin sexə un gətirən adam olmuşdur. Cavabdeh onun sexi satdığını və əlində pul olduğunu bilmişdir. Bundan sonra cavabdeh ona dəyirmanın müdiri Əmiraslan adlı şəxsə dövriyyə üçün pul lazım olduğunu bildirmiş və o da 50000 manat borc pul Nazimə Əmiraslana təqdim etməsi üçün vermişdir. 25 gün sonra bu haqda Nazimdən soruşduqda, Nazim pulu Əmiraslana vermədiyini və özü üçün xərclədiyini demişdir. Əgər bilsə idi ki, həmin pul Əmiraslana çatmayacaq və Nazimin özünə lazımdır, o heç vaxt Nazimə bu məbləğdə pul verməzdi. Onun heç kimə borcu olmamışdır. Sadəcə dəyirmana 4000 manat borcu olmuş, bu isə bütün sex işlədənlərin dövriyyədə saxladığı məbləğ olmuşdur. Cavabdeh özü izahatında bildirmişdir ki, o cavabdehə obyekti satmasını və yerdə qalan pulu götürməsini bildirmiş və cavabdeh obyekti 340000 manata satmış və 50000 manat pulu özünə götürmüşdür. Halbuki o, cavabdehə belə bir işi həvalə etməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, iddiaçının çörək sexi olmuşdur. 2017-ci il tarixdə onu satmaq istəmişdir. Cavabdeh həmin zamanlarda sexə un gətirmişdir. Cavabdeh iddiaçının pulu olduğunu biləndə ona yaxınlaşaraq dəyirman müdiri Əmiraslana pul lazım olduğunu demiş, lakin pulu özü üçün almış və xərcləmişdir. Polis idarəsində bu iş ilə bağlı cinayət işinin başlanmasından imtina edilməsi barədə qərar olmuş və Binəqədi Rayon Məhkəməsi həmin qərarı ləğv etmişdir. Bu qərar iddianın əsaslılığı ilə bağlı sübutdur. Nazim rəhbərlik adından istifadə edərək, Akifdən pul almışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o uzun illər dəyirmanda işləmişdir. Akifin sexinin yaxınlığına un aparmış və Akif ona Akifin sexinə də un gətirməsini təklif etmişdir. Daha sonra Akifin dəyirmana borcu yaranmışdır. O bir müddət keçdikdən sonra görmüşdür ki, sex bağlanmışdır. Akif ona borcları olduğunu demişdir. Ondan tanışları varsa, onlara sexi satmaq və borclarını vermək istədiyini bildirmişdir. Sexi satdıqdan sonra satıldığı məbləğdən nə artıq olsa, həmin pulun Nazimin olacağını demişdir. Həmin sexə gedib baxanlar olmuşdur. O heç kimdən, Akifdən və ya başqasından pul almamışdır. Onların 15-20 il münasibətləri olmuşdur. Onun heç kimə borcu yoxdur. Bundan başqa, o, şahid X2 məhkəmə iclasında dediklərinə münasibətdə isə qeyd edir ki, bəli, onun həqiqətən də Əmiraslan müəllimə 50000 manat borcu olmuş, həmin iş üzrə məhkəmə iclasında həmin borcu etiraf etmişdir, bunu inkar etmir. Lakin, hazırkı iddiaçıya münasibətdə isə qeyd edir ki, onun iddiaçıya borcu yoxdur, əgər olsa idi, onu da müvafiq qaydada hazırkı məhkəmə iclasında etiraf edərdi. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o həm iddiaçını, həm də cavabdehi tanıyır. O həmin dəyirmanın həm təsisçisi, həm də rəhbəridir. Nazimin onların adından 50000 manat pul aldığını eşitmişdir. Nazimin onlara 131961 manat borcu olduğunu eşitmişdir. O heç kimdən pul istəməmişdir. Ona heç bir pul verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Akif ilə Nazim vasitəsilə tanış olmuşdur. O başqa firmada işləmişdir. Onlar un işinə baxmışlar. Nazim onu Akif ilə tanış etmiş və demişdir ki, onun belə bir dostu var. Nazim həmişə Akifin yaxşı pulunun olduğunu demişdir. Nazimin ona da borcu olmuşdur. Nazim onlardan mal götürüb paylamışdır. İşçi olmamışdır. Nazimi neçə vaxt idi ki, axtarmışdır, lakin tapmamışdır. Nazim Akifdən aldığı pulu gətirib ona vermədiyini eşitmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 6(001)- 27/2024 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Amil Şirinli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 301 manat dövlət rüsumu ödəmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı çörək sexinin rəhbəri olmuşdur. Cavabdeh ilə həmin çörək sexinə un dəyirmanından un gətirərkən tanış olmuşdur. Hazırda İddiaçı Cavabdeh 50000 (əlli min) manat məbləğində pul verdiyini bildirərək, həmin pul məbləğini, maddi zərərə görə 10.000 (on min) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırkı tələb üzrə İddiaçı Cavabdeh ondan 50.000 manat pulu aldığını göstərsə də, buna dair sübutunu təqdim etməmişdir. Belə ki, iddia ərizəsinə iddiaçı tərəfindən sadəcə cavabdehin Binəqədi RPİ-nin 5-ci PB-də verdiyi izahatı əlavə edilmişdir, hansı ki, həmin izahatında hazırkı cavabdeh hazırkı iddiaçıya borcunun olmadığını bildirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi həmin dəlillər iddianı əsaslı edəcək mötəbər sübut qismində qəbul edilə bilməz, ümumilikdə isə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, həmin ifadələr MPM-in 104.3-cü maddəsinin tələbi baxımından iddia tələbini əsaslı edəcək sübut qismində qəbul edilə bilməz. Hazırkı iddia tələbinin “maddi zərərə görə 10000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında borc münasibətlərinin mövcudluğu məhkəmə tərəfindən araşdırılmış və sübuta yetirilməmişdir. Belə olan halda, hazırkı iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, iddia həmin hissədə də rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin “dəymiş 10000 manat mənəvi zərərin tələb edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin tələb əsas iddia tələbindən törəmə tələbdir, borc pul və maddi ziyan hissəsində iddia tələbi sübuta yetirilmədiyi halda, mənəvi ziyan hissəsində də iddia tələbi təmin edilə bilməz. O cümlədən, iddiaçı özünə mənəvi ziyan vurulmasına dair (hansı mənəvi sarsıntı və iztirablar keçirməsini və.s) məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dаir iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dаir iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar