Məhkəmə qərarları › İş №2(007)-752/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-752/2020

06.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-752/2020 06.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qaz sayğacı ilə təmin edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “qaz sayğacı ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 1 saylı evin 29 saylı mənzil sahəsinə cavabdeh “Azəriqaz" İB tərəfindən ödənişsiz qaz sayğacı quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvan 2-da yaşayır. 28.11.2019-cu il tarixdə, saat 20:30 radələrində yaşadığı mənzilin yerləşdiyi binanın dəhlizində, 2-3-cü mərtəbələri arasında yerləşdirilmiş qaz sayğacı oğurlanmışdır. Bununla bağlı Nizami Rayon Polis İdarəsinə müraciət etmiş və polis əməkdaşları tərəfindən baxış keçirilmiş, müvafiq protokol tərtib edilmişdir. Lakin 09 dekabr 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. O, həmçinin baş vermiş hadisə barədə Azəriqaz İB-nə ərizə ilə müraciət etmişəm, o cümlədən qaz sayğacı ilə təmin etmələrini xahiş etmişdir. Cavabdehin əməkdaşları tərifindən yerində baxış keçirilmiş, 04 dekabr 2019-cu il tarixdə oğurlanmış sayğac barədə akt tərtib edilmişdir. Həmin aktda və cavabdehə etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, təchizatçı tərəfindən yeni qaz sayğacı quraşdınldıqdan sonra İstehlakçının ünvanından oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 ay müddətində hüquq-mühafizə orqanlan tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir. Əks halda yeni quraşdırılmış sayğacın dəyərinin ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır. Sayğacın dəyəri istehlakçı tərəfindən ödənilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır. Göründüyü kimi cavabdeh özü qeyd etmişdir ki, onun mənzil sahəsinin qaz xəttini məhkəmə qərarı əsasında sayğac ile təmin edə bilərlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən onun mənzilinə quraşdırılmış qaz sayğacının dəyərinin tələb edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda Cavabdeh İB tərəfindən onun mənzilinə qaz sayğacı quraşdırılmışdır. Lakin həmin sayğacın dəyərini ondan tələb edirlər. Qaz sayğacı isə onun təqsiri olmadan oğurlanmışdır. Hesab edir ki, qaz sayğacının dəyəri ondan tələb edilməməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianın təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən verilmiş 02 dekabr 2019cu il tarixli, 2592-1219 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 28 noyabr 2019-cu il tarixdə Şöbəyə müraciət edərkən ərizə və izahatında bildirmişdir ki, həmin tarixdə saat 20:30 radəsində yaşadığı mənzilə aid binanın dəhlizində 2 və 3-cü mərtəbələr arasında olan qaz sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Orxan Qələndərlinin 09 dekabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 10 dekabr 2019-cu il tarixli müraciətə baxılması haqqında məktubundan görünür ki, İddiaçı 09.12.2019-cu il tarixli ərizəsi tərəflərindən müvafiq qaydada araşdırılmışdır. İddiaçı ərizəsində qeyd etdiyi kimi sayğacı oğurlanmış və müraciəti əsasında yeni qaz sayğacı ilə təmin olunmuşdur. 3 ay müddətində oğurlanmış qaz sayğacı tapılmadığı halda, məhkəmə qərarı təqdim edilmədikdə itirilmiş, oğurlanmış və yararsız hala salınmış sayğacın dəyəri istehlakçı tərəfindən ödənilməlidir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 24 fevral 2012-ci il tarixdə qeydə alınmışdır. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 23 avqust 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olanıq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu hqqında 06 dekabr 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxarılma səbəbi olaraq sayğacın oğurlanması göstərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 23 avqust 2017-ci il tarixli müqaviləyə əsasən, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olanıq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 28 noyabr 2019-cu il tarixdə İddiaçı məxsus həmin mənzildən qaz sayğacı oğurlanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, onun mənzilinə quraşdırılmış qaz sayğacının dəyərinin ondan tələb edilməməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarımın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı. hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən heyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında gösterilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı oğurlanmışdır. Belə olan halda məhkəmə yuxarıda qeyd olunmuş maddi normaların tələbindən çıxış edərək hesab edir ki, qaz sayğacı istehlakçının təqsiri olmadan oğurlandığından, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına quraşdırılmış qaz sayğacının dəyəri tələb edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar; dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olundurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına quraşdırılmış qaz sayğacının dəyəri tələb edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar