Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-758/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı olan "mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiasının təmin edilib cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqları X5 və X3 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzili şəxsi mülkiyyətindədır. Həmin mənzili 22 oktyabr 2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almış, sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən X4 öhdəsinə götürmüşdür ki, 6 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin 4 saylı Asan Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdehlər qeydiyyatda qalıblar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.
İş materialları :
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** qeyddiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı verilmiş arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1989cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
5. ünvan 2 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X4 ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 1-də yerləşən mənzili 89 000 manata satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı və qeydiyyatda olanlar xx.xx.2023-cü il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
6. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödənilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33/544/24 nömrəli məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə, Cavabdeh4 xx.xx.2019-cu il tarixdə, Cavabdeh2 Səna oğlu isə xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarından kənar çıxmışlar.
8. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 50 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 44 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzildə qeydiyyatdadırlar, lakin yaşamırlar, mənzil satılmışdır.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Cavabdeh3 ilə məhkəmə iclas zalında cavabdehə məxsus 055-xx-xx-xx nömrəsi ilə əlaqə saxlanılmış, cavadehlə telefon əlaqəsi zamanı iddia tələbini qəbul etdiyini, iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. (protokol bax).
11. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X4 arasında 22 oktyabr 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı və qeydiyyatda olanlar xx.xx.2023-cü il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, X2 ailə üzvləri həmin mənzil satıldıqdan sonra qeydiyyatdan çıxmamışlar. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
20. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzili xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, alqı-satqı müqaviləsi əsasında X4 tərəfindən İddiaçı satılmışdır.
21. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, satıcı və qeydiyyatda olanlar həmin müqavilənin notarial qaydada təsdiq edildiyi tarixdən xx.xx.2023-cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər. Lkain işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdehlər üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmiş, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzildən qeydiyyatdan çıxmamışlar.
22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, X7 ölkə xaricində yaşayırlar. Digər Cavabdeh3 isə mübahisəli mənzildə deyil, başqa ünvanda yaşayır.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
24. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.
25. Avropa Məhkəməsi Sporronq və Lönrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
26. Bu mənada vurğulamaq lazımdır ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən aydın olur ki, cavabdehlərin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.
27. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehlər mənzil satıldıqdan sonra faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla və mənzilin satılması zamanı bununla bağlı iradə ifadəsinin mövcud olması və nəticədə formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər sözügedən mənzili satarkən qeydiyatda qalmaqları barədə yeni mülkiyyətçi qarşısında hər hansı şərt göstərməmişdir. Bu isə ona deməyə əsas verir ki, cavabdehlər əmlak satılarkən bütünlükdə buna razılıq vermişlər (hüquqların itirilməsi).
28. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi üçün məlumdur ki, yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı tələb edilir. Notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanması Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzilin alqı-satqısının mənzildə qeydiyyatda olanların razılığı əsasında həyata keçirildiyini göstərir . Həmin müqavilənin 13-cü bəndindən də görünür ki, qeydiyyatda olanlar da qeydiyyatdan çıxmaq barədə üzərlərinə öhdəlik götürmüşlər.
29. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlərin də alqı-satqı müqaviləsi üzrə həmin mənzilə ilə bağlı qeydiyyatdan çıxacağına dair müqavilə öhdəliyi götürdüyündən, həmçinin cavabdehlərin uzun müddətdir ki başqa yaşayış yerində yaşadığından, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.
30. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə yanaşı yetkinlik yaşına çatmayan X5 və X3 da mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
31. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqları X5 və X3 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqları X5 və X3 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 50 saylı evin, 53 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqları X5 və X3 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva