Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-810/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC tərəfindən bloklanmış, Cavabdeh1 məxsus "xxxx" ASC-nin 4169 7388 3299 2477 saylı kartında olan 5000 manat pulun tam həcmdə İddiaçı məxsus "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı kartına qaytarılması, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı kartından oğurlanılan 16000 manat pulun, hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosuna ödənilən 1670 manat pulun, etibarnamə üçün ödənilən 17 manat 25 qəpik pulun və məhkəməyə ödənilən 150 manat dövlət rüsumunun, cəmi isə 17837 (on yeddi min səkkiz yüz otuz yeddi) manat 45 qəpik pulun şərikli olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsində düzəliş edilərək cavabdehlərdən 17825 (on yeddi min səkkiz yüz iyirmi beş) manat pulun, hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna ödənilən 1670 manat pulun, etibarnamə üçün ödənilən 17 manat 25 qəpik pulun və məhkəməyə ödənilən 150 manat dövlət rüsumunun, cəmi isə 19662 (on doqquz min altı yüz altımış iki) manat 25 qəpik pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun "xxxx" ASC-də 20000 manat pulu var idi və bu barədə ona bank tərəfindən 4169 7414 0239 0452 saylı hesab kartı verilmişdi. 10 may 2023-cü il tarixdə ona zəng edərək özünü “Forex” şirkətinin nümayəndəsi kimi təqdim edən şəxslər “”Forex”ə yatırmış olduğu depoziti geri qaytarmaq üçün ondan hesab kartını istəmişlər və o da aldanıb vermişdir. Sonra həmin naməlum şəxslər ona məxsus olan və məlumatlarını verdiyi "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı hesab kartından, kartda olan 20000 manat pulunu oğurladıqlarını aşkar etmişdir. O, bu barədə "xxxx" ASC-yə və 26 may 2023-cü il tarixdə şikayət ərizəsilə Bakı Şəhəri, Xətai RPİ-nin 35-ci PŞ-nə müraciət etmişdir və 30 iyul 2023-cü il tarixdə Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən AR CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrilə cinayət işi başlanaraq istintaq aparılmağa başlanılmışdır. İstintaqla tam sübut olunmuşdur ki, "xxxx" ASC-nin ona məxsus 4169 7144 0239 0452 saylı hesab kartında olan 20000 manat pulunu 10 may 2023-cü il tarixdə Cavabdeh2, öz adına olan "xxxx" ASC-nin 416973 + + + + + + 8763 saylı hesab kartındakı ******************** saylı hesabına yatırmış və izi itirmək məqsədilə elə həmin tarixdə və gündə də həmin puldan 3900 manatını "xxxx" ASC-nin naməlum şəxsin adına olan 409858 + + + + + +6929 saylı hesab kartına yatırmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə, onun kartından oğurlayıb öz kartındakı hesabına keçirdiyi 20000 manatdan qalan 16000 manat pulunu vətəndaş Cavabdeh1 məxsus "xxxx" ASC-nin 4169 7388 3299 2477 saylı kartına göndərmişdir. Hazırda Cavabdeh1 məxsus "xxxx" ASC-nin 4169 7388 3299 2477 saylı kartı bloklanılmaqla həmin vəsaitin kartda qalan 5000 manat hissəsinin istifadəsinə "xxxx" ASC tərəfindən məhdudiyyət qoyulmuşdur. "xxxx" ASC həmin hissəni də ona qaytarmır. Bu məqsədlə o, Xətai RPİ-nin İstintaq Şöbəsinə müraciət etmişdir. Xətai RPİ-nin müstəntiqi vəsatətlə və Xətai rayon Prokuroru təqdimatla Xətai rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 məxsus "xxxx" ASC-nin 4169 7388 3299 2477 saylı kartında olan pul vəsaitinin zərərçəkmiş şəxs kimi ona məxsus "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı kartına qaytarılmasını xahiş etdilər. Lakin Xətai rayon Məhkəməsi 17 oktyabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası CPM-də pul vəsaitinin zərərçəkmiş şəxsin kartına qaytarılması nəzərdə tutulmadığına görə Xətai rayon prokurorunun bank əməliyyatının keçirilməsi barədə təqdimatını təmin etməmişdir. Buna görədə, mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqi yardım üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosuna 1670 manat, dövlət rüsumu üçün 150 manat və etibarnamənin verilməsi üçün 17 manat 25 qəpik pul ödəmişdir.
4. İddia tələbinin həcminin dəqiqləşməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən həmin puldan 2175 (iki min yüz yetmiş beş) manatı məbləğin “Kapital Bank’' ASC-dən almış olduğu müəyyən olunmuşdur.
Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :
5. Cavabdeh2 İddiaçı ona qarşı olan iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia ərizəsinin onda olan nüsxəsi solğun yazıldığından onun pul oğurlamaq epizodunu yenidən oxuyandan sonra onu dəhşət bürüdüyünü, həmin epizodu təsdiq edən sənədlər varsa, məhkəməyə təqdim edilməsini, yoxdursa, bu fakt üzrə iddiaçıya qarşı iddia açmağa məcbur olduğunu, bu həm ona, həm də "xxxx"a, "xxxx"a təhqir olduğunu, bütün bu yazılanların iddiaçı tərəfindən təhqir, böhtan olduğunu, iddia ərizəsinə qəti etiraz edəcəyini, təsdiq edən sənət varsa təqdim edilməsini xahiş etmişdir.
6. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin may ayının ortalarında telefonuna zəng edən adam özünü P2P saytının təhlükəsizlik departamentinin rəhbəri kimi təqdim edərək ondan soruşmuşdur ki, itirilmiş pullarını geri almısmızmı? Demişdir ki yox, dedi indi sizinlə əlaqə yaradarlar. Kristina adlı qadın pulun qaytarılması üçün kartın təhlükəsiz şəklini çəkib onlara göndərilməsini xahiş etmişdir. Bildirmişdir ki, onlar 25 min dollar maliyyə departamentinə təqdim etmişlər, növbəlik əsasında ona göndəriləcək. Pulu alana qədər gündəlik olaraq azda olsa yardım ediləcəklər. Ertəsi gündən başlayaraq az miqdarda göndərməyə başlamışdılar. 5,7 manat bir dəfə 47, 50 manat, bütünlükdə 150 manata qədər göndərmişdilər. Bir həftədən sonra mobil telefonuna Kapital Bankın əməkdaşı zəng edərək məlumat vermişdir ki, blok edilmiş karta 20.000 manat oturdulub, bir saatdan sonra Ayaz adlı digər şəxsin adına 16.000 manat oturdulub. 20.000 manatın oğurluq olması haqqında məlumat daxil olub araşdırılması üçün görüşmək lazımdır. Ertəsi gün baş ofisdə görüşdülər. Nəticədə qeyd olundu ki, pul oğurluqdur, sahibinə qaytarılmalıdır. Sabahı gün sayta zəng etdi, etirazını bildirdi ki, nəyə görə oğurluq pul göndərmisiniz?! Cavab verdilər ki, onlar oğru deyildirlər, rəsmi olaraq P2P saytının əməkdaşlarıdırlar. Pulu göndərmişlər, insanlar onların həm dostları, həm də partnyorlarıdırlar. Qaytarmaq üçün narahat olmayın, o onların işidir. Bir neçə gündən sonra saytdan zəng vurdular və bildirdilər ki, saytın rəhəri ürək tutmasından rəhmətə getmiş, 3 aylıq qız körpəsi yetim qalmışdır. Xətai polis idarəsindən zəng edərək idarəyə dəvət etmişlər. İzahat və whatsapp yazışmalarını müstəntiqə vermişdir, orada qalmışdır. Bununla da saytla əlaqəsi kəsilmişdir. Nə daxil olan pulu, nə kartı görmüşdür. Filialda kartları ləğv etmişlər, yeni kart verilmişdir.
İş materialları :
7. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İddiaçı məxsus ödəniş kartı üzrə xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabından 20000 manat məbləğində pul vəsaiti çıxarılmışdır.
8. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh2 məxsus ******************** nömrəli hesab üzrə xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2023cü il tarixində Cavabdeh2 bank hesabına İddiaçı hesabından 20000 manat pul daxil olmuş və həmin pul vəsaitindən 3900 manat məbləği həmin tarixdə "xxxx" ASC-də olan 409858******6929 nömrəli hesaba, 16000 manat məbləği Cavabdeh1 məxsus olan hesaba köçürülmüşdür.
9. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Cavabdeh1 məxsus xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 bank hesabında xx.xx.2023-cü il tarixdə 16.000 manat pul vəsaiti daxil olmuşdur.
10. Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Taleh Baxişev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanılması, icraata götürülməsi və istintaqın aparılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şahidin Dindirilməsi Protokolunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Taleh Baxişevin icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir.
12. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 5(011)-768/2023 saylı xx.xx.2023-cü il tarixli “bank məlumatlarının götürülməsi barədə” qərarından görünür ki, Xətai rayon prokurorunun Cavabdeh1 məxsus "xxxx" ASC-də kartında olan pul vəsaitinin zərərçəkmiş şəxs İddiaçı məxsus karta qaytarılması barədə təqdimatı təmin edilməmişdir.
13. Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Taleh Baxişev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə cinayət törətmiş şəxs müəyyən edilən vaxta qədər ********* nörəli cinayət işi üzrə icraat dayandırılmışdır.
14. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 416974******0452 nömrəli plastik kart məlumatları əsasında digər plastik karta köçürülmüş 20000 manat vəsaitlə bağlı banka daxil olmuş müraciət ilə bağlı 2175 manat vəsaitin geri qaytarılması mümkün olmuşdur.
15. "xxxx" KB ASC tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 409858******6929 nömrəli kart üzrə kartın açılma tarixindən bugünədək həyata keçirilən əməliyyatlar barəsində məlumatlar disk daşıyıcıda məhkəməyə təqdim edilmişdir.
16. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin hadisədən əvvəl sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17:59 radələrində (cihaz modeli: TCL5002H), Cavabdeh1 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17:12 radələrində (cihaz modeli: Xiaomi M2101K7AG) olduğu müəyyən edilmiş və Cavabdeh2 istifadəsində olan 4169 73** **** 8763 nömrəli, Cavabdeh1 istifadəsində olan 4169 73** **** 2477 nömrəli plastik kartlarla bağlı “SMS xəbərdarlıq” xidmətinə qoşulma olmamış, lakin “3D təhlükəsizlik kodunun göndərilməsi” xidməti aktiv olmuşdur.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə sənədlərə əlavə edilmiş Cavabdeh2 ilə Kristina adlı şəxs arasında olan telefon yazışmaları mülki iş materiallarına əlavə edilmişdir.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə sənədlərə əlavə edilmiş Cavabdeh1 telefon yazışmaları və qəbzlərin surətləri mülki iş materiallarına əlavə edilmişdir.
19. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 14 saylı Vəkil bürosunun hesabına 1650 manat pul vəsaiti köçürülmüşdür.
20. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 150 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
21. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o “Forex”in əməkdaşı olmamışdır. Forexə yatırım etmişdir. Hadisədən əvvəl 3000 ABŞ dolları pul köçürmüşdür. O Forexdə necə pul köçürməli olduğunu bilməmişdir. Onlar özləri ona köçürməni necə etməli olduğunu demişlər. O evdə komputerdə pul köçürmə ilə bağlı əməliyyatı həyata keçirmişdir. O kompüterlə göndərilən kart nömrələrinə köçürmələr etmişdir. Həmçinin qeyd etmişdir ki, o Forexlə 3 ay fəsliyyət göstərmişdir. Lakin qoyduğu 3000 ABŞ dolları pul vəsaitindən onun qazancı olmamışdır. O, ona məxsus kartın cvc kodunu onlara verməmişdir, yalnız kartın üzərində olan 16 rəqəmi demişdir.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş bank çıxarışlarından görünür ki, onlar bir qrup şəxsdirlər. Əlbir olub bu əməlləri törədirlər. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirir ki, Kəmalə adlı şəxsi tanımır. Bank çıxarışından görünür ki, Cavabdeh2 Kəmalə adlı şəxsə pullar göndərmiş, Kəmalə adlı şəxsdə ona pul göndərmişdir. Cavabdeh2 Rusiyadan kiminləsə olan telefon danışıqlarında özü də bildirir ki, 20000 manat oğurluq puldur. Cavabdeh1 bildirir ki, ona köçürülən pul SOCAR investisiya şirkətindən köçürülmüşdür. Cavabdeh1 bununla bağlı olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 Mayıl adlı, Kəmalə adlı şəxslərə pul köçürmələri etmişdir. Onlarda Cavabdeh1 pul köçürməsi etmişlər.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Şakirdən ona pul gələndə o, Şakiri tanımırmış. Pul onun kartına ya 2022, ya da 2023-cü il tarixində göndərilmişdir. Onun kartına göndərilən pulun məbləği 16000 manat olmuşdur. Bundan sonra o, Şakiri tapmış, onunla görüşmüşdür. O, Şakirdən pulun onun tərəfindən göndərildiyini soruşanda Şakir ona pulun hardan gəldiyini bilmədiyini bildirmişlər. Dələduzlara kart məlumatlarını verdiyinə görə dələduzlar onun kart məlumatlarını bilmişlər. Kartda onun öz pulu da olmuşdur. Onun kartına 2 gün ərzində pul köçürtməsi edilmişdir. O, onlardan “bu pul investisyaya görə köçürülübsə, o zaman nə üçün p2p hesabından gəlməyib?”-deyə soruşduqda bu işdə nəsə olduğun bilmişdir. Kartda olan 5126 manat pul öz pulu olmuşdur. O, öz pulu olan 5126 manat puldan 3900 manatını köçürmüşdür. Onun köçürtdüyü pulların qəbzləri iş materiallarına əlavə edilib. Onların göndərdiyi 16000 manat puldan 1000 manatını özü köçürmüşdür. Qalan məbləği isə onlar özləri köçürtmüşlər. 5126 manat puldan 3900 manat pulu hissə-hissə köçürtmüşdür. 2023-cü ilin yanvar-fevral ayında internetdən onların telefon nömrəsi ilə əlaqə saxlamışam. O birinci dəfə idi belə iş gördüyünü bildirmişdir. Birinci dəfə fevral ayında 450 manat pul köçürtmüş, onlar isə qarşılığında 500 manat pul qaytarmışlar. Sonra 200 manat pul köçürtmüş, ona 250 manat pul qaytarılmış, 15 gün sonra isə 250 manat pulu qaytarılmışdır. O, ancaq pul yatırmış, başqa iş görməmişdir. Gəliri olmamış, ziyana düşmüşdür. İş üzrə araşdırma başlanana qədər 3900 manat gəlir əldə etmiş, kartda olan 5126 manat isə onun öz pulu olmuşdur. Kartı bloklanmış, bankdan yeni kart almışdır. Ona göndərilən pulları həmin həmin yeni karta yönəltmişdir. İkinci yeni açılan kartda isə 1500 manat puluna blok qoyulmuşdur. Onun kartında 5126 manat pul 16000 manat pul köçürməsi olana qədər olmuş puldur. Kartı bloklandıqdan sonra Mərkəzi Banka ərizə yazmış, Mərkəzi bank isə cavab olaraq bildirmişdir ki, yeni kart hesabı açacaqlar. Qızı yeni karta ayrı-ayrılıqda 500 manat və 300 manat pul göndərmişdir. Həmin kartda bloklanmışdır. O, yeni kartı 3 gün sonra əldə edə bilmişdir. O, yenidən təzə kart vasitəsilə köçürmə etmişdir. Kart bloklandığı ərəfədə 950 manat köçürtmə etmişdir. 3900 manat köçürmə 16000 manat pul köçürülənə qədər olmuşdur. 3900 manat köçürtmədən 200 manat faizi gəlmiş, pulun özü qayıtmamışdır. Razılaşmaya əsasən qayıtmalı idi. O, bundan sonra təbii ki, şübhələnmişdir. O, 85 manat, 200 manat pul köçürdüyü adamlarla əlaqə saxlamışdır. Onlar kart hesablarına pulun gəlmədiyini bildirmişlər. Oəməkdaşlıq etdiyi şəxslərə bunu bildirəndə ona bunun onların öz işi olduğunu bildirmişlər. Nə üçün dərhal polisə müraciət etmədiyinin səbəbini blmir. 16000 manatdan sonra heç bir köçürtmə etməmişdir. O, Quliyeva Kəmaləyə pul köçürtməmişdir. 16000 manat pulu o, özü xərcləməmişdir. Əməkdaşlıq etdiyi şəxslər pulu başqa hesablara köçürmüşlər.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 ona zəng edərək “səndən mənin kartıma pul köçürülmüşdür”-deyə bildirmişdir. O, p2p saytının əməkdaşına kartına göndərilən pulun oğurluq pul olduğunu bildirsə də, əməkdaşlar ona pul göndərən şəxsin onların həm həmkarları, həm də dostları olmasını bildirmişdir. O oğurluq pul istəmədiyini bildirəndə isə əmkdaşlar ona “oğurluq pul” ifadəsi işlətdiyinə görə əsəbləşmişlər. Əməkdaşlıqları may ayının 29-dan başlamışdır. İlk dəfə əməkdaşlar ona zəng vurub vaxtı ilə tələbəsi olmuş şəxsin adını çəkmiş və onlara onun nömrəsini həmin tələbənin verdiyini bildirmişlər. Onlar əməkdaşlıq təklif etmişlər. Onun işi onun nömrəsinə gələn kodları onlara göndərmək olmuşdur. Onlar bunun əvəzində isə ona pul göndərmişlər. Kartın kodunu onlara göndərdikdən sonra həftədə 5-7 manat pul atmışlar. O bildirmişdir ki, pulun nə üçün istifadə olunduğunu başa düşmək üçün onlara “bəlkə siz erməniləri maliyyələşdirirsiniz?”-deyə sual vermişdir. Onlar onun Forex-də pul itirdiyini bilirmişlər. Buna görə də 20000 pulu göndərməmişdən qabaq zəng edib Forexdə itirilən pulları geri alıb-almadığını soruşmuşlar. Onlar həmin pulları geri almadığını öyrəndikdən sonra axşam saat 19:30-da pul göndərəcəklərini bildirmişlər. Pulun göndərilməsi üçün kodu onlara deməli olduğunu bildirmişlər. O indiyə qədər forexdə 365000 ABŞ dolları məbləğində pul itirdiyini və hələ də Forexə pul qoyduğunu bildirmişdir. O, ona pul göndərən şəxslərlə əməkdaşlıq etmədiyini bildirmişdir. O, qeyd etmişdir ki, kriptovalyuta qoyan şəxslərin görə biləcəyi siyahı var ki, həmin siyahıda birinci onun adıdır. Çünki ən çox pul itirən şəxslərdən biridir. İş materiallarına əlavə olunmuş yazışmalar əvvəlcədən əməkdaşlıq etməyə başladığı dövrdən olan yazışmalardır. Ona demişlər ki, o ABB bank tətbiqi açmalıdır. Sonra isə dedilər ki, onlara kapital bank kartı lazımdır. Forex çox dərin məsələdir. Oradan hələ ki, qazanan çox az şəxs var. O, kartına pul gəldiyini bankın nümayəndəsindən öyrənmişdir. 20000 manat pulun əvvəlcə onun hesabına köçürüldüyünü 1 saat sonra isə Cavabdeh1 kart hesabına köçürüldüyünü və işin araşdırılması üçün prokurorluğa göndərildiyini bildirmişdir. Onlar onun Forexdə pul itirdiyini bildikləri üçün o hesab etmişdir ki, bu şəxlərin Forexlə əlaqəsi var. Ona zəng edən şəxs 2p2 saytının təhlükəsizlk departamentinin rəhbəri olduğunu bildirdiyi üçün inanmışdır.
İşin faktiki halı :
25. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı bank hesabından xx.xx.2023-cü il tarixdə 20000 manat məbləğində pul vəsaiti Cavabdeh2 kart hesabına, daha sonra həmin gündə onun kart hesabından 16 000 manatı Cavabdeh1 kart hesabına 3900 manat isə X1 hesabına köçürülmüşdür.
26. İddiaçı məxsus 416974******0452 nömrəli plastik kartdan digər plastik karta köçürülmüş 20000 manat vəsaitdən 2175 manat vəsait "xxxx" ASC tərəfindən iddiaçıya geri qaytarılmışdır.
27. İddiaçıya məxsus 20000 manat pul vəsaiti ona məxsus bank hesabından onun məlumatı olmadan çıxarıldığı üçün iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- 1 və 177.2.4-cü maddələri ilə cinayət işi başlamış, lakin cinayət törətmiş şəxs müəyyən edilmədiyindən müəyyən ediləcəyi vaxta qədər xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraatın dayandırılmışdır.
Məhkəmə baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq :
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Məhkəmənin mövqeyi :
31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan “pul” tələbini ona məxsus olan kart hesabından 20.000 manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən oğurlanması, onun kart hesabından onun iradəsinə zidd olaraq çıxarılması əsası ilə irəli sürmüşdür.
33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
34. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
37. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
38. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-də olan **********390452 saylı kart hesabından 10 may 2023-cü il tarixdə 20000 manat məbləğində pul vəsaiti naməlum şəxslər tərəfindən müxtəlif kart hesablarına köçürülmüş və nəticədə iddiaçıya 20000 manat məbləğində maddi ziyan vurulmuşdur.
39. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
41. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
42. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
44. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
45. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
46. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.
47. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin aşağıdakı müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
48. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kart hesabından 20 000 manat məbləğində pul vəsaiti Cavabdeh2 kart hesabına köçürülmüş, daha sonra elə həmin gün həmin pul vəsaitindən 16 000 manat Cavabdeh1 kart hesabına, 3900 manat məbləğində pul vəsaiti isə ad, soyadı məhkəmə araşdırılması nəticəsində müəyyən edilmiş X5 adlı şəxsin kart hesabına köçürülmüşdür.
49. İddiaçı həmin pul vəsaitinin cavabdehlər tərəfindən onun kart hesabından öz kart hesablarına köçürülməklə ona 20000 manat məbləğində zərərin vurulmasını iddia edərək həmin pul vəsaitinin cavabdehlər tutulmasını tələb edir.
50. Məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
51. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
52. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçıya baş vermiş hadisə nəticəsində əmlakından məhrum olması ilə zərər dəydiyi müəyyən edilmişdir.
53. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt-zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi şərti də mövcud olmalıdır.
53. Hüquqazidd əməl dedikdə, mülki hüquq normalarını pozan əməl başa düşülür. Bu əməl müəyyən hərəkət və ya hərəkətsizlikdə özünü nümayiş edə bilər.
54. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçıya məxsus olan kart hesabından 20 000 manat məbləğində pul vəsaitinin onun iradəsinə zidd olaraq, yəni onun razılığı olmadan başqa kart hesabına köçürüldüyü müəyyən ediliyindən mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt olan törədilmiş əməlin hüquqazidd olması şərti mövcud olmuşdur.
55. İddiaçı məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Forex” adlanan təşkilata onun kart məlumatlarının verilməsindən sonra heç bir əsas olmadan onun kart hesabından 20000 manat məbləğində pul vəsaiti digər kart hesablarına köçürülmüşdür.
56. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hüquqazidd əməlin törədilməsində iddiaçının özünün də təqsirli hərəkətləri olmuşdur.
57. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, hadisə baş verən zaman o artıq 3 ay olardı ki “Forex” adlanan təşkilatla əməkdaşlıq edərək pul vəsaiti qoymuşdir. O qeyd etmişdir ki, “Forex”ə necə pul köçürməli olduğunu bilməmişdir. Onlar özləri ona köçürməni necə etməli olduğunu ona demişlər. O qeyd etmişdir ki, o Forexdə pul itirdiyi və onunla əlaqə saxlayan şəxslər onun itirdiyi pulu ona qaytaracaqlarını bildirdikləri üçün o, kartın üzərinə olan 16 rəqəmi vermiş və ondan sonra onun kartından 20 000 manat məbləğində pul vəsaiti çəkilmişdir.
58. Qeyd etdiyimiz kimi iddiaçının kartından çəkilən 20 000 manat məbləğində pul vəsaiti ilk öncə Cavabdeh2 kart hesabına köçürülmüşdür.
59. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, həmin tarixdə onun birbank mobil tətbiqi yalnız öz istifadəsində olmamış, başqa şəxsin istifadəsində də olmuşdur.
60. Bu, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş materialları (yazışmalar, Kapital Bank” ASC tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli məktub) və həmçinin mütəxəssis X2 izahatına əsasən müəyyən edilmişdir.
61. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin hadisədən əvvəl sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17:59 radələrində (cihaz modeli: TCL5002H), Cavabdeh1 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17:12 radələrində (cihaz modeli: Xiaomi M2101K7AG) olduğu müəyyən edilmiş və Cavabdeh2 istifadəsində olan 4169 73** **** 8763 nömrəli, Cavabdeh1 istifadəsində olan 4169 73** **** 2477 nömrəli plastik kartlarla bağlı “SMS xəbərdarlıq” xidmətinə qoşulma olmamış, lakin “3D təhlükəsizlik kodunun göndərilməsi” xidməti aktiv olmuşdur.
62. X4 məhkəmə iclasında verdiyi izahatında (xx.xx.2024) bildirmişdir ki, Cavabdeh2 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin hadisədən əvvəl sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17:59 radələrində olması onu ifadə edir ki, dələduz tərəfindən cihaz dəyişikliyi olan şəxsin məlumatları ələ keçirilmişdir. O qeyd etmişdi ki, dələduzlar pulu ölkə xaricinə çıxarmaq üçün şəxsləri aldadaraq inandırırlar ki, onlar şəbəkənin işçiləridirlər, onlara müəyyən məbləğdə qonorar verəcəklər. Bunun səbəbi isə odur ki, "xxxx" tərəfindən istifadəçiləri qorumaq üçün karantin müddəti tətbiq edilir ki, məsələn cihaz dəyişikliyi olduqda onlar pul köçürmələri edə bilməsinlər. Bu müddət isə 3 gündür. Bu müddət ərzində dələduzlar şəxsləri onların şəbəkənin işçisi olduğuna inandırırlar ki, həmin pul vəsaitini karantin müddəti bitdikdən sonra köçürə bilsinlər. Karantin müddəti bitdikdən sonra isə onlar həmin pul vəsaitini başqa hesablara köçürürlər.
63. Həmçinin Xətai rayon Polis idarəsində istintaq edilmiş cinayət işi üzrə iş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, Cavabdeh2 tətbiqindən həmçinin başqa şəxs istifadə etmişdir, həmçinin cavabdeh onun kart hesabına daxil olmuş 20 000 manat məbləğində pul vəsaitinin necə daxil olmasından, oğurluq pul vəsaiti olmasından məlumatlı olmamışdır.
64. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi 20000 manat pul vəsaitinin 16 000 manat məbləği elə həmin gün-xx.xx.2024-cü il tarixdə Cavabdeh2 kart hesabından Cavabdeh1 kart hesabına köçürülmüşdür.
65. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, həmin pul vəsaiti Cavabdeh1 kart hesabından da başqa kart hesabına köçürülmüşdür.
66. Məhkəmə araşdırması zamanı qeyd edilən pul vəsaitinin Cavabdeh1 kart hesabından digər kart hesabına cavabdeh tərəfindən və ya kənar şəxslər tərəfindən köçürülməsi sübuta yetirilməsə də, "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilənlər (Cavabdeh1 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17:12 radələrində (cihaz modeli: Xiaomi M2101K7AG) olduğu müəyyən edilmiş) ilə X4in məhkəmə iclasında verdiyi izahat əlaqəli şəkilə şərh edilməklə qeyd etmək olar ki, mobil tətbiq cavabdehin öz istifadəsində olmuşdur. Lakin müəyyən edilmiş hal isə ondan ibarətdir ki, həmin pul vəsaiti onun kart hesabından köçürülmüşdür.
67. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, o sayta investisiya qoymuşdur. O, məsələn, 200 manat qoyurdu sonra həmin pul vəsaiti ona 250 manat olaraq geri qayıdırdı. Saytdan ona 5126 manat pul gəlməli idi. Onlar zəng vurub demişlər ki, ona 16000 manat pul gələcək, həmin vəsaitin 5126 manatı onundur, qalan məbləği isə onların dedikləri karta göndərməlidir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.
69. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilsə də, onun hüququnun cavabdehlərin hərəkətləri nəticəsində, onların təqsiri nəticəsində pozulduğu sübuta yetirilməmişdir.
70. Yəni iddiaçının kart hesabında pul vəsaitinin onlar tərəfindən çəkilməsi, istifadə edilməsi, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması, iddiaçının kart hesabından pul vəsaitinin çəkilməsində onların təqsiri sübuta yetirilə bilməmişdir.
71. İddiaçı onun kart hesabından pul vəsaitinin cavabdehlər tərəfindən çıxarılmasını iddia etsədə, bunu təsdiq edəcək sübutlar məhkəməyə tədqim edilməmişdir.
72. Məhkəmə iddiaçının izahatına (kartdan pul vəsaitlərinin cavabdehlər tərəfindən çıxarılması) münasibətdə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, mülki məsuliyyətin yaranması üçün zərərin məhz cavabdehin hərəkətləri nəticəsində vurulduğu, onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqə olduğu sübut edilməlidir.
73. Məhkəmə araşdırılması nəticəsində iddiaçının kart hesabından pul vəsaitinin cavabdehlərin hüquqazidd, təqsirli hərəkətləri nəticəsində çıxarılmasını təsdiq edən hallar müəyyən edilməmişdir.
74. Xətai RPİ-nin istintaq şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə başlanmış cinayət işi üzrə icraat cinayət törətmiş şəxs müəyyən edilmədiyindən cinayət törətmiş şəxs müəyyən edilənə qədər dayandırılmışdır.
75. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan da görünür ki, bu hüquqazidd əməli törədən şəxslər istintaqa da məlum olmamışdır.
76. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
77. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
80. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
81. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
83. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən, iş üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hala dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin oluna bilməz.
Məhkəmə xərcləri :
84. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 150 manat dövlət rüsumu ödənilmişdir.
85. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
86. Belə olduqda məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
87. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 150 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva