Məhkəmə qərarları › İş №2(007)-835/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-835/2024

08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-835/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X6 nümayəndəsi Məmmədov Rövşən Rafiq oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Heydər Əliyev adına X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş 300 mm-lik boru kəmərlərinin mühafizə zolağında, kəmərdən təqribən 25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş tikilinin (fərdi yaşayış evi), yaşayış evinə bitişik köhnədən olan 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpicdən tikilimiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X7 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zolağında, kəmərdən təqribən 20-25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada özünü Cavabdeh1 kimi təqdim edən şəxs tərəfindən yaşayış evinə bitişik köhnədən olan 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpiclərlə hörgü işləri aparılaraq arakəsmə divarın tikilməsi faktı aşkar olunmuşdur. Vətəndaş Cavabdeh1 aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Lakin həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq işləri davam etdirəcəyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, hənin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Qanunsuz tikinti işləri aparılan ünvana NEZ-in əməkdaşlarının iştirakı ilə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı NEZ-ə məxsus Dş 300 mm-lik neft məhsulu nəql olunan boru kəmərinin mühafizə zolağında, kəmərdən təqribən 25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada ünvan 1 ünvanında qanunsuz tikinti işləri aparılması faktı müəyyən olunmuş və bu barədə akt tərtib olunmuşdur. Bundan başqa Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqtəsdiqedici sənədlərin mövcud olmadığı, həmin fərdi yaşayış evinin özbaşına tikili olması faktı da müəyyən olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ekspertizanın rəyi ilə razı olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd olunan evin sənədi olmamış və ev xüsusi mülkiyyət deyildir. Cavabdeh1 tikilini özünün tikdiyini dediyinə görə onu cavabdeh qismində qeyd etmişlər. Buna görə də tikinti işlərinə baxış keçirən zaman Cavabdeh1 akta imza çəkmişdir. Orada tikintinin davam etdirilməsi ehtimalı var idi. Tikintini əvvəl cavabdeh Rövşən, sonra isə oğlu tikdiyini bildirmiş, ona görə də sonradan hər ikisini cavabdeh qismində qoymuşlar. Kim tikilini tikdiyini bildirsə idi, aktda onu cavabdeh qismində qeyd edəcəkdilər. Əsas məsələ qanunsuz olan tikilinin sökülməsidir. Evin əvvəl tikilməsinin əhəmiyyəti yoxdur. Boru xətləri təzə çəkilməmişdir, boru xətləri köhnədir və istismardadır. Bu məsələ ilə bağlı bir çox vətəndaşlara qarşı iddia qaldırılmış, 2010-2012-ci illərdə 600-700 iş olmuşdur ki, X6 xeyrinə yekunlaşmışdır. Mühafizə zolağına düşən əksər evlərlə bağlı iddia qaldırılmış, qətnamələrin icrası müvəqqəti dayandırılmışdır. Əhalinin təhlükəsizliyi baxımdan, boru xətlərində bir problem olduğu təqdirdə problemin aradan qaldırılması ilə bağlı bu iddiaları qaldırırlar. Bir bədbəxt hadisə olduğu zaman X7 mühafizə zolağına düşən tikililər ilə bağlı niyə tədbir görməməsi barədə sual verəcəklər. Qanunvericliyin tələbinə uyğun olaraq mühafizə zolağında tikili tikmək olmaz. Ona görə də bu iddialar qaldırılır. Hasar boru xəttinə yaxındır, ondan sonra ev gəlirsə ev də mühafizə zolağına düşür və onlar tərəfindən tikili dedikdə hasar və fərdi ev bütövlükdə nəzərdə tutulur. Bundan əlavə, polis tərəfindən tərtib edilən aktda qeyd edilir ki, xx.xx.2023-ci il tarixində Pəhlivan Fərzəliyev küçəsində NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zolağında kəmərdən təqribən 20-25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada özünü Cavabdeh1 kimi tanıdan şəxs tərəfindən köhnədən olan hasarın içərisindən, köhnədən olan yaşayış evinə bitişik, köhnədən olan 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr qırmızı kərpiclərlə hörgü işləri aparılaraq arakəsmə divarın tikilmə faktı aşkar edilmiş, Cavabdeh1 aparılan işlərin mühafizə zolağına düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və bununla bağlı yazılı qaydada xəbərdarlıq edilmiş, lakin o xəbərdarlığa məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. Onlar tərəfindən mübahisəli əraziyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evi bütünlüklə mühafizə zonasına düşür. Mühafizə zonası olaraq isə boru xətlərindən ən yaxın məsafə götürülür. Onlar oraya yerində baxış keçirmiş və yeni akt tərtib etmişlər. Lakin, əvvəl keçirilmiş baxış zamanı fərdi evin mühafizə zolağında olması ilə bağlı akt tərtib etməmişlər. Onların mübahisəli tikiliyə görə qarşı tərəfə kompensasiya vermək niyyətləri yoxdur. Mübahisəli ərazidə yerləşən torpaq sahəsi və ev heç kimsənin mülkiyyətində deyildir, qanunsuz olduğuna görə həm Torpaq Məcəlləsinə, həm də Mülki Məcəlləyə görə torpaq sahəsi boşaldılmalı və orada olan tikili sökülməlidir. Eyni zamanda obyekt strateji obyekt hesab olunur. Energetika Nazirliyinin və SOCAR-ın rəyi olmadan hər hansı tikinti işlərinin aparılması qadağandır, burada hər hansı icazə, bu evin qanunsuz tikili olmamasına əsas gətirən sənəd alınmamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən ev 20 il əvvəl tikilmiş, həmin evi Aslan adlı şəxsdən təxminən 1 il əvvəl 26000 manata almış və ev əvvəl pis vəziyyətdə olduğu üçün ora 60000 manat məbləğində təmir xərci çəkmişdir. Həmin ərazidə yerləşən bütün evlər mühafizə zolağına düşür, sökülürsə evlərin hamısı sökülsün. Onlar evin damına toxunmamış, sadəcə içəridən keçid olsun deyə 2X2 qırmızı kərpicdən hörülən tikili əlavə etmiş, başqa heç nə əlavə etməmişlər. Yeni tikilən nə varsa sökülə bilər. İddiaçı tərəfin niyyəti odur ki, evləri sökəndə onları çıxardıb, pul verməsin. Mübahisəli ev onun yeganə yaşayış yeridir və mülkiyyətində başqa ev yoxdur. Onun evin söksələr, harada yaşayacaqlar? Həmçinin, qeyd olunan ev onun evidir və bu məsələnin atası olan digər cavabdeh ilə heç bir əlaqəsi yoxdur. İş üzrə keçirilmiş ekspert rəyi ilə də razı deyildir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sökülməsi tələb edilən ev oğlunundur, qaz, su, kommunalların hamısı, bələdiyyədən təsdiq edilmiş evin çertyoju oğlunun adınadır və kərpicdən olan tikilinin tikintisini oğlu aparmışdır. Onun ünvan 2 ünvanında yerləşən evi ilə oğlunun evi qonşudur və baxış keçirən zaman oğlunun evi yerinə onun evini yazıblar. Ona heç kəs xəbərdarlıq etməmiş, oğlu olmayan zaman videoçəkiliş ediləedilə ondan etdiklərindən artıq tikinti aparıb-aparmayacaqları soruşulmuş, o da aparmayacaqlarını bildirmişdir. Ondan aparılan tikinti işlərinə cavabdeh olub-olmamasını soruşduqları zaman cavabdeh olduğunu qeyd etmişdir. Ona tikinti qurtarılandan sonra akt verilmiş və o da imza çəkmişdir. Hasar çəkilən yer onların həyətinin içindədir. Onlar bələdiyyə vergisi verirlər, belə ki, orada uçot üzrə qeydiyyatdadırlar. Əvvəl ayaqyolu çöldə olmuş, daha sonra ayaqyolunu bir metrlik kərpicdən hasar hörüb evə bitişdirmişdilər. İş üzrə keçirilmiş ekspert rəyi ilə də razı deyildir. İşin mübahisəsiz halları: Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Heydər Əliyev adına Bakı X6 mühafizəsi uzrə Polis İdarəsinin bölük komandiri, Polis serjantlarının iştirakı ilə xx.xx.2023-cü il tarixli akt tərtib edilərək xx.xx.2023-cu il tarixdə 47 saylı postun ərazisində saat 14:30-da Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zolağında, kəmərdən təqribən 20-25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada özünü Cavabdeh1 kimi təqdim edən şəxs tərəfindən köhnədən olan hasarın içərisində köhnədən olan yaşayış evinə bitişik köhnədən olan 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpiclərlə hörgü işləri aparılaraq arakəsmə divarının tikilməsi tərəflərindən aşkarlanmışdır. Cavabdeh1 aparılan işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərinin parılmaması üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. Cavabdeh1 öz həyətinin içində tikinti işləri apardığını eləcə də, köhnədən olan sanitar qovşağının açıq olan hissəsini hörərək evinə qatdığını və aparılan işlərin davam etdiriləcəyini bildirmişdir. Həmçinin "xxxx" MMC-nin əmri ilə yaradılmış komissiya tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərindən hesablanan 50 metrlik “Mühafizə zonası”na baxış keçirilmiş və baxış zamanı Cavabdeh2 tərəfindən ünvan 3 ünvanındakı yaşayış evinin qarşısına tikilən 2.5x2.5 ölçüdə sanitar qovşağının “Mühafizə zonası”nın 25 metrliyində yerləşməsi, həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm neft boru kəmərləri keçməsi məlum olmuşdur. Bu barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli aktı tərtib edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il akt ilə MMC-nin əmri ilə yaradılmış komissiya tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərindən hesablanan 50 metrlik “Mühafizə zonası”na baxış keçirilmiş və baxış zamanı ünvan 4 ünvanında vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikdirilib yaşanılan fərdi yaşayış evinin “Mühafizə zonası”nın 27 metrliyində yerləşməsi, həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm neft boru kəmərləri keçməsi müəyyən edilmişdir. Bundan əlavə qarşı tərəf tərəfindən məhkəməyə təqdim edilmiş Nizami Rayonu Keşlə Bələdiyyəsi tərəfindən təsdiq edilmiş "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılması ilə bağlı tərtib edilmiş hesabat cədvəlindən görünür ki, ünvan 1 ünvanının sahibi Cavabdeh2dur, tikinti 2003-cü ildə tikilmiş, tikintinin ümumi sahəsi 91 kv.metrdir və xx.xx.2023-cü il tarixə inventar dəyəri 48200 manatdır. Həmin əmlak vergi ödəyicisi kimi qeydiyyata alınmaq üçün qəbul edilmişdir. Eyni zamanda, mübahisəli tikilinin işığı üzrə abonent Cavabdeh2 adı qeyd edilmişdir. Mübahisəli məsələlərin araşdırılması məqsədilə iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2943 nömrəli ekspertiza rəyinin nəticə hissəsi ilə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ünvanında yerləşən cavabdehin istifadəsində olan daş hasarın və fərdi yaşayış evinin “Heydər Əliyev adına X8”nun istismarında olan neft kəmərindən 24.3 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar və fərdi yaşayış evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2023-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ və 29.İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası: 8.1 və 8.2. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 5.2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. 49.1 hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 84.1 və 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı qərarı: 4.1. İxrac neft boru kəmərlərinin (İNBK-nın) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi üzrə işlərin edilməsi qadağandır. Məhkəmə ilk öncə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehlərin izahatı və iş materialları ilə hazırda sökülməsi tələb edilən mabhisəli hasar və tikilinin Cavabdeh2 məxsus olduğu, Cavabdeh1 həmin sahə ilə əlaqəsi olmadığı öz təsdiqini tapdığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, qanunvericiliyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus torpaq sahəsində inşa edilən özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin Cavabdeh2 (bundan sonra cavabdeh) fasiləsiz olaraq həmin tikilidə yaşadığı müəyyən edilmişdir. Hazırki iddia tələbində qeyd olunan torpaq sahəsində tikili 2003-cü ildən inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də, 2003-cü ildən mübahisəli ərazidən sərbəst şəkildə istifadə edilmiş, bu müddət ərzində orada yaşayan şəxslərə heç bir irad və etiraz bildirilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş 20 ildən çox müddət ərzində mövcud olmuş tikilidən cavabdehdən öncə yaşayan şəxslərin və eləcə də cavabdehin istifadəsinin ligitimliyi tanınmış, hazırda da həmin tikili Cavabdeh2 istifadəsinə verilmiş, orada yaşayan şəxslər tərəfindən özlərinin mənzil şəraitləri həll edilmiş hesab edilərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə edilmiş, Cavabdeh2 bildirməsinə görə həmin tikili üzərində təmir işləri aparmış, tikili üçün müəyyən xərclər çəkmişdir. Bu müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən əvvəlki istifadəçilərin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ Cavabdeh2 ötürülmüşdür. Lakin iddiaçı tərəfindən həmin tikilinin tikildiyi, cavabdehin və ondan öncəki istifadəçilərin həmin ərazidə yaşadığı müddət ərzində inşa edilmiş mübahisəli tikilinin məhz NEZ-ə məxsus neft kəmərinin üzərində yerləşən torpaq sahəsinin zəbt edilərək qanunsuz tikintinin mövcudluğundan məlumatlı olunduğu halda bununla bağlı hər hansı bir tələbləri olmamışdır. Bununla yanaşı, məhkəmə bildirir ki, cavabdehin ailəsi ilə birlikdə yaşadığı ev onlar üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində evin mövcudluğunu və mühafizə zonasında olmasını bildikləri halda bunun belə qalmasına hər hansı bir reaksiya verməməklə əksinə onların və əvvəlki sakinlərin burada yaşamasına şərait yaratmış, onların sahibliyini tanımışdır. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, insan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Qeyde edilmişdir ki, evin sökülməsi və oradan çıxarma mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evdə 1994-cü ildən yaşayır, hazırda da anası ilə birlikdə yaşayır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). 30. Məhkəmə eyni zamanda bildirir ki, hazırda sökülməsi tələb edilən evin cavabdehin və ailəsinin yeganə yaşaya biləcəkləri ev olması və başqa ev almaq üçün imkanlarının olub-olmaması üçün evin sökülərək oradan çıxarılacağı halda evsiz qalacağı hallarını nəzərə alınmalıdır. İşin mübahisəsiz halları ilə müəyyən edildiyi kimi, həmin ev 2003-cü ildən mövcud olmuşdur. Həmin vaxtdan hazırki dövrlərədək (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyatı orqanların evin özbaşına tikili olması və sökülməli olması ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmiş və etməkdədir. Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda cavabdehin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan iddiaçı tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair qaldırılmış iddianın təmin edilməsi halında Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Məhkəmə cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdıraraq müəyyən etmişdir ki, cavabdehin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bu hal yoxlanılaraq başqa yaşayış yerinin olmaması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, inşa olunmuş özbaşına tikilinin müvafiq kompensassiya ödənilmədən sökülməsi də sosial ədalət prinsipinə zidd olardı və fərdi yaşayış evinin özbaşına tikili olması və mühafizə zolağı hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarardı. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş aktlar ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməməsi, ünvan 3 ünvanındakı yaşayış evinin qarşısına tikilən 2.5x2.5 ölçüdə sanitar qovşağına və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi və həmin ev ilə sanitar qovşağının NEZ-ə məxsus mühafizə zonasında yerləşməsi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı təşkilat tərəfindən mübahisəli evin qarşısına tikilən sanitar qovşağına baxış keçirilsə də, sökülməsi tələb edilən evə baxış keçirilməmiş, həmin fərdi ev ilə bağlı akt tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2943 nömrəli ekspert rəyi yalnız digər subutlarla təsdiq olunduğu halda iş üçün əhəmiyyətli sübut hesab edilə bilər. Hazırki mülki işin xarakteri baxımından isə yalnız ekspert rəyinə istinad edilməklə yekun nəticəyə gəlinə bilməzdi. Məhkəmə iddia tələbinin “yaşayış evinə bitişik köhnədən olan 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpicdən tikilimiş tikilinin sökülməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırda mübahisəli torpaq sahəsində sökülməsi qət edilən hasarın yaşayış evi olmadığını nəzərə alaraq hesab edir ki, belə olan halda cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olub-olmamasını və digər bu kimi halların araşdırılmasına ehtiyac yoxdur. Bu tikilinin yeni tikilməsi, həmin hasarın sökülməsinə cavabdehin etiraz etməməsi hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində Heydər Əliyev adına X6 istismarında olan neft kəmərindən 24.3 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada olan, yaşayış evinə bitişik 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpicdən tikilimiş tikili sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi ona aid edilməli, qalan 50 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, ekspertiza xərci olan 50 manat vəsaitin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində Heydər Əliyev adına X6 istismarında olan neft kəmərindən 24.3 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada olan, yaşayış evinə bitişik 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpicdən tikilimiş tikili sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Heydər Əliyev adına X8 tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi iddiaçıya aid edilsin, 50 manat hissəsi Cavabdeh2 tutulub iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 manat vəsaitin 25 manat hissəsi Heydər Əliyev adına X5, 25 manat hissəsi Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar