Məhkəmə qərarları › İş №2(007)-85/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-85/2021

24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-85/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi,mənzilin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, mənzilin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək göstərdi ki, uzun müddətdir ki, Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsindəki 4B ünvandakı 9 saylı mənzildə ailəsi ilə yaşayır.Həmin mənzil mülkiyyət hüququ ilə ona məxsusdur.Mənzilini böyük məbləğdə,20-25 min manat xərc çəkməklə təmir etdirmişdir.Əvvəllər yaşadığı çoxmərtəbəli evin 8 saylı mənzilində yaşayan qonşuları birgə yaşayış qaydalarına əməl ediblər.Lakin bir-neçə müddətdir ki, divar qonşusu,yəni cavabdeh öz mənzilində hansısa işlə məşğul olub və sonradan onun mənzilinə su sızmağa başlanıb.Bir müddət sonra qonşu divardan su sızması daha tez-tez olub. Ona görə də məcbur olub cavabdehə dəfələrlə xəbərdarlıq etmişdir və ondan mənzilindəki xətlərini təmir etməyi xahiş etmişdir.Mənzildən su axıdılması ilə əlaqədar dəfələrlə mənzil istismar sahəsinə müraciət etmişdir, tədbir görülməsini tələb tələb etmişdir.Mənzil istismar sahəsinin əməkdaşları dəfələrlə qonşu mənzilin sahibinə,cavabdehə xəbərdarlıq etmiş, qanunsuzluğa son qoyulmasını tələb etmişlər.Lakin heç bir nəticəsi olmayıb.Belə ki, Cavabdeh acıqlı şəkildə mənzildə təmir işləri aparmayacağını bildirirr.Ona görə də 22.07.2019-cu il tarixdə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil İstismar fondunun əməkdaşlarının iştirakı ilə mənzillərə baxış keçirilib və qonşunun sanitar qovşağından 9 saylı mənzilə suyun axıdılması, mənzilinin pis vəziyyətə düşməsi,mənzilində əşyaların xarab olması aşkar edilib,mənzildə divar kağızlarının qopması və ya pis vəziyyətə düşməsi,bununla əlaqədar ona böyük məbləğdə ziyan dəyməsi barədə akt tərtib olunub.Bu vaxta qədər cavabdehdən dəyən ziyanın ödənilməsi və ya mənzilin təmir olunması tələb olunsa da,cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək imtina edib.Ona görə də hesab edir ki,cavabdehin hərəkətlərinə məhkəmə tərəfindən qiymət verilməli və ona vurulan maddi və mənəvi zərər ödənilməli və mənzil cavabdeh tərəfindən bərpa olunmalıdır.Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona 1500 manat maddi ziyan, 500 manat mənəvi ziyan vurmuşdur.Bundan başqa,ödənilən 30 manat dövlət rüsumu da cavabdeh tərəfindən ona qaytarılmalıdır.Odur ki, qeyd olunanları nəzərə alıb, Cavabdeh oğlunun qanunsuz hərəkəti nəticəsində onun Bakı şəhəri,Nizami rayonu,M.X.Şərifli küçəsindəki 4B saylı evin 9 saylı mənzilinə vurmuş olduğu 1500 manat maddi ziyanın,500 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddiaçının mənzilinə onun mənzilindən su axıdılmayıb.Hətta dəfələrlə cavabdehə təklif etmişdir ki, mütəxəssis dəvət etsinlər, suyun axmasının yeri dəqiq müəyyən edilsin, lakin iddiaçı buna razılıq vermir. O, indi də, deyir ki, mütəxəssis dəvət etsinlər, əgər su axma onun mənzilindəndirsə, dəyən ziyanı ödəməyə hazırdır. Bir daha qeyd edir ki,onlar bir mərtəbədə yaşayırlar,onun mənzilindən iddiaçının mənzilinə su sızması mümkün deyil, əgər onun mənzilindən su sızırsa onun alt mərtəbədəki qonşusuna su sızardı, yan mənzildəki qonşuya suyun sızması mümkünsüzdür. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia rədd olunsun. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2021-ci il tarixli,10/1649 saylı ekspert rəyində qeyd olunur ki, “Baxış zamanı cavabdehin 8 saylı mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görülə bilən hissəsində qüsur aşkar olunmadığına, su və kanalizasiya xətlərinin çox hissəsinin üzəri bağlı olduğuna,eləcə də mülki iş materiallarında olan aktların məlumatların bir-birinə zidd olduğuna görə iddiaşının 9 saylı mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsindəki 4B evin 9 saylı mənzilində əmələ gələn qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1134 manat məbləğində olduğu müəyyən olundu” İşin hallarından görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsindəki 4B evin 9 saylı mənzilə su sızma nəticəsində 1134 manat maddi ziyan dəymişdir. Lakin su sızmanın cavabdehin mənzilindən axmasını dəqiqləşdirmək mümkün olmadı.Belə ki,yuxarıda qeyd olunan ekspert rəyinin məzmunundan görünür ki,mütəxəssislər su sızmanın hansı mənzildən axmasını müəyyən edə bilməmişlər. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə maddi və mənəvi ziyanın tutulmasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,iddiaşı öz tələblərini əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir.Ona görə də iddia təmin olunmamalı,ödənilmiş 30 manat dövlət rüsumu isə iddiaçının özünə aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar