Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-851/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2684.79 manat, işsizlikdən sığorta fonduna olan 176.24 manat, İcbari Tibbi Sığorta Fonduna olan 550.67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx.xx.1977, doğulduğu yer- Azərbaycan, Abşeron, Saray qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsixxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 2684.79 manat, İcbari Tibbi Sığorta Fonduna 550.67 manat, işsizlikdən sığorta fonduna 176.24 manat olmaqla, ümumilikdə 3411.7 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********933800, xx.xx.2024-cü il tarixli **********917400, xx.xx.2024-cü il tarixli **********510400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunanlarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 2684.79 manat, İcbari Tibbi Sığorta Fonduna 550.67 manat, İşsizlikdən sığorta fonduna 176.24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx.xx.1977, doğulduğu yer-Azərbaycan, Abşeron, Saray qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7681/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs icra orqanın rəhbəri olduğu hüquqi şəxs "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya təşkilatı olduğundan, dövlət büdcəsinə ödənilməli olan borcu maraqlı şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranmadığından, bu mübahisəyə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması səbəbindən ərizənin geri qaytarılması qərara alınmışdır. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
İş materialları :
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış 16 iyul 2024-cü il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 2681.20 manat borcu olması, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunu 5 gün müddətində ödəməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə xəbərdar edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış 16 iyul 2024-cü il tarixli, **********7 nömrəli bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 175.99 manat borcu olması, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunu 5 gün müddətində ödəməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə xəbərdar edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış 17 iyul 2024-cü il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 462.25 manat borcu olması, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunu 5 gün müddətində ödəməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə xəbərdar edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0237 nömrəli qeydiyyat sənədi verilmiş, rəhbəri Maraqlı şəxsdır.
7. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin şəxsi hesab vərəqəsi əlavə edilmişdir.
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıqdan görünür ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 3519.07 manat məbləğində borcu olması, həmin borcu 15 gün müddətində ödənilməsi, əks təqdirdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
9. İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi Xidmət Mərkəzi ilə “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanılmış “vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat” mübadiləsinə dair xx.xx.2022-ci il tarixli müqavilə forması əlavə edilmişdir.
10. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat” əlavə edilmişdir.
11. İş materiallarına "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilmiş ödənişlərə dair qəbzlər əlavə edilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
15. Azərbaycan Respublikası Konstitusiyasının:
28.İİİ. qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71.İİ. hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 73.İ. qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun:
2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
1.4. həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1. vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.1. vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1. vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
19. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı olan “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” tələbini Maraqlı şəxs rəhbəri olduğu vergi ödəyicisi olan “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 2684.79 manat, İcbari Tibbi Sığorta Fonduna 550.67 manat, İşsizlikdən sığorta fonduna 176.24 manat olmaqla, ümumilikdə 3411.7 manat borcu olması ilə əsaslandırmışdır.
20. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
22. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.
24. Həmçinin Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
25. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə ilk növbədə borcun olub-olmaması, maraqlı şəxsin hüquqi şəxsin rəhbəri olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək istiqamətində araşdırma aparılmalıdır.
26. Məhkəmə iclasında tədqiq edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmış, xx.xx.2022-ci il tarixdə VÖEN (**********) verilmiş, qeyri-kommersiya təşkilatı olub, əsas fəaliyyət istiqaməti çoxmənzilli binaların idarə edilməsidir və rəhbəri Maraqlı şəxsdır.
27. Vergi orqanı tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, məcburi dövlət sosial sığorta haqqı üzrə 2681.2 mnat borcun, işsizlikdən sığorta haqqı üzrə 175.99 manat borcun və icbari tibbi sığorta haqqları üzrə 550.67 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
28. Göründüyü kimi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri olub, onun rəhbərliyi zamanı məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə müvafiq borc yaranmışdır.
74. Belə olan halda, ərizəçi vergi ödəyicisi olan “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
29. Məhkəmə qeyd edir ki, hazırki mərhələdə məhkəmə tərəfindən qiymət verilməli olan digər məsələ maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hüquqi dövlətin əsas prinsiplərindən olan mütənasiblik prinsipi ilə uzlaşıb-uzlaşmamasıdır.
30. Məhkəmə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
31. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71- ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Battista İtaliyaya qarşı iş” üzrə qərarında göstərilmişdir ki, məhkəmələr ərizəçinin şəxsi vəziyyətinin və ya ödənilməli olan məbləğləri ödəmək qabiliyyətinin araşdırılmasını zəruri hesab etməmiş, avtomatik olaraq mübahisələndirilən tədbiri tətbiq etmiş, mübahisələndirilən hüquqları tarazlaşdırmaq cəhdi etməmişlər (Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı, § 44).
34. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, mülki işin məhkəmə icraatı zamanı maraqlı şəxs tərəfindən yaranmış borc məbləğinin böyük bir qismi ödənilmişdir. Belə ki, məhkəmə tərəfindən maraqlı şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin şəxsi hesab vərəqəsi ilə birlikdə tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, maraqlı şəxs tərəfindən İşsizlikdən sığorta fonduna olan 176.24 manat borc tam şəkildə, Dövlət Sosial Müdafiə Fonduna 2684.79 manat borc məbləğindən 1800 manat, İcbari Tibbi Sığorta Fonduna 550.67 manat borc məbləğindən 150 manat ödəniş edilmişdir.
36. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, nəzərə alınmalıdır ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya təşkilatı olub, əsas fəaliyyət növü çoxmənzilli binaların idarə edilməsi olduğundan onun əsas vəsaiti çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi ilə formalaşır. Maraqlı şəxs tərəfindən öhdəliklərin yerinə yetirilməsi sahə mülkiyyətçiləri tərəfindən öz öhdəliklərinin vaxtında yerinə yetirilməsi ilə səbəbli əlaqəlidir. Lakin müəyyən edilmişdir ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti öhdəliklərin icrasından yayınmayaraq müvafiq xəbərdarlıqdan sonra bildirişdə tələb edilən məbləğin böyük hissəsini hissə-hissə ödəmişdir.
37. Belə olan halda məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hazırki ərizə ilə müraciət etməsi üçün əsas olmuş borc məbləğinin böyük hissəsi ödənildiyindən Maraqlı şəxs əsas konstitusion hüquqlarından olan hərəkət azadlığı hüququnun müvəqqəti məhdudlaşdırılması qalıq borc məbləği ilə mütənasiblik təşkil etmir.
38. Digər tərəfdən, vergi orqanının hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin MMMC-nin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, MMMC-nin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi) iş materiallarından görünmür.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə Qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı, № № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, § 93).
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə Qərarında göstərilmişdir ki, hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstərib-göstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcu yığmaq şansını sarsıda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkədaxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərilməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə tutulmayıb. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 124- 125).
Nəticə :
41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı olan “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia tələbi təmin edilməməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı olan “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva