Məhkəmə qərarları › İş №2(007)-870/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-870/2021

16.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-870/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil,Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsi hamam (Təzə Hamam) kimi fəaliyyət göstərir. Cavabdeh 2018-ci ilin yay ayında ona hamamın işlədilməsi üçün paragenerator adlanan avadanlığı 2500 manata satmışdır.Həmin avadanlığı satarkən cavabdeh ona bildirmişdir ki, onun şirkəti var, bu işlə məşğul olması üçün onun lisenziyası var və həmin parageneratorun sertifikatını ona təqdim edəcək. Ancaq sonradan ona məlum olmuşdur ki, cavabdeh heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və ona satdığı avadanlığın heç bir sertifikatı yoxdur. Cavabdeh ona həmin avadanlığı satdıqdan sonra həmin avadanlıq işləməmiş, dəfələrlə zəng etsə də zənglərinə cavab verməmiş və nəticədə maddi və mənəvi zərər vurmuşdur. İddiaçı həmin avadanlığı ustalara göstərdikdə onlar ona bildirmişdirlər ki, bu avadanlıq ümumiyyətlə hamam üçün nəzərdə tutulmuş paragenerator deyil və bu avadanlığın hamamda işlədiməsi təhlükəlidir.Beləliklə, cavabdeh onu aldatmışdır. Bunun nəticəsində həmin vaxtdan demək olar ki, o, hamamı işlədə bilmir. O, bununla bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.Nəsimi RPİ tərəfindən 24.10.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh 2500 manat, maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 5000 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, həqiqətən də avadanlıqları cavabdehə məxsus hamamda quraşdırmışdır. Onun bacısı oğlunun dostu olduğu üçün cavabdehdən cəmi 1700 manat pul almışdır. Avadanlığı ona qaytaracağı halda iddiaçıya 1700 manatı qaytarmağa hazır olduğunu, lakin qaytarmayacağı halda ona 1000 manat verməyə razı olduğunu bildirmişdir.Hal-hazırda onun bu cür işlərin görülməsi üçün lisenziyası yoxdur. Məhkəmə tərəflərin izahatını və iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-NİN MA seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi 54 saylı qeyriyaşayış sahəsi ümumi birgə pay haqqı ilə 27.07.2007-ci il tarixdə İddiaçı, 25.06.2010-cu il tarixdə X1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşin hallarından görünür ki,Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində hamamın işlədilməsi üçün orada paragenerator quraşdırmış,bununla əlaqədar İddiaçı 1700 manata paragenerator almış, lakin həmin avadanlıq bir müddət işlədikdən sonra sıradan çıxmışdır. İddiaçı avadanlığa görə 2500 manat ödədiyini bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təsdiq etməmişdir. Bundan başqa,iddiaçı cavabdehdən əldən çıxmış faydaya görə 5000 manat,mənəvi zərərə görə isə 5000 manat pul tələb edir. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı cavabdehdən əldən çıxmış faydaya görə 5000 manat tələb etsə də öz tələbini əsaslandırmamış,əldən çıxmış faydanın nədən ibarət olması barədə sənədlər təqdim etməmişdir. Məhkəmə 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bаğlı qеyd еdir ki, həmin hissədə də iddia təmin oluna bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İddiaçı cavabdehdən mənəvi zərərə görə 5000 tələb etsə də, оnа 5000 mаnаt məbləğində mənəvi ziyаn dəyməsinə dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə аrаşdırmаsı müddətində təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək və cavabdehin iddianı qismən,1700 manat hissədə etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh 1700 manat maddi zərər İddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğu üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh 1700 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçının xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar