Məhkəmə qərarları › İş №2(007)-874/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-874/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-874/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki ,o Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79, mənzil 23-də qeydiyyatdadır və orada yaşayır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borcu olmayıb, istifadə etdiyi enerjinin pulunu daim vaxtında ödəmişdir. 08.10.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən onun iştirakı olmadan istifadə etdiyi elektrik sayğacına baxış keçirilmiş və guya sayğacın ekranının oxunmaması ilə əlaqədar həmin sayğacın yeni sayğac ilə dəyişdirilməsi qeyd edilmişdir. Amma sayğaca heç vaxt onun tərəfindən heç bir müdaxilə olunmamış, sayğac daim tam saz vəziyyətdə olmuşdur. “xxxx” ASC-nin əməkdaşları tərəfindən istifadəsində olan sayğaca baxılıb elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib edilənə qədər “xxxx” ASC-nin Bakı Elektrik Şəbəkəsinin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir nöqsan aşkar etməmişdir. O hər ay nümunəvi vətəndaş kimi elektrik enerjisindən istifadəyə görə sayğacda və nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Bundan başqa, ölkədə və dünyada mövcud olan karantin rejimi ilə əlaqədar o bir neçə ay olar ki bağda yaşamışdır. Elektrik sayğacı onun həyətində yerləşmir və ona oluna biləcək hansısa müdaxiləyə cavabdeh ola bilməz. Bağdan gələndə elektrik enerjisi olmadığı üçün o cavabdeh təşkilata müraciət edib səbəbini öyrənəndə, ona bildirilmişdir ki, sayğac dəyişilmiş, laboratoriyaya göndərilmiş və orada sayğaca müdaxilə olduğu üçün cərimə edilmişdir. O qeyd olunan cərimə ilə razı olmadığını, əsassız olaraq cərimə edildiyini bildirmiş və cərimə olunmağı barədə qərarın ləğvi üçün məhkəməyə müraciət etməkdən ötəri qərarın surətinin ona verilməsini xahiş etmişdir. Həmin cəriməni ödəyəcəyi təqdirdə elektrik enerjisi bərpa olunacağı bildirilmişdir. Həmin cərimədən 100 manat ödəniş etdikdən sonra elektrik enerjisini bərpa etdilər. 100 manat ödənişi cəriməni qəbul etdiyi üçün yox, sadəcə evdə xəstə olduğundan və işığa ehtiyacı yarandığına görə təcili ödəniş etmək məcburiyyətinə qaldı. O “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinə müraciət edərək cərimə ilə razı olmadığını, cərimə qərarını məhkəmədə mübahisələndirəcəyini, işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər bu qaydada elektrik xəttinin kəsilməsinin qanunsuz olduğunu və məhkəməyə müraciət etmək üçün onun cərimə olunmağı barədə sənədin surətinin ona verilməsini dəfələrlə xahiş və tələb etsə də vətəndaşa bu sənədin verilə bilməyəcəyi, belə bir səlahiyyətlərinin olmadığı kimi absurd bir cavab verdilər. Vətəndaş cərimə olunur lakin cərimə olunması barədə qərarın surəti ona verilmir. Bu qanunvericiliyin tələblərinin və vətəndaşın özünümüdafiə hüququnun kobudcasına pozulmasıdır. Halbuki qanunun tələbinə əsasən o sənədi axtarmalı deyil, cərimə olunması barədə qərar qəbul edən vəzifəli şəxslər tərəfindən sənədin bir surəti də mütləq ona verilməli idi. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə onun, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akt sadəcə cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Hesab edir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 08.10.2020-ci il tarixli, 020316 saylı akt əsassızdır, həmin akt əsasında hesablanmış 678,19 manat məbləğ əsassız hesablanmışdır, ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Enerji təchizatı müəssisəsinin abonentin üzərinə pulun ödənilməsi öhdəliyini qoyan hər bir aktı, kifayət qədər mötəbər əsaslara söykənməli, şübhə doğuran hallara istinad olunmamalı, yoxlamanın obyektiv və qərəzsiz aparılması üçün zəruri şərait yaradılmalıdır. Qanunvericilikdə elektrik enerjisindən istifadə qaydalarının pozulması faktlarının aşkar olunub rəsmiləşdirilməsinin obyektiv və qərəzsiz aparılmasına təminat verən qaydalar dəqiq müəyyən olunmuşdur. Barəsində tərtib edilmiş akt kifayət qədər əsaslandırılmamışdır. Buna görə də barəsində tərtib edilmiş akt ləğv edilməlidir. Qeyd olunanlara əsasən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 08.10.2020-ci il tarixli, 020316 saylı aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış 678,19 manat borcun silinməsi və ödədiyi 100 manat məbləğində pulun hesabına (balansına) əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 08.10.2020-ci il tarixli NDM seriyalı 020316 nömrəli aktdan görünür ki, EEİQ-yə uyğun yoxlma aparılan zaman məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış mənzilinin elektrik sayğacının göstərici tablosu oxunmur, elektrik sayğacı axın yükü hiss etmir. Ölçü aparılan zaman məlum olmuşdur ki, elektrik sayğacı yenisi ilə əvəz olunmalı, laboratoriaya şəraitində yoxlanılmaslı və rəy verilməlidir. İş materiallarında olan 19.10.2020-ci il əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texnii sahələr üzrə tələblərə dair 08.10.2020-ci il tarixli NDM seriyalı 020316 nömrəli akta əsasən elektrik sayğacı dəyişdirilmiş, abunəçi 678.19 manatməbləğində cərimə olunmuşdur. İş materiallarında olan 199081 nömrəli protokoldan görünür ki, ******* əsasən 359407 dövlət yoxlamasından keçmiş 15551435 nömrəli T/M ******* fazlı sayğac laboratoriya yoxlamasından keçmişdir. Sayğacın qırmız möhürü normaldır. Sayğac daxili qüsur nəticəsində işləmir. Sayğac istismara yararsızdır. Göründüyü kimi sadalanan aktlarda və rəydə abonent tərəfindən sayğaca müdaxilə olunması öz təsdiqini tapmır.Həmin sənədlərlə müəyyən olunur ki,nasazlıq texniki xarakterlidir. Məhkəmə hesab edir ki, tərtib olunmuş aktla mənzildə yaşayan şəxs tərəfindən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmadığından cərimənin mənzildə yaşayan şəxsdən abonentin saldosuna əsasən tutulmasının hüquqi əsası yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, “xxxx” İstehsalat Birliyi tərəfindən Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 08.10.2020-ci il tarixli, 020316 saylı akt etibarsız hesab edilməli,“xxxx” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 678.19 manat borc silinsin və ödənilmiş 100 manat məbləğində pul İddiaçı hesabına əlavə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 08.10.2020-ci il tarixli, 020316 saylı akt etibarsız hesab edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 678.19 manat borc silinsin və ödənilmiş 100 manat məbləğində pul İddiaçı hesabına əlavə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar