Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-903/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəliyev Toğrul Rasim oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb olunmaqla “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb olunmaqla “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Nizami rayonunda yerləşən 3 saylı xüsusi təhsil məktəbində müəllim vəzifəsində işləyir. Cavabdeh da həmin məktəbin direktorudur. O, direktorun qanunsuz əməllərindən artıq cana yığılmışdır. Belə ki, onların məktəbi sağlamlıq imkanları məhdud olan uşaqlara xidmət etmək üçün yaradılmışdır. Direktor Cavabdeh isə həmin məktəbi biznes mərkəzinə çevirmişdir. Uşaqların məktəbə qəbul olunmasından oranı bitirməsinə qədər olan bütün mərhələlər direktor üçün gəlir mənbəyinə çevrilib. Bu azmış kimi uşaqları müəllimlərə vermək üçün əlavə olaraq hər uşağa görə direktor tərəfindən pul tələb olunur. Direktor şagirdləri pul qarşılığında müəllimlərə satır. Beləcə sağlamlıq imkanları məhdud uşaqlara dövlətin göstərdiyi qayğı 3 saylı xüsusi təhsil məktəbində alver predmetinə çevrilib. Təhsil adına və dövlətin bu sahəyə olan qayğısına ləkə sayılan bu əməlləri nədənsə əlaqədar qurumlar görmürlər. Bu qanunsuzluqlara qarşı o, dəfələrlə etiraz etsə də, səsini heç yerə çatdıra bilməmişdir. Məcbur olaraq işsiz qalmamaq üçün onun tərəfindən də cavabdehə hər uşağa görə 600 manat pul ödənilmişdir. Lakin direktor ondan o pulu alsa da bir neçə müddət sonra şagird üçün başqa müəllim təyin etmişdir. Buna qarşı iradını bildirdikdə, ondan pulunu geri tələb etdikdə və ya əvəzindən başqa şagirdin verilməsini xahiş etdikdə Cavabdeh onu kollektiv içində təhqir etməyə başlamış və otaqdan qovmuşdur. Direktorun digər müəllimlərin yanında ona təhqirlər etməsini, onu iş yerində nüfuzdan salmasını sübut edən səs yazıları da onda vardır. Səs yazısından da görünür ki, ona qarşı “qələt etmisən, tərbiyəsiz, mədəniyyətsiz, anqırtın buranı götürüb, cəhənnəm ol, hara gedirsən get şikayət et, rədd ol gözüm görməsin” və sair başqa ağır ifadələr işlətmişdir. Cavabdehə bu qanunsuz hərəkətləri, davranışı barədə şikayətlərini bildirdikdə o, arxalı olduğunu, heç kəsin ona heç nə edə bilməyəcəyini bildirmişdir. Göründüyü kimi cavabdeh vəzifəsindən və güvəndiyi şəxslərdən sui-istifadə edərək qanunları kobudcasına pozur. Qeyd edir ki, müəllimlərə saatlar uşaq sayına görə yazılır. Müəllimin şagirdi olmadığı təqdirdə ona saat yazılmır və həmin müəllim əmək haqqından məhrum olur. Beləcə onu da ay yarımdır ki, maaşsız qoymuşdur. Cavabdeh barəsində onun tərəfindən Bakı şəhəri üzrə Təhsil idarəsinə və Təhsil Nazirliyinə də şikayət olunmuşdur. Hansı səbəbdənsə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin nümayəndələri buna ciddi yanaşmamışlar. Təhsil idarəsinin nümayəndəsi Bəkir müəllim də onun izahatını almasına baxmayaraq direktor barəsində heç bir tədbir görməmişdir. Cavabdeh barəsində bundan başqa polisə də şikayət etsə də, polis tərəfindən bu məsələlərin onlara aid olmaması, bu cür işlərə görə məhkəməyə müraciət edilməli olduğu məsləhət görülmüşdür. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh əməlləri nəticəsində ona 600 manat məbləğində maddi ziyan, 3000 manat məbləğində isə mənəvi ziyan dəymişdir. Göründüyü kimi, Cavabdeh kollektiv arasında ona qarşı təhqirlər etməsi, ona təzyiq göstərməsi, onu iş yerində iş yoldaşlarının və digər şəxslərin yanında alçaltması, söyüşlər söyməsi nəticəsində ona mənəvi zərərin vurulması sübut olunur. Onun bu hərəkətləri bağışlanılmazdır. Bu qanunsuz hərəkətlərinə görə Cavabdeh cavab verməli və ondan kollektiv arasında üzr istəməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh üzərinə kollektiv arasında ondan üzr istəmək vəzifəsinin qoyulması, mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat və maddi ziyanın əvəzi olaraq 600 (altı yüz) manat, ümumilikdə 3600 (üç min altı yüz) manat pulun və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh onu və müəllimləri elə qorxudub ki, heç bir müəllimin ondan şikayət etməyə cəsarəti çatmır. Cavabdeh dərs saatlarını satır. Kim cavabdehə qarşı çıxsa onun dərs saatları azaldılır. Hər müəllim üçün maksimum 3 şagird ola bilir. Dekabr ayında ondan 1 şagird də alınmışdır. Direktor onu qorxutduğu üçün əvvəllər barəsində heç yerə müraciət etməmişdir, sosial şəbəkələrdə videoları o, yaymışdır. Pulu direktorun özünə deyil, köməkçilərinə vermişdir. Sosial şəbəkələrdə ondan başqa da şikayət edənlər var. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi fikirlər əsassızdır. İddiaçıdan şagirdin alınmasına səbəb valideynin narazı olmasıdır. Bundan əlavə, iddiaçı mənəvi ziyanın əsaslarını göstərməyib və sübut təqdim etməyib. Cavabdeh ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və əməlində cinayət tərkibinin olmamasını müəyyən edib. Əks halda hüquq-mühafizə orqanları və Bakı Şəhəri üzrə Təhsil İdarəsi lazımi olan ağır cəzanı vermiş olardılar. İddiaçı ancaq dərs saatları və uşaqların az olması ilə bağlı şikayətlənir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində araşdırma aparılmışdır. Bununla bağlı əmr verilmişdir. F-75 saylı, 17.02.2022-ci il tarixdə direktora əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə töhmət verilmiş, iddiaçı olan müəlliməyə isə nizam-intizam tənbehi tətbiq edilməsi barədə göstəriş olmuşdur. Pul verilmə məsələsi ilə bağlı isə məlumatları olmadığı üçün araşdırılma aparılmamışdır və həmçinin korrupsiya ilə bağlı hüquqpozmaların araşdırılması vəzifəsi hüquq mühafizə orqanlarına aiddir. Şikayət ərizəsinə baxılıb və araşdırılıb. Araşdırmadan narazı olan şəxslər yenidən müraciət edə bilərlər. Direktora tənbehin verilmə səbəbi “Müəllimlərin etik davranış qaydaları”nın tələbini pozması olmuşdur. Buna görə də cavabdeh barəsində tədbir görülmüş və ona şiddətli töhmət verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 25.01.2022-ci il tarixli arayışının surətindən görünür ki, 13.01.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ünvanında yaşayan İddiaçı DİN-nin 102-ci xidməti məlumatı əsasında 25-ci PŞ-nə verdiyi 090-424A-3122 saylı ərizəsi icraata daxil olmuşdur. İddiaçı ərizəsində Xüsusi Təhsil Məktəbində çalışdığını və məktəbin direktoru Nüşabə xanım tərəfindən təhqir edilməsi barədə bildirmişdir. Materialın araşdırılması zamanı tərəflərin və ərizədə adları qeyd olunan şəxslərin izahatları alınaraq materiala əlavə edilmişdir. Məktəbin direktoru Cavabdeh öz izahatında valideynlərdən birinin müraciəti əsasında Xəyalə xanımın evdə dərs deməsi və narazılığa səbəb olması şagirdlər və valideynlərlə düzgün rəftar etməsi üçün profilaktiki söhbətlər aparılmış və ərizədə qeyd olunanların əksinə olaraq İddiaçı onlarla kobud danışaraq təhqir etmişdir. Toplanmış materialda inzibati xəta olmaması qənaətinə gəlinmişdir. - Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin İddiaçı ünvanlandığı 25.01.2021-ci il tarixli məktubdan görünür ki, onun polis şöbəsinə etdiyi müraciət əsasında araşdırma aparılmış, onun ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi və inzibati xəta aşkar edilmədiyi üçün toplanmış material dəftərxanaya təhvil verilmişdir. - 13.12.2021-ci il tarixli ərizənin surətindən görünür ki, 3 saylı Xüsusi Təhsil məktəbinin şagirdi X5 valideyni X6 həmin məktəbin direktoru Cavabdeh ərizə ilə müraciət edərək, övladının müəlliməsinin dəyişdirilməsini xahiş etmiş və müəllimənin şagirdə kobud davrandığını, mütəmadi dərs buraxdığını və uşağı ağlatdığını, müəllimədən narazı olduğunu qeyd etmişdir. - 07.02.2022-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin müəllimləri işlədikləri məktəbdə şagirdlərin onlara təyin edilməsi üçün və ya hər hansı bir ad altında heç vaxt direktor və ya hər hansı şəxsin onlardan pul tələb etmədiklərini bildirmişlər. Əlavə olaraq qeyd edilmişdir ki, məktəbdə şagird pulla satılmır. Onu da qeyd edirlər ki, məktəbin müəllimi İddiaçı sosial şəbəkələrdə məktəb direktoru haqqında söylədikləri tamamilə şər və böhtandır, həqiqətə uyğun deyil. Dedikləri qərəzlidir. Qeyd olunan akt həmin şəxslər tərəfindən imzalanmışdır. - İntizam tənbehi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın əmrindən görünür ki, Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin pedaqoqdefektoloqu Xəyalə Abdullayevə tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətə əsasən və X1 yayımlanmış Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbi ilə bağlı məqalələrlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılmışdır. İddiaçı müraciətində Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin rəhbərliyi tərəfindən dərs saatlarının paylanmasında neqativ hallara yol verildiyini, dərs yükünün əsassız olaraq azaldıldığını qeyd etmişdir. Araşdırma zamanı qeyd olunan xüsusat direktor Cavabdeh və digər aidiyyəti şəxslərin izahatları ilə təkzib edilmişdir. Həmçinin X1 yayımlanmış 3 nömrəli xüsusi təhsil məktəbi ilə bağlı oxşar məzmunlu məqalələrlə əlaqədar əlavə araşdırma aparılmışdır. Nəticədə müəyyən edilmişdir ki, məktəbin direktoru Cavabdeh və pedaqoq-defektoloq X3 bir-birlərinə qarşı münasibətdə təmkinli davranmalı və hər bir vəziyyətdə özlərini ələ almalı olduqları halda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən «Müəllimlərin etik davranış Qaydaları»nın tələblərinə zidd olaraq, bir-birlərinə qarşı pedaqoji etikaya yaraşmayan davranışa yol verməklə təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmişlər. Bundan əlavə, X7 pedaqoq-defektoloq İddiaçı övladına qarşı kobud davranması, həmçinin dərsləri tədris etməməsi barədə məktəb rəhbərliyinə ünvanlanmış şikayət ərizəsində qeyd olunanlarla bağlı müvafiq araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin direktoru Cavabdeh səhlənkarlığa yol verərək valideyn Arzu Abbasova tərəfindən ona təqdim olunmuş ərizəsində qeyd olunan xüsusatlarla bağlı tam hərtərəfli araşdırma aparmamış, yalnız pedaqoq-defektoloq İddiaçı həvalə olunmuş dərs saatlarının azaldılması ilə kifayətlənmiş, bununla da vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin direktoru Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin direktoruna tapşırılmışdır ki: 2.1. Əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin pedaqoq-defektoloqu X2 intizam məsuliyyətinə cəlb olunmasını təmin etsin. 2.2.X7 ərizəsində pedaqoq-defektoloq Xəyalə Abdullayevə tərəfindən şagird Adəm Məmmədliyə qarşı qeyri-pedaqoji rəftara yol verilməsi, habelə dərslərin tədris olunmamasına dair qeyd olunan xüsusatlar araşdırılaraq nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görülsün. 2.3. Direktor Cavabdeh ilə pedaqoq-defektoloq Xəyalə Abdullayevə arasında yaranmış qeyri-sağlam rəhbər-işçi münasibətlərinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülsün və ümumtəhsil müəssisəsində sağlam pedaqoji mühit bərpa olunsun. 2.4. Analoji halların gələcəkdə təkrarlanmaması məqsədilə zəruri tədbirlər həyata keçirilsin. 2.5. Görülmüş tədbirlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilsin. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 3 nömrəli xüsusi təhsil məktəbində pedaqoq-defektoloq, Cavabdeh isə həmin məktəbin direktoru vəzifəsində çalışırlar. Hazırda İddiaçı, cavabdehin məktəbdə onu kollektiv içərisində təhqir etdiyini və ondan aldığı 600 manat pulu qaytarmadığını bildirməklə, iddiaçı həmin pulun ödənilməsini tələb edərkən bunu maddi ziyan kimi qiymətləndirmiş və onunla bağlı maddi hüquq normalarına istinad etmişdir. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 600 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi “maddi ziyanın ödənilməsi” hissəsində təmin edilə bilməz. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı ərizəsində cavabdehin ona şagird verməsi müqabilində 600 manat məbləğində pul verdiyini, sonuncunun isə vədinə əməl etməməsi təşkil edir. Belə ki, məhkəmədə İddiaçı 600 manat məbləğində pulu Cavabdeh yox, onun köməkçilərinə verdiyini etiraf etmişdir. Eyni zamanda qeyd olunan məbləğin köməkçilərə verməsi barədə də mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri yəni 600 manat vəsaitin iddiaçıya verməsi nəticəsində maddi ziyan dəyməsini sübut edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi ziyanın ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Məhkəmə iddiaçının məhkəməyə ona mənəvi ziyan vurulmasını təsdiq edə biləcək sübut qismində təqdim etdiyi 1 ədəd “CD” diskə münasibətdə isə qeyd edir ki, həmin diskdə olan səs yazıları məhkəmə baxışı zamanı təqdiq edilmiş və iddia tələbinin həmin hissəsinin əsaslılığını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə iddia tələbinin “cavabdehin üzərinə kollektiv içərisində iddiaçıdan üzr istəməsi vəzifəsinin qoyulması” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin tələb də tələbin maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə törəmə tələbdir, iddiaçının tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilmədiyi halda, cavabdehin üzərinə hər hansı vəzifənin qoyulması üçün əsaslar yoxdur. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallarla bağlı olaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsində müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində cavabdehə “şiddətli töhmət” növündə inzibati tənbeh verilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-903/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-903/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver