Məhkəmə qərarları › İş №2(007)-923/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-923/2021

19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-923/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona əsassız olaraq hesablanmış 6019,00 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı evin mülkiyyətçisidir. Ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin evə cavabdeh "xxxx" ASC tərəfindən işıq sayğac quraşdırılmışdır. 19.11.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yerinə yeni içıq sayğac quraşdırılmışdır. Lakin "xxxx" ASC-nin əməkdaşları sonradan onların ünvana gələrək, köhnə sayğacda zədənin (müdaxilənin) aşkar edilməsini bildirmiş, bu barədə 19.11.2020-ci il tarixdə 020588 saylı akt tərtib olunmuş və cavabdeh tərəfindən ona əlavə olaraq 6019,00 manat məbləğində cərimə hesablanmışdır. Baxmayaraq ki, indiyədək vaxtlı vaxtında işlətdiyi işıq pulunu ödəmiş, işıq sayğacını səliqəli işlətmiş və sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi işığın həcmindən görünür ki, o, ayda böyük həcimdə 300 manata yaxın işıq işlədir və belə olan təqdirdə onun sayğaca müdaxilə etməyinə əsas yoxdur. İşıq sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan o, sayğaca nəzarət edə bilməz. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması "xxxx" ASC-nin öhdəsinə düşür və onun səlahiyyətindədir. "xxxx" ASC tərəfindən ondan əsassız olaraq pul tələb edilməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Onun işığa görə iki aylıq 726,26 manat borcu vardır. Qalan əlavə sərfiyata görə hesablanmış borc silinməlidir. Məhkəmə iclasında iddiaçı Kəramət Etibar oğlunun vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin İstehsalat Birliyinin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini iddiaçı tərəfindən işıq sayğacına müdaxilə edilməsini buna dair müvafiq akt tərtib edilərək 6019,00 manat borc məbləği hesablanmışdır. Hesab edirlər ki, iddiaçıya hesablanmış əlavə vəsait tamamilə əlaslıdır və onun tərəfindən ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 19 noyabr 2020-ci il tarixli 020588 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı evədə qurraşdırılmış işıq sayğacına müdaxilə edilməsi, işıq sərfiyyata yol verilməsi sayğacın yenisi ilə əvəz edilməli olması və onun laboratoriya şəraitində yoxlanılmalı olması qeyd edilmişdir. İş materiallarında olan 23.11.2020-si il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı evində qurraşdırılmış sayğac yoxlanılan zaman məlum olmuşdur ki, elektrik sayğacının 258878 saylı qırmızı dövlət möhürünün simi kəsilib, ******* saylı narıncı alt qapaq möhürü pozularaq, daxili sxemin hər üç fazasına uzaqdan idarə etmək məqsədilə xüsusi qurğu vasitəsi ilə müdaxilə olunub. 6019 manat əlavə sərfiyata yol verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən abonent İddiaçı verilmiş bildirişin surətindən görünür ki, onun 6019 manat əlavə sərfiyata görə, 726,26 manat isə qalıq borcu vardır. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda “işıq sayğacında zədənin olması” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda işıq sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir, Sayğacda müdaxilə aşkar edilmiş və abunəçiyə 6019,00 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, elektirk sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh "xxxx" ASC özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla bağlı iddiaçıya borc məbləği hesablanmamalıdır. Odur ki, iddia təmin edilərək, iddiaçının ünvanı üzrə elektirk sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə hesablanmış 6019 manat məbləğində borc silinməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş işıq sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh cərimənin ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, iddiaçının ünvanı üzrə işıq sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə hesablanmış 6019 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı ev üzrə İddiaçı oğluna (abonent kodu **********50003) hesablanmış 6019 manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar