Məhkəmə qərarları › İş №2(007)-929/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-929/2024

06.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-929/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı Mamedrzaeva İradanın iştirakı ilə, İddiaçı Mamedrzaeva İradanın Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı X14 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 29-cu binanın 61-ci mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında Cavabdeh formal olaraq qeydiyyatda qalmışdır. Cavabdeh faktiki olaraq hal-hazırda Polşa Respublikasında yaşayır. Yaşadığı ünvan barədə məlumatlı deyildir. Nəticə etibari ilə həmin şəxsin ünvanla bağlı istifadə hüquqları yoxdur. Cavabdeh Nizami rayonu, Nəsimi küçəsi, ev 29, mənzil 61 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqları mövcud deyildir. Onun sözügedən ünvanda formal olaraq qeydiyyatda olması onun mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırır və buna görə də cavabdehin sözügedən mənzildən istifadə hüququna da xitam verilməlidir.

İş materialları :

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2016-cı il tarixli ********** saylı Çıxarışından görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Məmmədrzayeva İradənin mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli xx.xx.1977-ci il təvəllüdlü Mamedrzaeva İradaya verilmiş arayışdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.1991-ci il təvəllüdlü X5, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh, xx.xx.1999-cu il təvəllüdlü X6, xx.xx.1978-cu il təvəllüdlü X7 və xx.xx.1979-cu il təvəllüdlü X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10214/2023 saylı qərardadından görünür ki, iddiaçı X10 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxs Cavabdeh işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə iddia tələbi mümkün sayılmamışdır.

6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 1148 saylı arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanda yaşamamışdır.

7. ünvan 4rəfindən təsdiq edilmiş 4Ə-1469 nömrəli, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, ünvan 1-də qeydiyyatda olan X7 ünvan 1-də qeydiyyatda olan X12 ünvan 1-də yerləşən mənzili bağışlamışdır.

8. 16 iyun 2007-ci il tarixli 4Ə2 239 saylı bağışlama müqaviləsi əsasında X1 ünvan 1də yerləşən mənzili bağışlama müqaviləsi əsasında X3 bağışlamışdır.

9. İş materiallarına əlavə edilmiş ünvan 1 nömrəli mənzilin sahibi X13 və həmin binada yaşayan sakinlər: X20, X21 və X24 tərəfindən imzalanmış, şəxsin faktiki olaraq qeyd olunan ünvanda yaşamadığı barədə xx.xx.2024-cü il tarixli №001/24 saylı Akt-dan görünür ki, onlar Cavabdeh ünvan 1-də yerləşən mənzildə faktiki olaraq və heç bir zaman yaşamadığını imzaları ilə təsdiq etmişdirlər.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 18/2-7195/24 saylı məktubdan görünür ki, məktubda xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2003-cü il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatda olduğu qeyd edilmişdir.

11. Azərbaycan respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-38-2/33-907/24 saylı məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2019-cu il tarixdə ölkədən çıxmışdır.

12. xx.xx.2024-cü il tarixli, 5871 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı X14 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin mövqeləri :

13. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Mamedrzaeva İrada iddia tələbini müdafiə edərək, iddia tələbimin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Cavabdeh onun ərinin bacısıdır. Cavabdeh heç zaman Azərbaycanda yaşamamışdır. Onun yaşayış yeri Gürcüstandır. Cavabdeh Gürcüstanda böyüyüb və orada ailə qurmuşdur. Cavabdeh yay aylarında istirahət üçün Azərbaycana gəlir və gəldiyi zaman atasının Zığdakı evində qalır. Sonuncu dəfə pandemiyadan qabaq Azərbaycana gəlmişdir. Cavabdehi atası onun sosial müavinət alması üçün bizim evə qeydiyyata salmışdır. Mübahisəli mənzili yoldaşı 1995-ci ildə satın almışdır. Qanunvericiliyə əsasən Azərbaycanda 5 ildən çox yaşayan şəxslər ev ala bilərdi deyə mübahisəli mənzili onun həyat yoldaşı ilk öncə əmisinin arvadının adına almışdır. Daha sonra həmin mənzil yoldaşının adına rəsmiləşdirilmişdir. Yoldaşı isə mənzili ona bağışlamışdır. O isə həmin mənzildə 2003-cü ildən yaşamağa başlamışdır.

14. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə iclasına gəlməmişdir.

15. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

16. İddiaçı Mamedrzayeva İrada cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10214/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbi mümkün sayılmamışdır. Belə ki, həmin qərardadda Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün ilk öncə onun mütləq qaydada mübahisəli mənzilə istifadə hüququ olub-olmaması məsələsinə mülki məhkəmə qətnaməsi ilə qiymət verilməli və yalnız bundan sonra onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə qiymət verilməlidir.

Tətbiq edilən hüquq :

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, mülki iş üzrə icraat xitam verilməlidir.

21. Hazırda iddiaçı Mamedrzaeva İrada Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsinda yerləşən 29-cu binanın 61-ci mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbini cavabdehin mübahisəli mənzildə yaşamaması, həmin mənzildə formal qeydiyyata alınması ilə əsaslandırmışlar.

22. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.

23. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzil X2 tərəfindən xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının əri X3 bağışlanmış və X7 tərəfindən isə xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçı Mamedrzayeva İradaya bağışlanmışdır və hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının ərinin bacısı olub xx.xx.2003-cü il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır.

24. Məhkəmə qeyd edir ki, belə olan halda mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.

25. Məhkəmə qeyd edir ki, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

28. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (MM 228.5m).

29. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

30. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonunda yerləşən 29cu binanın 61 saylı mənzilində yaşamamışdır, o həmin evə sadəcə pasport qeydiyyatına alınmışdır. Cavabdehin həmin evdə pasport qeydiyyatında olması isə onun həmin evə istifadə hüququnun olmasına əsas vermir.

31. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

32. Həmin qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. (Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli Qərarı).

34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, xx.xx.1996-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

36. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

Nəticə :

37. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 29-cu binanın 61-ci mənzilə istifadə hüququ olmadığı üçün iddiaçı Mamedrzaeva İradanın Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

38. İddiaçıya cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır.

39. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi : 5871; GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 17:01) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Mamedrzaeva İradanın Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi : 5871; GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 17:01) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar