Məhkəmə qərarları › İş №2(007)-947/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-947/2024

19.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-947/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rafiq qızına, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rafiq qızına, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rafiq qızının, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 20 saylı evin, 57 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəmşid Naxçıvanski küçəsi, 20 saylı evin, 57 saylı mənzili o, 11 oktyabr 2023-cü il tarixli, AN-l № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almış, sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 18 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 öhdəsinə götürmüşdür ki, 1 ay ərzində həmin mənzildə qeydiyyatda olan şəxslər ilə birlikdə çıxacaqlar. O, bu günə kimi onların qeydiyyatdan çıxdıqlarını düşünmüş, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalmışlar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, Cavabdeh1 ilə aralarında alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehlər mübahisəli mənzildən 11 dekabr 2023-cü il tarixə qədər qeydiyyatdan çıxacaqlarını bildirmişlər, lakin qeyd olunan müddət bitdikdən sonra mənzildən çıxmadıqları üçün Cavabdeh1 ilə birlikdə məhkəməyə gəlib qeydiyyatdan çıxmaqla bağlı iddia ilə müraciət etmişlər. Cavabdeh1 ailə üzvləri Rusiyadadır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rafiq qızı, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclaslarına gəlməmiş, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçının iddia ərizəsini qəbul etdiyini, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmədiyini, Rusiya Federasiyasina getdiyi üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxıb ykunlaşdırılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2023-cü il tarixli, AN-l № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 20 saylı evin, 57 saylı mənzilini iddiaçıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına 18 oktyabr 2023-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh3 Rafiq qızı xx.xx.2023-cü il tarixdə, Cavabdeh4 xx.xx.2023-cü il tarixdə ərizə verərək, mübahisəli mənzilin satılmasına etiraz etmədiklərini, Cavabdeh5 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə notarial qaydada ərizələr verərək mübahisəli mənzilin satılmasına etiraz etmədiklərini və müqavilədə göstərilən müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürdüklərini bildirmişdir. İşin mübahisəli halları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı idda ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatın formal xarakter daşıdığını sübut edir. Beləliklə, iddiaçı Cəmşid Naxçıvanski küçəsi, 20 saylı evin, 57 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehlər həmin mənzildə yaşamadıqları üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rafiq qızının, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 20 saylı evin, 57 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rafiq qızının, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 20 saylı evin, 57 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar