Məhkəmə qərarları › İş №2(007)-956/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-956/2023

16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-956/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Səmədova (Məhəmmədova) Elvira Əsədulla qızının Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, bü mümkün olmadıqda əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilən pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səmədova (Məhəmmədova) Elvira Əsədulla qızının Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, bü mümkün olmadıqda əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilən pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oaylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin ona və cavabdehə aid olan hissədə real (natura) bölgüsünün aparılması və həmin paylı mülkiyyətin açıq hərrac satılması, açıq hərracda satışından əldə edilən pulun paylara uyğun mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməinə əsasən ünvan 1 ünvanı onunla cavabdeh arasında 1/2 hissədə paylara bölünmüş, həmin mənzil hazırda paylı mülkiyyətdədir. O, Cavabdeh ilə nikahda olmuş, birgə nikahdan bir övladları var. Övladları məhkəmə tərəfindən onun himayəsinə verilib, hazırda onunla, valideyinlərinin yaşadığı ünvanda yaşayır. Mübahisəli mənzildə isə cavabdeh yaşayır. Həmin ünvanda onunla yaşamaqları mümkün deyildir. Buna görə də, dəfələrlə ona xəbər göndərərək, bildirmişdir ki, mənzilin ona aid ½ hissəsini 38000 manata satmağa hazırdır. Həmin məbləğə ona aid hissəni də almağa razıdır. Lakin cavabdeh təkliflərinə münasibət bildirməmişdir. Əvvəllər ailə olsalar da, artıq boşanmışlar, onların bir mənzildə yaşamaqları mümkün deyil. Həm də qeyd edir ki, cavabdeh onu həmin mənzilə buraxmır, onda olan məlumata əsasən heç özü də orda qalmır, mənzili kirayəyə verib. Bu məlumat doğru olarsa bu o deməkdir ki, ona aid hissənin də kirayə pulunu alır və mənimsəyir. Hətta əgər özü də qalırsa və kiryəyə verməyibsə bu da onun hüquqlarını kobud surətdə pozur, yəni mülkiyyətindən istifadəsinə qanunsuz olaraq müdaxilə edir. Lakin sözügedən əmlaka dair pay hüququ müəyyən olunsa da hazırda həmin əmlakdan istifadə edə bilmir. Buna səbəb cavabdehin mülkiyyətçi kimi ona aid olan payda yaşaması və onun yaşamağına imkan verməməsidir. Əlavə olaraq qeyd edir ki, həmin əmlakla bağlı paylı mülkiyyət müəyyən edilsə də, mülkiyyətdə real (naturada) bölgüsü aparılmamışdır. Əmlakda bərabər pay hüququ tanınsada, lakin həmin əmlakda hansı hissəni və neçə kv.metrdən istifadə edəcəyi ona bəlli deyildir. Bu səbəbdən yaranmış mübahisəyə son qoyulması, sözügedən mənzilin ona aid hissəsinin müəyyən edilməsi və həmin hissənin (paylı mülkiyyətin) açıq hərrac vasitəsi ilə satılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili X6 iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən mənzilin real-naturada tərəflərin paylarına uyğun ekspert rəyinə əsasən bölünməsi, ekspert rəyinə əsasən bu mümkün olmadıqda, cavabdehin mənzildən çıxarılması, mənzilin bazar dəyəri ilə açıq hərracda satılması, hərracdan əldə edilən pulun paylara uyğun mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi “mənzildən çıxarılma” hissəsində azaltmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 30.10 kv.m olan Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzilinin 1/2 hissəsi X1 adına xx.xx.2022-ci il tarixdə, 1/2 hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır; - Səmədova (Məhəmmədova) Elvira qızı tərəfindən Cavabdeh ünvanlanmış bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzilin ½ hissəsini 38000 manata təklif edir və ya ona aid 1/2 hissəni həmin məbləğə almağa da razıdır. Ona görə də, Cavabdeh tərəfindən təklifin dəyərləndirilməsi və münasibət bildirilməsi xahiş edilmiş, əks halda əmlakın naturada bölünməsi və ya açıq hərracdan satılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4859 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu küçəsində yerləşən 7 saylı evin, 58 nömrəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu küçəsində yerləşən 7 saylı evin, 58 nömrəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları" 2.08.01.89-un, 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq, bu sual üzrə tədqiqat aparılmadı. - Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2023-cü il tarixli LP-108/2023 rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 77000 manat, likvid qiyməti isə 70000 manat təkşil edir. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 30.10 kv.m olan Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzilinin 1/2 hissəsi Səmədova (Məhəmmədova) Elvira qızının adına xx.xx.2022-ci il tarixdə, 1/2 hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehə onun payının satın alınması ilə bağlı müraciət etsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının bununla bağlı müraciətinə cavab verməmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4859 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, həmin mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyil. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq mənzilin real-naturada tərəflərin paylarına uyğun ekspert rəyinə əsasən bölünməsi, ekspert rəyinə əsasən bu mümkün olmadıqda, cavabdehin mənzildən çıxarılması, mənzilin bazar dəyəri ilə açıq hərracda satılması,hərracdan əldə edilən pulun paylara uyğun mütənasib surətdə bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olan Səmədova (Məhəmmədova) Elvira qızı ilə cavabdehin ümumi mənzildəki payların dəyərinin ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçisi hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdeh iddaçıya məxsus payın və ya ona məxsus payın dəyərinin iddiaçı tərəfindən ödənilməsinə razı olmadığı üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli 10/4859 saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı Səmədova (Məhəmmədova) Elvira qızı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, iddiaçı X2 mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, məhkəmə araşdırması zamanı da tərəflər arasında razılıq əldə edilməsi mümkün olmamışdır. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzilin hazırkı real bazar qiyməti 77000 manat, likvid qiyməti isə 70000 manat müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 70000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzili 70000 (yetmiş min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/2 hissəsi Səmədova (Məhəmmədova) Elvira qızına və 1/2 hissəsi Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia dövlət rüsumunu tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddia təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu, ev 7, mənzil 58 ünvanında yerləşən mənzili 70000 (yetmiş min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/2 hissəsi Səmədova (Məhəmmədova) Elvira qızına və 1/2 hissəsi Cavabdeh verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar