Məhkəmə qərarları › İş №2(007)-958/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-958/2022

06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-958/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Mamoyeva (Namazova) Sevinc Qələndər qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, ona qarşı bir qrup şəxs halında dələduzluq edən şəxslər- Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Cavabdeh1 Əydər oğlu və Azərb. Respub. CM-nin 178.2.1, 178.2.4 və 314.2-ci maddələri ilə təqsirləndirilən Cavabdeh2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020-ci saylı, 16.09.2020-ci il tarixli hökmü (Bakı Apellyasiya Məhkəməsinin CK-nin 1(103)-132/2021 saylı, 09.03.2021-ci il tarixli Qərarı ilə qanuni qüvvəyə minmiş) ilə təqsirli bilinərək hər biri 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər və hal-hazırda biri azadlığa buraxılıb, digəri isə cəza çəkir. Adı çəkilən hökm və qərarla tam təsdiq olunur ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən və məhkum olunan şəxslər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda,16000 manat məbləğində pulunu ələ keçirməklə ona qarşı dələduzluq ediblər. Hesab edir ki, hazırda məhkum olunan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi zərərə görə 12000 manat və mənəvi ziyana görə 5000 manat, cəmi 17000 manat məbləğində pul müştərək qaydada tutularaq ona ödənilməlidir. Belə ki, 2017-ci ilin ortalarında hərbi xidmətdən qayıdan oğlu Kənan Xəlilovu polis serjantı kimi işə düzəltmək istəyii barədə bir çox tanışlarına xəbər vermişdi. Adını xatırlamadığı həmin tanışlardan birinə də bu barədə dedikdə o, bildirdi ki, nazirlikdə bir nəfər dostu işləyir, bu məsələni o, həll edə bilər. Bundan bir neçə gün sonra hazırda 2ci cavabdeh olan Cavabdeh2 ona zəng edib oğlu Kənanı işə düzəltməklə maraqlandı və hazırda l-ci cavabdeh olan Cavabdeh1 telefon nömrəsini verərək onunla əlaqə saxlamasını xahiş etdi. Cavabdeh1la əlaqə saxladı və metronu “Neftçilər stansiyası yaxınlığında olan “Qarabağ” adlı kafedə görüşdülər. Tahir Kənanı gördükdən sonra Əhmədə zəng edərək Kənanın polisə yararlı olması barədə məlumat verdi. Təxminən 15 gün sonra Tahir və Əhmədlə “Qarabağ" adlı kafedə görüşdülər və Əhməd oğlu Kənanı 14 min manata DİN-ə Rabitə şöbəsinə işə düzəldəcəyini dedi. Həmin pulları hissə-hissə 2017-ci ilin noyabr ayında cavabdehlərə vermişdir. 2018-ci ilin ortalarında oğlu Kənan Tahirə əlavə olaraq 2000 manat pul vermişdir. Ümumilikdə cavabdehlər onun 16 min manat pulunu mənimsəyiblər. Həmin məbləğdən 4 min manat istintaq vaxtı mənə qaytarılıb. Hazırda cavabdehlərin vurduqları maddi ziyan 12000 manat təşkil edir. Əlavə olaraq hazırda cavabdeh olan şəxslərin qanunsuz hərəkətləri nəticəsində yaxın qohumları ilə münasibətləri gərginləşmiş, ailəmizdə söz söhbət yaranmış, hüquq-mühafizə orqanlarına gedib-gəldiyinə görə əsəbləri pozulmuşdur. Nəticədə mənəvi sarsıntılar keçirmişdir. Ona görə də təqsirləndirilən şəxslər ona dəymiş mənəvi ziyanı da ödəməlidirlər. Onlardan mənəvi ziyana görə 5000 məbləğində pul tələb edir.Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərəin əvəzi olaraq 12000 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat, cəmi 17000 manat pulun müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi Mamoyeva (Namazova) Sevinc Qələndər qızı iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı hər şikayətində fərqli-fərqlə məbləğlər tələb edir, birində 8000 manat, birində 5000 manat, digərində 4000 manat yazıb. Sadəcə çalışır ki, hansısa bir yolla pul çıxartsın. Onun özünün də, dediyi kimi, həyat yoldaşı Cavabdeh2 4000 manat pul verib ona. Qalan pulu kimə veribsə ondan qedib geri alsın.Bir daha qeyd edir ki, onun həyat yoldaşının iddiaçıya borcu yoxdur.Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020-ci saylı, 16.09.2020-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Cavabdeh1 təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etmiş tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında İddiaçı övladı Kənan Xəlilovu daxili işlər orqanlarında işə düzəltmək istəməsi barədə qrup üzvü Cavabdeh2 məlumat əldə etdikdə İddiaçı müraciət edərək öz qulluq mövqeyindən istifadə etməklə bu məsələdə köməklik göstərəcəyinə dair yalan vəd verib bunun müqabilində ödəniləcək pul vəsaitinin məbləğinin şərtlərinin müzakirəsi üçün onunla tanış etdikdən sonra o,İddiaçı övladı Kənan Xəlilovun polis əməkdaşı kimi Cavabdeh2 vasitəsi ilə daxili işlər orqanlarında işə düzəldəcəklərini bildirib aldadaraq, etibarından sui-istifadə etməklə İddiaçı 07 noyabr 2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən "Qarabağ” adlı kafedə 9000 (doqquz min) manat, 25 noyabr 2017-ci il tarixdə həmin ünvanda qrup üzvü Cavabdeh2 vasitəsilə 5000 (beş min) manat, 2018-ci ilin ortalarında isə eyni ünvanda İddiaçı oğlu Kənan Xəlilovdan 2000 (iki min) manat, ümumilikdə isə 16.000 (on altı min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Cavabdeh2 ilə öz aralarında bölməklə İddiaçı xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etdiyi dövrdə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki,o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında İddiaçı övladı Kənan Xəlilovu daxili işlər orqanlarında işə düzəltmək istəməsi barədə məlumat əldə etdikdə İddiaçı müraciət edərək Daxili İşlər Nazirliyinin əməkdaşı kimi səlahiyyətlərindən istifadə edib oğlunu daxili işlər orqanlarında işə düzəldəcəyinə dair yalan vəd verərək aldadıb, bunun müqabilində ödəniləcək pul vəsaitinin məbləğinin şərtlərinin müzakirəsi üçün İddiaçı Cavabdeh1 ilə tanış etdikdən sonra sonuncu İddiaçı etibarından sui-istifadə etməklə 07 noyabr 2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən "Qarabağ” adlı kafedə 9000 (doqquz min) manat, 25 noyabr 2017-ci il tarixdə həmin ünvanda özü 5000 (beş min) manat, 2018-ci ilin ortalarında isə eyni ünvanda İddiaçı oğlu Kənan Xəlilovdan qrup üzvü Cavabdeh1 2000 (iki min) manat, ümumilikdə isə 16.000 (on altı min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Cavabdeh1 ilə birlikdə alıb öz aralarında bölməklə ələ keçirərək İddiaçı xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin hökmə əsasən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2ci maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına,Cavabdeh2 isə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və l78.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Qeyd olunan hökmdən Cavabdeh2 trəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında yenidən baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-132/2021 saylı iş üzrə qəbul etdiyi 09.03.2021-ci il tarixli Qərarla apellyasiya şikayəti təmin edilməmiş ona münasibətdə hökm dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşin araşdırılan hallarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı övladı Kənan Xəlilovu daxili işlər orqanlarında işə düzəltmək adı ilə iddiaçıdan 16000 manat pul alaraq mənimsəmişlər. Məhkəmənin qanuni qüvvyə minmiş hökmü ilə bu hal öz təsdiqini tapmışdır. İddiaçı həmin məbləğdən 4000 manat pulun ibtidai araşdırma zamanı ona qaytarıldığını bildirmişdir. Hal hazırda qaytarılmayan 12000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək maddi ziyanın-12000 manatın tələb olunması hissəsində iddianı əsaslı hesab edir. Mənəvi zərərin tələb olunması barədə iddia tələbinə qiymət verərkən məhkəmə hesab edir ki,həmin hissədə iddia təmin oluna bilməz. Belə ki,iddiaçı ona mənəvi zərər dəyməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.04.2020-ci il tarixli qərarında qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə hesab edir ki,iddiaçı mənəvi zərərin tutulması hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 maddi zərərəin əvəzi olaraq 12000 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Dövlət rüsumunun qaytarılması barədə tələb irəli sürülmədiyi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edişin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 maddi zərərəin əvəzi olaraq 12000 manat pul İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edişin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar