Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1001/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi Alakhverdiev Arazın iştirakları ilə İddiaçı sığorta şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi məsələsinə məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı sığorta şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Range Rover» markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10 315,43 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 10 345,83 manatın cavabdehdən tutularaq İddiaçı sığorta şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 23.04.2018-ci il tarixdə idarə etdiyi «Hyundai Elantra» markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək İddiaçı sığorta şirkətində könüllü sığorta növü ilə sığortalanmış «Range Rover» markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh barəsində RPİ-nin DYP-nin 23.01.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolda cavabdehin təqsirli olması öz əksini tapmışdır. «Range Rover» markalı avtomobilə 15000 manat ziyan dəymişdir. 28.06.2018-ci il tarixli 051881 №-li sığorta aktına əsasən sığorta müqaviləsində nəzərdə tutulan 100 manat azadolma məbləği çıxmaqla 14900 manat sığorta ödənişi İddiaçı sığorta şirkəti tərəfindən həyata keçirilmişdir. «Hyundai Elantra» markalı avtomobil "xxxx" Şirkətindən mülki məsuliyyətinin icbari sığorta növü ilə sığorta olunduğundan 4584,57 manat sığorta ödənişi İddiaçı sığorta şirkətinə ödənilmişdir. Odur ki, 10315,43 manat (14900 – 4584,57) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh məhkəməyə teleqrama ilə müraciət edərək, Biləsuvar rayonuna ezam olunduğundan məhkəmədə iştirak edə bilməyəcəyi barədə məlumat vermiş və bunu nəzərə almağı xahiş etmişdir. Prosessual müddətlər işin təxirə salınmasına imkan vermədiyindən məhkəmə cavabdehin iştiarkı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Alakhverdiev Araz iddia ərizəsinin məzmununna uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). ** LS *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomobilin sahibi Cavabdehdur. ** NL *** dövlət qeydiyyat nişanlı «Range Rover» markalı avtomobilin sahibi X6r. «Range Rover» markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sığorta şirkətində könüllü sığorta növü ilə sığortalanmışdır, avtonəqliyyat vasitəsinin sığorta dəyəri 71000 manat müəyyən edilmişdir. Müqavilə üzrə faydalanan şəxs X1muşdur. 23.04.2018-ci il tarixdə «Hyundai Elantra» markalı avtomobil yol nəqliyyat hadisəsi törədərək «Range Rover» markalı avtomobillə toqquşmuşdur. Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh həmin yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və 60 manat məbləğində cərimə edilmişdir. «Range Rover» markalı avtomobilə 15000 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş 28.06.2018-ci il tarixli 051881 №-li sığorta aktına əsasən sığorta müqaviləsində nəzərdə tutulan 100 manat azadolma məbləği çıxmaqla 14900 manat sığorta ödənişinin İddiaçı sığorta şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur 28.06.2018-ci il tarixli 6654 №-li ödəniş tapşırığından görünür ki, 14900 manat məbləğində sığorta ödənişi sıcorta müqaviləsi üzrə faydalanan şəxs X2 ödənilmişdir. İddia ərizəsindən görünür ki, həmin məbləğin 4584,57 manatı "xxxx" Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli 9/5002 №-li ekspert rəyindən görünür ki, «Range Rover» markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12425,00 manat müəyyən edilir. Hazırda iddiaçı qalan 10315,43 manatın cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, «Range Rover» markalı avtomobilə dəymiş ziyanı ekspert rəyinə əsasən nəzərə alınmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 7740, 43 manat (12425 manat – 100 manat - 4584,57 manat) tutulmalı, iddia qalan hisədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza cavabdehin vəsatəti əsasında təyin edildiyindən ekspertə ödənilməli olan 100 manat cavabdeh tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulmalıdır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7740, 43 manat manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı sığorta şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatı dəyəri 100 manat Cavabdeh tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1001/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1001/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver