Məhkəmə qərarları › İş №2(008)-1168/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1168/2023

27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1168/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və Vəkil1, Cavabdeh1 və onun və digər cavabdeh , Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mülkiyyətin qanunsuz istifadədən geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mülkiyyətin qanunsuz istifadədən geri tələb edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan” yaşayış massivində yerləşən, ümumi sahəsi 1200 kv. metr olan torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınıb, həmin torpaq sahəsi boşaldılaraq, İddiaçı təhvil verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Sabunçu Abşeron rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində yerləşən, ümumi sahəsi 1200 kv.metr olan torpaq sahəsi Azərbaycan Respublikası Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 08 oktyabr 1997-ci il tarixli 10 saylı qərar əsasında mülkiyyət hüquqları İddiaçı məxsus olmuşdur. Həmin torpaq sahəsinə 1997-ci ildən hal-hazıradək sahiblik edir, abadlaşdırma işlərində şəxsən iştirak etmiş, əsəs küçəyə yolun çəkilməsində qonşular ilə yaxından iştirak etmişdir. 2003-cü ildən torpaq sahəni digər qonşu torpaq sahələrindən fərqləndirmək üçün təqribən 1 metr hündürlükdə hasara almışdır. Qeyd etmək istəyir, bələdiyyə vergilərini tam həcmdə və vaxtında ödəmiş, Maştağa qəsəbəsi bələdiyyəsində torpaq sahəsinə məxsus 579 nömrəli kod ona məxsusdur. Cavabdehlərdən olan Cavabdeh3 eyni sənədə oxşar sənəd ( sənəddə kifayət qədər səhvlər mövcuddur) əldə edərək, öz qohumu kimi qələmə verdiyi Cavabdeh1 satdığını bildirir. Alqı-satqı haqqında heç bir sənədləşmə mövcud deyildir. Cavabdeh1 isə bildirir ki, Cavabdeh3 onun bacısı oğludur, o Cavabdeh3 torpağı alaraq, digər Cavabdeh2 satmışdır. Cavabdeh2 ifadəsində bildirir ki, 13500 azn ödəyərək İddiaçı məxsus 12 sot torpağın 3 sotunu Cavabdeh1 almışdır. Cavabdehə məxsus 12 sot torpağın 6 sotu cavabdehlər tərəfindən özbaşına ayrılaraq, daş hasar ilə hündürlüyü təxminən 50-60 sm olan iz buraxılmışdır. 2022-ci ilin avqust ayında iddiaçı torpağa baxış keçirtməyə gələndə bu halı aşkar etmiş, hasarın üzərində Cavabdeh1 məxsus nömrə ( cavabdehə məxsus olan hasarın üzərində Cavabdeh1 nömrəsi yazılmışdır ki, torpaq sahəsi satılır) ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmək istəmişdir. Cavabdeh1 bu torpağın 6 sotu ona məxsusdur demiş, o satmış bildirmişdir. İddiaçı isə bildirmişdir ki, bu torpaq sahəsinə 1997-ci ildən o sahiblik edir, hüquqlar ona məxsusdur, vergi ödənişləri o tərəfindən tam ödənilibdir. Bununla bağlı Cavabdeh1 torpağın ona və yaxud digər cavabdehə məxsus olmasını sübut edən heç bir sübut təqdim edə bilməmişdir. Bir müddət sakitçilik olduqdan sonra, 2022 -ci ilin noyabr ayında yenidən iddiaçı torpağa baxış keçirərkən torpaq sahəsində Cavabdeh2 tərəfindən tikinti quraşdırma işlərinin aparıldığını görmüşdür. Tərəflər arasında mübahisəyə meyilli münasibət olduğundan nəticəyə nail olmaq mümkün olmamışdır. Aidiyyatı üzrə dövlət orqanlarına məlumat verilmişdir. İddiaçı özü 2-ci qrup əlildir, cavabdehlərin qanunsuz əməlləri nəticəsində isə ürək əməliyyatı keçirtmişdir, stend qoyulmuşdur. İddiaçının bildirdiyinə görə Cavabdeh1 həmin ərazidə torpaq alqı-satqısı ilə məşğuldur. Qanunsuz olaraq satdığı torpaq sahəsinə aid heç bir dəqiq məlumatı yoxdur, iddiaçının sağlamlığından istifadə edərək, uzun müddət nəzarətsizlikdən istifadə edərək torpaq sahəsini digər şəxsə satmışdır və hal-hazıradək özü rəhbərlik edərək tez bir zamanda tikintini yekunlaşdırmaq istəyir. Ona görə də hesab edir ki, mülkiyyətində olan adı keçən torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən geri tələb edilməklə, ona qaytarılması təmin edilməlidir. Cavabdehlərdən mülkiyyətinə qarşı qanunsuz hərəkətlərinə son qoyulması tələb edilsə də, buna məhəl qoymayıb, qanunsuz hərəkətlərini davam etdiyindən məsələni məhkəmə qaydasında həll etmək məcburiyyəti yaranmışdır. Cavabdehin özgəsinin mülkiyyətində olan əmlakı mülkiyyətçinin iradəsinə zidd zəbt etməsi, qanunda yol verilməz və məsuliyyətlə nəticələnən əməldir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia tələbini rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbinə dair etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «mülkiyyətin qanunsuz istifadədən geri tələb etməklə bağlı» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin edilməməsi üçün əhəmiyyət kəsb edən sübutları Məhkəməyə təqdim etmişdir. 19 iyun 1999-cu il tarixədək qüvvədə olmuş "Azərbaycan Respublikasının rayonlarında şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 li Fərmanında göstərilmişdir: "4. Şəhər rayonlarında İcra Hakimiyətinin Başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların İcraiyyə Komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə İcra Hakimiyətinin Başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin İcraiyyə Komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri İcraiyyə Komitələrinin şöbələri və idarələri İcra Hakimiyyəti Başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin İcra Hakimiyyəti Başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi, həmin inzibatiərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların İcraiyyə Komitələrinin səlahiyyətlərinə xitam verilir." 1990-1995–ci illərdə ALİ SOVETİN deputatı oimuş X8 təşəbbüsü ilə Maştağa qəsəbəsində yerləşən, lakin Abşeron RİN-nin balansında olan 400 ha torpaq sahəsi Maştağa qəsəbəsinə qaytarılmışdır. Həmin torpaq sahələri təmənnasız olaraq fərdi yaşayış evinin tikintisi üçün ehtiyacı olan Maştağa sakinlərinə paylanmışdır. Abşeron RİH-nin balansında olan torpaq sahələrinin bir çox hissəsi 2008-ci ildə Bakı şəhəri İH-nə qaytarılmışdır. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsi hazırda qüvvədə olan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sovxoz torpaqları fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə Maştağa qəsəbə nümayəndəliyinə ayrıldığından, həmçinin müvafiq Fərmanın tələbinə əsasən qəsəbə nümayəndəliklərinə torpaq sahəsi ayrılma səlahiyyəti verildiyindən Azərbaycan Respublikası NK-nın "vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” 07 may 1991-ci il tarixli, 123 saylı və 2 sentyabr 1991- ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbə XDS İK-nin Qərarından 07 iyun 1993-cü il tarixli, 50 saylı ÇİXARİŞına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 579 N-li ümumi sahə ünvanında yaşayış evinin tikintisi üçün Cavabdeh3 adına 1200 m2 ərazisi olan torpaq sahəsi ayrılmışdır. 1992-1995-ci illərdə Maştağa qəsəbəsində qeydiyyatda olan və yaşayan, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olan sakinlərin hər birinə Savalan yaşayış massivində İ, İİ, İİİ kvartallarda və ümumi sahədə 1200 m2 torpaq sahəsi ayrılmış və ÇİXARİŞın 4-cü bəndinə əsasən Maştağa Mədəniyyət evində 5-ci bəndi icra edilmişdir. 1991-1992-ci illərdə X9 Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş və onun imzası ilə torpaq ayrılması barədə ÇİXARİŞlar verilmişdir. Kazımov Kazım 2007-ci ildə vəfat etmişdir. 1992-1993-cü illərdə X7 Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş və onun imzası ilə torpaq ayrılması barədə ÇİXARİŞlar verilmişdir. Ədalət Hacıyev 1995-ci ildə vəfat etmişdir. 1993-1995-ci illərdə X2 Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş və onun imzası ilə torpaq ayrılması barədə ÇİXARİŞlar verilmişdir. İbrahimov Seyidməhsum 2009-cu ildə vəfat etmişdir. xx.xx.1995-ci il tarixdə yeni Konstitusiyanın qəbulundan sonra kənd və qəsəbə üzrə nümayəndəliklərin torpaq ayırma səlahiyyətlərinə xitam verilmişdir. 1995-1996-cı X6 Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş və onun imzası ilə torpaq ayrılması barədə heç bir ÇİXARİŞ verilməmişdir. Manafov Ağabala 2020-ci ildə vəfat etmişdir. 1996-1997-ci illərdə X3 Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş və onun imzası ilə torpaq ayrılması barədə heç bir ÇİXARİŞ verilməmişdir. Zeynalov Məmmədbağır 1997-ci ildə vəfat etmişdir. 1998-ci ilin aprel ayına qədər Zöhrabov Rauf müvəqqəti olaraq Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin səlahiyyətlərini icra etmiş və o da torpaq ayrılması barədə heç bir ÇİXARİŞ verməmişdir. 1998-2005-ci illərdə X1 Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş, müavini Ağayev Rasim ilə birlikdə öz imzası olmadan torpaq ayrılması barədə ÇİXARİŞlar vermişdir. Belə ki, kiril əlifbası ilə yazılmış ÇİXARİŞların əksəriyyətində mərhum Hacıyev Ədalətin adı qeyd olduğundan Arzu Hadıyev saxtakarlıq edərək keçmiş tarixlərlə, yəni 1996-1999-cu illərə qədər (1999- cu il Bələdiyyə seçkilərinə qədər) qanunsuz ÇİXARİŞlar vermişdir. Hadıyev Arzu 2005- 2011-ci illərdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi olmuşdur. 2005-2011-ci illərdə əvvəllər müavin vəzifəsində çalışan X10 Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi olmuş və Arzu Hadıyevin himayədarlığı ilə yenə də saxtakarlıq edərək keçmiş tarixlərlə, yəni 1996-1999- cu illərə qədər qanunsuz ÇİXARİŞlar vermişdir. 12 sentyabr 2011-ci il tarixdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən gələn bir zəng ilə Rasim Ağayev yerindəcə keçinmişdir. 2011-2012-ci illərdə Hadıyev Arzu yenidən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunur.Saxta ÇİXARİŞlara və rüşvət almağa görə həbs edilmiş, cəza müddəti bitmiş, hal-hazırda ABŞda yaşayır. Beləliklə, 1995-ci ildə vəfat etmiş Ədalət Hacıyev xx.xx.1997-ci ildə, 10 saylı qərarı imzalaya bilməzdi və sənədin əsli ümumiyətlə olmamışdır. Həmçinin, İddiaçı iddia edir ki, mübahisə predmeti olan torpaq sahəsi onun mülkiyyətindədir və Cavabdeh3 verilmiş sənəddə isə kifayət qədər səhvlərin olduğunu bildirir. Bu səhvlərin nədən ibarət olmasını isə qeyd etməmişdir. İddiaçı iddia edir ki, 1200 m2 torpaq sahəsinin 600 m2 sahəsi cavabdeh tərəfindən özbaşına, 50-60 sm hündürlükdə daş hasar ilə ayrılmışdır. Bu heç də belə deyil. Cavabdeh3 verilmiş 1200 m2 torpaq sahəsinin yerləşmə sxemi Sabunçu RİH tərəfindən təsdiq edilmişdir və hal-hazırda 1200 m2 torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçı iddia ərizəsinə qoşmasında təqdim etdiyi Reyestr Çıxarışında koordinatlar qeyd olunmalıdır (əgər belə bir Çıxarış varsa) Sübut üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən Çıxarışın verilməsi üçün təqdim olunmuş sənədlər toplusunu Məhkəməyə təqdim olunması zərurəti yaranır. İddiaçı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, iddiaçı 2003-cü ildə torpağı hasara aldığını və 19 ildən sonra, yəni 2022-ci ilin avqust ayında torpaq sahəsinin başqası tərəfindən zəbt olduğunu aşkar etmişdir. Bundan əlavə, 2022-ci ilin noyabr ayında yenidən torpağa baxış keçirdiyini və bu qanunsuz əməllərin nəticəsində guya sağlamlığına zərər dəymiş, ürək əməliyyatı keçirmiş və stend qoydurmuşdur. Ola bilər ki, İddiaçı 2-ci qrup əlildir, ola bilər ki, ürək əməliyyatı keçirmiş və stend qoydurmuşdur, lakin, nə vaxt, hansı ayda, hansı ildə əməliyyat olduğunu və əlillik dərəcəsini aldığını qeyd etmir. Bir də ki, 1997-ci ildən bu günə kimi torpaq sahəsinə necə sahiblik etdiyini (tikinti və va əkin isləri) qeyd etməmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı « Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 579 li ümumi sahə ünvanında yerləşən 1200 m2 torpaq sahəsi qanunsuz sahiblikdən geri alınıb, həmin torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə» iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digır cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə digər cavabdehin iştirakı olmadan mülkə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 nömrəli xx.xx.1997-ci il tarixli çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m olan 579 nömrəli torpaq sahəsi İddiaçı ayrılması qərara alınmışdır və Maştağa qəsəbəsi Savalam yaşayış massivi ümumi sahəsi 579 saylı torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 50 nömrəli xx.xx.1993-cü il tarixli çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün ümumi sahəsi 1200 kv.m torpaq olan 579 nömrəli torpaq sahəsi Cavabdeh3 ayrılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 50 nömrəli çıxarışına əsasən onun adında olan Bakı şəəri Maştağa qəsəbəsi ümumi sahəsi 579 ünvanında yerləşən 1200 kv.m olan torpaq sahəsinin 300 kv.m olan hissəsini sərəncam verməyi və.s. hərəkətlərin edilməsini Cavabdeh2 xx.xx.2122-ci ilədək etibar etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-2387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır. Həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 26 aprel 2023-cü il tarixli, 5-18/2-Q- 119-091/2023 nömrəli sorğuya cavabd məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 50 nömrəli, xx.xx.1993-cü il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ümumi sahədə ayrılmış 579 saylı 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 01 dekabr 2022-cü il tarixli, Q-336- 091 nömrəli sorğuya cavabd məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 50 nömrəli, xx.xx.1993cü il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ümumi sahədə ayrılmış 579 saylı 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. Sabunçu Rayon Maştağa Bələdiyyəsinin 1472 nömrəli, xx.xx.2022 nömrəl arayışından görünür ki, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 579 ünvan üçün 2000-ci il tarixdən hal-hazıra kimi vergi borcu yoxdur. Tədiyyə bildirişlərindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi 2000-2011və 2023-cü illərdə ödənişlər etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********54 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi 1200 kv.m olan 579 saylı torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini 5-18/2-287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 50 nömrəli xx.xx.1993-cü il tarixli və 10 nömrəli, xx.xx.1997-ci il tarixli qərarlarının hansınınqanunvericiliyin tələlərinə görə verilməsinə dair məlumat Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Beləliklə məhkəmə araşdırılması zamanı və mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən ümumi sahəsi 1200 kv.metr olan 579 nömrəli torpaq sahəsi üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 2 fərqli qərarı mövcudur. Belə ki, qeyd edilən torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı 10 nömrəli, xx.xx.1997-ci il tarixli, cavabdehlərdən Cavabdeh3 ayrılmasına dair isə 50 nömrəli xx.xx.1993-cü il tarixli qərarları mövcudur. Belə olan halda məhkəmə qeyd edir ki, bir torpaq sahəsi ilə bağlı inzibati orqan tərəfindən iki fərqli inzibati akt mövcuddur və halhazırda hər iki inizbati aktdan hansının qanunun tələblərinə uyğun olaraq qəbul edilməsi tərəflərin heç biri tərəfindən inzibati məhkəmədə mübahisləndirilməmiş və hər iki inzibati akt hazırda qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mülkiyyətin qanunsuz istifadədən geri tələb edilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mülkiyyətin qanunsuz istifadədən geri alınması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar