Məhkəmə qərarları › İş №2(008)-120/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-120/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-120/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi, 1583, 1583A, 1584 saylı torpaq (bağ) sahələrindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni Cavabdeh tərəfindən özbaşına şəkildə 1583 saylı bağ sahəsinin yola baxan hissəsində yüksəldilmiş hasarın, özbaşına qoyulmuş qapının, həmçinin hər üç torpaq (bağ) sahəsindən - 1583, 1583A, 1584 saylı torpaq (bağ) sahəsindən keçən özbaşına tikilmiş hasarın (çəpərin) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli 2(008)-3616/10 №-li qətnaməsinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh massivində yerləşən 1583, 1583”a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra 2021-ci ildə iddiaçının xahişi ilə həmin bağ sahələri üçün çıxarışlar, həmçinin plan və ölçülər, yəni hüquq müəyyənedici sənədlər cavabdeh orqan tərəfindən ona təqdim edilmişdir. Bağ sahələri üzərində mülkiyyət hüququ əldə etdikdən sonra, orada öz istəyinə uyğun torpaq sahəsindən istifadənin ilkin şərtlərindən olan torpaq sahəsi hüdudlarında çəpərləmə aparmış, həmçinin qapı (darvaza) qoyulmuşdur (köhnə darvaza-qapını yenisi ilə əvəz etmişdir). Lakin, iddiaçı öz bağ sahələrindən istifadə edə bilmir. Belə ki, iddiaçının qardaşı Cavabdeh özbaşına şəkildə 1583 saylı bağ sahəsinin yola baxan hissəsində özbaşına olaraq başqa tərəfdən hasar yüksəltməsi, qapı qoyması və həmçinin hər üç bağ sahəsindən keçən hasarlama işləri aparmasıdır. Yol verilmiş bu pozuntu sayəsində iddiaçı öz xüsusi mülkiyyətindən istifadə etməkdə böyük çətinliklərlə qarşılaşır. Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə etiraz və mülahizələr vermişdir. Etiraz onun əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)- 3616/2010 №-kb qətnaməsi ilə İddiaçı cavabdeh DƏDRXnin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınsın. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4880/2019 №-li qətnaməsi Sabunçu rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7362/2019 №-li qərarı ilə ləğv edilərək, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(103)-1824/2020 №-li qətnaməsi ilə iddia tələbinin yalnız 1583 və 1584 saylı bağ sahələrinə aid olduğunu əsas gətirərək, Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsini qismən, yəni 1583”a” saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasını ləğv etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5273/2020 №-li qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(103)-2846/2021 saylı qətnamə ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4468/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi 1583A saylı bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. İddiaçı ilə cavabdeh qardaşdırlar. Lakin İddiaçı böyük qardaşı Cavabdeh qarşı çox qərəzli hərəkətlər edərək, Rüfətin öz istifadəsində olan 1583A saylı, atasından miras qalan 1583 saylı və atasının əmisinin arvadı Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahələrini guya uzun illərdir özü istifadə edirmiş kimi göstərərək, yalan danışaraq Məhkəməni aldatmışdır. Belə ki, İddiaçı 1973-cü il təvəllüdlüdür. 1975-ci ildə vəfat etmiş babaları Sadıx Rəhimovun 0.24 ha bağ sahəsini ataları Adil Rəhimov və 1962-ci il təvəllüdlü böyük oğlu Cavabdeh istifadə etdikləri zaman Eldar hələ uşaq idi. 1996-cı ildən isə həmin bağ sahəsini faktiki olaraq iki yerə 1583 və 1583 A-ya bölərək, Bağlar İdarəsində bunu qeydiyyatdan keçirmişdilər. Həmin zaman İddiaçı artıq 23 yaşı var idi. O, bilirdi ki, 1583 və 1583A saylı bağ sahələri var. Üç bağ sahəsinin mövcud olması DƏDRX-nin cavab məktublarından, keçmiş DTXK-nin verdiyi plan ölçülərdən də müəyyən olunur. Uç bağ sahəsinin olması faktını iddiaçı da qəbul edir. Əgər iddiaçının dediyi kimi iki hüquqmüəyyənedici sənəd, yəni 1583 və 1584 saylı bağ sahələrinin müqaviləsi qanuni və əsaslıdırsa, onda hansı məntiqlə İddiaçı adına hər biri 0,12 ha ölçüdə olan 3 bağ sahəsinə 3 ədəd Çıxarış verilərək və 3 ədəd plan sxem tərtib edilmişdir? Cavabdeh 1583/1584 saylı bağ sahələrinin İddiaçı adına özəlləşdirilməsinə razılıq verdiyini qəbul etsələr belə, 1583A saylı bağ sahəsinin qardaşının adına keçirilməsi ilə bağlı Cavabdeh heç bir razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hamısı eyni şəxs tərəfindən tərtib edilmişdir. Həmin şəxs İddiaçı arvadı Aytəndir. Bu şəxsin imza nümunələri ilə ekspertiza keçirilməsi barədə vəsatət versək də məhkəmə bunu təmin etməmişdir. Tərəflər arasında dəfələrlə məhkəmədə mübahisələri olmuş və bu mübahisələr hələ yekunlaşmamışdır. Buna baxmayaraq iddiaçı və digər qardaşı Fərid Rəhimov özbaşınalıq edərək Azərbaycan Respublikasının adından çıxarılmış Məhkəmə qərarları ilə razılaşmır, onların tələblərini kobud şəkildə pozur və açıqcasına qanunçuluğa qarşı hörmətsizliklə yanaşır. Məhkəməyə DƏDRX tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli məktubda 1583 və 1583a saylı bağ sahələrinə dair müqavilələrin müvafiq olaraq Rəhimov Adil və Cavabdehlə bağlanması faktını göstərilsə də, həmin müqavilələr nəzərə alınmamış, lakin babaları Sadıx Rəhimovun adına olmuş və Bağlar Təsərrüfatına təhvil verilmiş, faktiki mövcud olmayan, yəni ləğv edilmiş müqavilə nəzərə alınmışdır. Həmin müqavilələrin arxivdə saxlanılması, onlara nömrə verilməsi, digər ailə üzvlərinin razılığının alınması, yeni Çıxarışların da 1583, 1584 və 1583A saylı bağlara verilməsi, onların sahələrinin 0.24 ha deyil, hər biri 0.12 ha olması faktı da danılmazdır. Bağ sahələrinin miras əmlak kimi qəbulunu təsdiq edən 1996-cı il tarixli müqavilələr babaları Sadıx Rəhimovdan qalan miras əmlakın yalnız Adil Rəhimov tərəfindən deyil, eyni zamanda nəvəsi Cavabdeh tərəfindən də qəbul edildiyini sübuta yetirir. Adil Rəhimovdan qalan miras paya isə 3 oğlu vərəsədir. Həmin miras pay Məhkəmə Kollegiyasının dediyi kimi 1583 və 1583 A saylı bağ sahələri deyil. Çünki 1583A saylı bağ sahəsi Adil Rəhimovun sağlığında oğlu Rüfətin adına olub, indi də onun istifadəsindədir. Odur ki, 2007-ci ildə vəfat etmiş Adil Rəhimovun miras qoyduğu 1583 saylı bağ sahəsi 3 oğlu arasında bölünməli idi. Elə bu səbəbdən də Cavabdeh öz miras payını qardaşına güzəşt etməsi üçün razılıq ərizəsi alınmışdır. Həmin ərizədə Cavabdeh 1583A saylı bağ sahəsinə dair hər hansı razılıq verməmişdir. Mübahisəli bağ sahələrinin isə 1583, 15 83A və 1584 olması faktı danılmazdır. Çünki bu barədə DƏDRX- nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd olan Reyestrdən Çıxarışlar vardır. 1584 saylı bağ sahəsi ilə bağlı Məhkəmə Kollegiyası Cavabdeh hər hansı subyektiv hüququnun olmamasını qeyd edir. Dolayısı ilə Məhkəmə Kollegiyası 1583 və 1583A saylı bağlara dair Cavabdeh hüququnun olduğunu təkzib etmir, lakin eyni zamanda 1584 saylı bağın da İddiaçı adına keçirilməsinə Rüfətin razılığının nə üçün alınmasına münasibətini bildirmir. Məhkəmə Kollegiyası yalnız iddiaçı tərəfindən qeyd edilmiş arqumentlərə əsaslanaraq iddia tələbini subyektiv fikirlər əsasında təmin etmişdir. Məhkəmə Kollegiyası ən azından bağ sahələrinə yerli baxış keçirə bilərdi. Yerli baxış keçirilsə idi, Məhkəmə Kollegiyası bir sıra faktların şahidi olacaqdı. Belə ki, iş materiallarında olan qətnamələrdən müəyyən olunur ki, Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahəsi əvvəlcə 0,25 ha olub. Həmin bağın yarısını X4 adlı şəxsin adına keçirilməsinə etiraz etməmiş və 1986-cı ildə 1584 saylı bağın yarısına yeni mülkiyyətçinin adına müqavilə verilərək yeni bağa 1584A nömrəsi verilmişdir. 1584 saylı bağ kimi qalan yarısı Nuriyyə Rəhimovanın özündə qalmışdır. Həmin bağların bölgüsü dənizə tərəfdən yola perpendikulyar şəkildə aparılmışdır. Əgər bağ sahələri həqiqətən də hal-hazırda İddiaçı verilmiş plan-sxemə uyğun olaraq dəniz kənarı yola paralel şəkildə bölünmüş olsaydı, onda Ənvər adlı şəxsə təkcə Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahəsinin yox, 1583 saylı bağ sahələrinin də baş tərəfi keçmiş sayılardı. İddiaçı tələbi ilə Bağ sahələri qəsdən reallığa uyğun şəkildə sənədləşdirilməyib ki, Cavabdeh məxsus və onun tərəfindən abadlaşdırılmış 1583A saylı bağ sahəsi, onun üzərindəki tikililər, ağaclar, su quyusu və sairə ayrı-ayrı bağ sahələri arasında bölünmüş və bununla da Cavabdeh məxsus 15 83A saylı bağ sahəsi sənədlərdə 3 yerə bölünmüş vəziyyətdədir. Odur ki, müvəkkilim bağ sahələrinin yenidən bölünməsini və bölgünün mövcud reallığa və bağ sahələrinin xəritələrinə uyğun şəkildə aparılmasını tələb edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini dəqiqləşdirərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində: ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşının, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evinin və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 işin mahiyyəti üzrə çıxış etmədən icraatın dayandırılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi xüsusi mülkiyyətində hər biri 0,12 ha ölçüdə olan üç bağ sahəsi var: 1583 №-li (reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011); 1583a №-li (reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011); 1584 №-li (reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011). Həmin Çıxarışlar məhkəmə aktları əsasında verilmişdir. Məhkəmə aktları cavabdehin etiraz və mülahizələrində qeyd edildiyi ardıcıllıqla qəbul edilmiş, nəticə etibarı ilə iddiçı İddiaçı 1583a №-li bağa dair iddiası rədd edilmiş, lakin icrada dönüş edilməmiş, daşınmaz əmlakın dövlət reyestrində həmin bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ hələ İddiaçı adında qeydiyyatda olaraq qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2332 №, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən: Göstərilən torpaq sahəsi (üç çıxarış üzrə nəzərdə tutulur) ümumi hasar daxilində faktiki olaraq 3935.0 kv.m təşkil edir, ümumi hasar daxilində olan torpaq sahəsi sənədlərə uyğun olmayan vəziyyətdə cavabdeh tərəfindən mişar daşı ilə 2 hissəyə bölünüb, hasar daxilində alınan 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə 1 mərtəbəli yaşayış evi inşa edilmişdir, digər hissə olan 1584 №-li bağ sahəsinə düşən bir hissədə isə yarımçıq tikilinin bir hissəsi mövcuddur, qeyd olunan ümumi ərazi daxilində olan hər 3 torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh adına heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmayıb. Sahənin bir hissəsi qeydiyyatdan keçməyən əlavə torpaq sahəsidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edildiyi kimi, hər üç torpaq sahəsi hazırda daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb və dövlət həmin torpaq sahələri üzərində onun hüquqlarınun müdafiəsinə və toxunulmazlığına dövlət təminat verir. Cavabdehin etiraz və mülahizələrinə dair məhkəmə qeyd etmək istəyir ki, cavabdeh iddiaçının dövlət qeydiyyatna alınmış və dövlət tərəfindən müdafiə olunan hüquqlarının əsasını, eyni zamanı qanuni qüvvəsini almış məhkəmə aktlarını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki, həmin hüquqlar hazırda dövlətin reyestrində qeydiyyatda olduğuna görə onlara şübhə ilə yanaşma yolverilməzdir. Qeyd edildiyi kimi, 1583a №-li sahəyə dair iddiaçının hüququ məhkəmə qərarı ilə ləğv edilsə də, daşınmaz əmlakın reyestrində həmin hüquq hələ ləğv edilməmişdir. Bununla yanaşı iddiaçı həmin sahəyə dair hər-hansı bir tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 1583 və 1584 №-li bağ sahələrində inşa edilmiş tikililər cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Aparılmış ekspertiza iddiaçının vəkilinin vəsatəti əsasında təyin olunduğundan, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşı, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evi və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili Cavabdeh hesabına sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar