Məhkəmə qərarları › İş №2(008)-1223/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1223/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1223/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 2900 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın, cəmi 3900 manat məbləğində pul vəsaitinin və ödədiyi 59 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə Cavabdeh Xaçmaz rayonu, Şimalı kəndində yerləşən evin alınması üçün 3000 manat məbləğində beh pul vermişdir. Şahidlərin iştirakı ilə pulun verilməsinə dair aralarında müqavilə tərtib edilmiş, hər iki tərəfindən imzalanmışdır. Qeyd edilən müqavilənin bağlanmasını təsdiq edən sübutlar, o cümlədən rəsmi sənədlər mövcuddur. 2023-cü ilin may ayında Cavabdeh ona satmağı öhdəsinə götürdüyü Xaçmaz rayonu, Şimalı kəndində yerləşən həmin evi satmaqdan imtina etmiş və beh kimi verilən pulu qaytarmaqdan da boyun qaçırmışdır. Cavabdeh yay mövsümü boyu həmin evi turistlərə icarəyə verərərək pulunu almışdır, bu səbəbdən qaytarmağa pulu olmuşdur. Lakin Cavabdeh borcunu bilərəkdən ödəməmiş, dəfələrlə pulun qaytarılması ilə bağlı tələblərini rədd etmişdir. Hər ay qaytaracağını vəd etmişdir. Cavabdeh cəmi 500 manat pul qaytarmışdır, razılaşmaya əsasən pulun qaytarılmasında gecikdirilən hər ay üçün o, 50 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin gecikmələrə görə yığılan məbləğ 400 manat təşkil edir. Ümumilikdə cavabdehin borcu 2900 manatdır. Bundan əlavə, Cavabdeh ona qarşı etdiyi hərəkətlər nəticəsində mənəvi iztirablar keçirmiş, səhhətində ciddi problemlər yaranmışdır. Hesab edir ki, cavabdeh ondan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və onu aldadaraq nə razılaşdıqları kimi evi ona satmamış, nə də ki ödədiyi behi geri qaytarmamışdır. Nəticədə həm mənəvi, həm də maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, uşağı xəstə olduğuna görə hər il Nabrana gedirdilər, orada cavabdeh evi kirayə verirdi. Orada kirayə qalan zaman münasibətləri yaxşılaşdı. Cavabdeh evi satdığını bildirmiş, evi bankdan çıxartmaq üçün borc istəmişdi. 3000 manat verdi, lakin razılaşma üzrə vaxtında ödəmədi. Aralarındakı razılaşmaya görə gecikməyə görə hər ay 50 manat faiz gələcəkdi üzərinə, çünki o da başqasından borc alıb cavabdehə pul vermişdi. 3000 manatın 500 manatını qaytardı, 2500 manat əsas borc üzrə qalıb. 2900 manatı hər ay gecikmiş müddətə görə 50 manatdan 4 ay cərimə hesablamış. 3000 manatın 5 faizi miqdarında cərimə ödəməlidir. Mənəvi zərər olaraq əsəb keçirtmiş, özünün borcu olduğuna görə keçən yay istirahət edə bilməmiş. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı borc olaraq 3000 manat almış, həmin vəsaitlə banka olan borcunu 7 gün ərzində ödəyəcəyini və həmin borca görə girovda olan, ona məxsus evi girovdan azad edib, İddiaçı satacaqdır. Alqı-satqı vaxtı borca aldığı 3000 manatı alqı-satqı məbləği ilə əvəzləşdirəcək. Əks halda bu borcu əlavə 5% cərimə ilə birlikdə 1 həftə ərzində İddiaçı geri ödəyəcək. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışından görünür ki, Xaçmaz rayonu, Şimali qəsəbəsində mülkiyyətində olan 0,05885 ha torpaq sahəsindən yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,9 kv.m yaşayış, 43,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestində 5 nömrəli reyestr kitabının 78 nömrəli cvərəqində qeydiyyata alınmışdır. Məkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, işin mübahisəsız halı ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsi bağlanıb. Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan 3000 manat məbləğində pulun təhvil aldığını imzası ilə təsdiq etmişdir. İşin mübahisəli olan halı cavabdehdən tutulmalı olan pulun məbləği və iddiaçıya mənəvi ziyanın dəyib-dəyməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; - 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; Sadalanan normaların birgə təhlilindən görünür ki, tərəflər mülki hüquq və vəzifələrin əmələ gəlməsi,dəyişdirilməsi və ya xitam verilməsi üçün müqavilə bağlaya bilərlər. Müqavilə bağlandıqda tərəflər vicdanlıq prinsipinə riayət edərək, ödəliklərini vaxtında və lazımı şəkildə yerinə yetirməlidrlər. Öhdəliklərinin təqsirli pozuntusu məsuliyyətə səbəb olur. Beləliklə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. İddiaçı 3000 manatı verməklə öz öhdəliklərini yerinə yetirmişdir. Bu fakt müqavilədə "Mən, Cavabdeh 3000 AZN (üç min manat) pulu İddiaçı təhvil aldım" qeydinin cavabdeh tərəfindən imzalaması ilə təsdiqlənir. Həmçinin 5 faiz pul ödənilməsi də tərəflər arasında müqavilə ilə müəyyən olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində deyilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə verdiyi 3000 manatdan 500 manat artıq iddiaçıya ödənildiyinə görə o, həmin məbləği təkrarən cavabdehdən tələb etməkdə haqlı deyil. Beləliklə, cavabdehdən 2500 manat pul və 150 manat cərimə (3000 x 5 % : 100% = 150), cəmi 2650 manat məbləğində pul tutulmalıdır. Bundan başqa, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, iddiaçı cavabdehdən 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 59 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cəmi 3900 manat məbləğində iddianın 2650 manat hissəsi (67,95 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 67,95 faizi, yəni 40,09 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 18,91 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2650 manat məbləğində pul, 40,09 manat dövlət rüsumu, cəmi 2690 (iki min altı yüz doxsan) manat 09 (doqquz) qəpik tutularaq İddiaçı ödənilsin. 18,91 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar