Məhkəmə qərarları › İş №2(008)-1322/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1322/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1322/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq əmlaka vurulmuş maddi zərərə görə 3647,63 manat, çəkilmiş taksi xərclərinə 400 manat, mənəvi zərərə görə 1000 manat və məhkəmə rüsumuna görə 71 manat məbləğin cavahdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Hyunday Azera minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili 09.10.2021-ci il tarixdə satt 10:00 radələrində Bakı şəhəri, F.Bayramov küçəsində parklanma nəzərdə tutulmuş yerdə park etmişdir. Sonradan iddiaçıya məlumat vermişdilər ki, Toyota Prius (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh stop nişanın tələbini pozaraq soldan Mercedes Benz CLK minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, o da zərbə nəticəsində iddiaçının park etdiyi maşənə əzmişdir. BŞDYPİ-dən və icbari sığorta üzrə əməkdaşlar yaxınlaşmış və sənədləşmə aparmışdılar. Toyota Prius (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəliyev X2 Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olmuşdur. İddiaçının maşınına 3647,63 manat məbləğində ziyan dəymiişdir. Dəymiş ziyan qarşılanmadığında iddiaçıya iki aydır ki, taksi vasitəsi gedib-gəlməklə 400 manat əlavə zərər dəymişdir. Cavabdeh iddia ərizəsinə etiraz göndərmişdir. Etiraza əsasən, o, heç bir qaydanı pozmamışdır. X3 CLK minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil törətmişdir. İddiaçı hadisə barədə çaşdırıcı iddia və saxta sübutlar əsasında müracitə edərək əsassız pul tələb edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatının dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Hyunday Azera minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir (AD seriyalı 376711 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hadisə ilə bağlı material təqdim olunmuşdur. Həmin materialdan aşağıdakılar müəyyən olunmuşdur. Cavabdeh məxsus və onun tərəfindən idarə edilən Toyota Prius (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil Dövlət Sığorta Kommersiya Şirkətində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi» ilə sığortalanmışdır. 09.10.2021-ci il tarixdə satt 10:00 radələrində Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil Hyunday Azera minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil və digər üç avtomobillə toqquşmuş və nəticədə dördünə də ziyan dəymişdir. Bakı şəhər DYPİ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında ******* №-li qərara əsasən Toyota Prius (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəliyev X2 Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olmuşdur. Araşdırma zamanı iddiaçıya məxsus Hyunday Azera minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3647,63 manat məbləğində zərərin dəyməsi müəyyən olunmuş və proporsional qaydaya riayət edilməklə sığorta şirkəti tərəfindən ona 766 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı əmlaka vurulmuş maddi zərərə görə 3647,63 manat, çəkilmiş taksi xərclərinə 400 manat, mənəvi zərərə görə 1000 manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, sığorta şirkəti tərəfindən ödənilmiş 766 manat çıxılmaqla qalan məbləğ cavabdehdən tutulmalıdır, yəni 2881,63 manat (3647,63 manat – 766 manat). Eyni zamanda məhkəmə hesab edir ki, iddia çəkilmiş taksi xərclərinə 400 manat, mənəvi zərərə görə 1000 manatın tutulması hissəsində rədd edilməlidir. Belə ki, həmin məbləğləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz göndərsə də, iddia tələbini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmlaka vurulmuş maddi zərərə görə 2881,63 manat və ödənilmiş 71 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar