Məhkəmə qərarları › İş №2(008)-140/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-140/2023

09.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-140/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün olmadıqda, evin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsin onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətlərində olan ünvan 2 ünvanda yerləşən tərdi yaşayış evinin 3/4 payı iddiaçının mülkiyyətindədir. Qalan 1\4 hissəsi vərəsəliklə keçib bacısı Cavabdeh mülkiyyətindədir. Bacısı 2019- cü ilin yanvar ayından onun evinə köçmüş və onu ailə üzvləri ilə birlikdə evdən qovmuşdur. Mübahisəli ev ümumi mülkiyyətdədir. Cavabdeh öz hərəkətləri ilə onun və ailə üzvlərinin mülkiyyət, sahiblik və istifadə hüququndan azad etmişdir. Cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur, iddiaçı işdə olan müddət ərzində, həyat yoldaşını və uşaqlarını söyüb təhqir edir, onunlada dalaşır. Bacısı olduğuna görə heç bır hüquq mühafizə orqanlarına müraciət elməmiş və öz ailə üzvlərinə şikayət etməyi qadağan etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdehn məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianın qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materaillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 noyabr 2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 24, 19 saylı evin ¾ hissəsi İddiaçı, ¼ hissəsi isə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/7197 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllədə yerləşən, mübahisə predmeti olan 19 nömrəli fərdi yaşayış evinin İddiaçı ¾ hissə və Cavabdeh ¼ hissədə paylarının natirada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış təqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Yaranmış zərurətlə əlaqədar hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-140/2023 nömrəli qərardadı ilə tərəflərin paylı mülkiyyətindəki mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” hazırki dövrə real bazar dəyəri və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmiş, qiymətləndiricinin rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) 70.000 manat müəyyən edilmişdir. Aparılmış təqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2(008)-140/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) olan 70.000 manatın iddiaçının payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamları barədə təklif göndərilmiş və cavabdehə xx.xx.2023-cü il tarixədək məhkəməyə məlumat vermələri xahiş edilmiş, lakin cavabdeh tərəfindən hər hansı bir məlumat məhkəməyə bildirilməmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Bundan sonra mübahisəli mənzillərin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb edilmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı ev açıq hərracda satılmalı, mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ¾ hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin ilkin satış qiyməti 70 000 (yetmiş min) manat müəyyən edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı ev açıq hərracda satılsın. Mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ¾ hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,məhəllə 24, 19 saylı evin ilkin satış qiyməti 70 000 (yetmiş min) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar