Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1482/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi, mümkün olmadıqda kompensasiya ödənilməklə payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi, mümkün olmadıqda kompensasiya ödənilməklə payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan 1 otağın 11/12 hissəsindən ibarət payla cavabdehlərin miras olaraq faktiki qəbul etdikləri həmin otağın 1/12 hissəsindən ibarət payın naturada ayrılması, payların naturada ayrılması mümkünsüz olduğu təqdirdə, cavabdehlərin payının cüzi olması və həmin paydan istifadə edilməsində onların mühüm mənafeyinin olmaması nəzərə alınmaqla iddiaçı tərəfindən cavabdehlərə kompensasiyanın ödənilməsi ilə payın ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (seriya № RX ******* daşınmaz əmlakın dövlət reyestrində 286 nömrəli reyestr kitabının 26544 nömrəli vərəqində qeydiyyata alınmışdır) göründüyü kimi, ünvan 1 ünvanında yerləşən və ümumi yaşayış sahəsi 259,7 kv.m olan tikilinin paylı mülkiyyətçiləri X17 1/12 hissəyə, X5 1/12 hissəyə, X6 3/6 hissəyə, İddiaçı 2/6 hissə paydan 1 otağa və 2/6 hissə paydan digər 1 otağın 11/12 hissəsinə paya sahib olduqları, X7 isə mülkiyyətində olmuş 2/6 hissə paydan 1 otağın 1/12 hissəsinin açıq qaldığı qeyd olunur. Məhkəməyə təqdim edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamədən (reyestrdə 2V-179 sayı ilə qeyd edilib) göründüyü kimi, X24 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus miras əmlakdan 10/12 hissə pay vərəsəsi X2 və qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamədən göründüyü kimi, miras əmlakdan 1/12 hissə pay vərəsəsi İddiaçı verilmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2017-ci il tarixli vərəsəlik payının bağışlanma müqaviləsindən (reyestrdə 3M-260 sayı ilə qeyd edilib) göründüyü kimi, X11 miras əmlakdan ona çatan 10/12 hissə payı İddiaçı bağışlamışdır. X7 digər vərəsələri olan X12, X25, X13, X18, X19 və X20 notariat orqanına ərizə ilə müraciət edərək İddiaçı xeyrinə miras paylarından imtina etmişlər. X1 vərəsəsi olan X21 isə mirası qəbul etməsi və yaxud ondan imtina etməsi barədə müraciət etməmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh1 mərhum X3 həyat yoldaşı, Cavabdeh2 isə onların övladıdır. Cavabdehlər də mirası qəbul etmələri və yaxud ondan imtina etmələri barədə müraciət etməmişlər. Hazırda mübahisəli evin mülkiyyətçiləri X29, X26, X27 və İddiaçı arasında yaşayış sahəsinin naturada bölünməsi ilə bağlı ümumi razılıq vardır. Onlar mülkiyyətlərində olan paylarına müvafiq şəkildə ayrı-ayrı otaqlarda məskunlaşmışlar. Mübahisə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasındadır. Cavabdehlər mərhum X3 anasından miras paya malik olduqlarını əsas gətirərək X1 paylı mülkiyyətçisi olduğu 2 otaqdan ibarət 2/6 hissənin 1 otağını zəbt etmişlər. Cavabdeh1 2004-cü ilin noyabr ayında mərhum X14 qarşı onun paylı mülkiyyətçisi olduğu yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2004-cü il tarixli 2(008)-1580/2004 №-li qətnaməsi ilə iddiasını təmin etməmişdir. Cavabdehlər Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində qeydiyyatdadırlar və həmin ünvanda yaşayış yerləri olsa da, iddiaçıya məxsus 1 otağın 11/12 hissəsini təşkil edən paydan da istifadə etməklə onun mülkiyyət hüququnu pozmaqdadırlar. İddiaçı X7 mülkiyyətində olmuş 2/6 hissə paydan 1 otağın açıq qalan 1/12 hissəsinin dəyərinin cavabdehlərə ödənilməsi ilə bu payın iddiaçının mülkiyyətinə verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaya mahiyyəti üzrə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)- 113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianı rədd etmişdir. Həmin qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası 2(103)-1270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçının mülkiyyətində olan 1 otağın 11/12 hissəsi və açıq qalan 1/12 hissəsində yaşayırlar, iddiaçı apellyasiya mərhələsində də qəbul etmişdir ki, mirasın açıq qalan 1/12 hissəsini mərhum qardaşı X21, sonra isə cavabdehlər qəbul etmişlər. Ona görə də, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 220.2, 220.3 və 220.4-cü maddələri təşkil edir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan göstərişlərindən çıxış edərək iddiaçının mülkiyyətində olan 1 otağın 11/12 hissəsindən ibarət payla cavabdehlərin miras olaraq faktiki qəbul etdikləri 1 otağın 1/12 hissəsindən ibarət payın naturada ayrılmasını istəyir. Cavabdehlərin payı bir neçə kv.m sahəni əhatə etməklə iddiaçıya məxsus payın cüzi hissəsini təşkil edir və onların bu əmlakda mühüm mənafeləri yoxdur. Cavabdehlərin payı cüzi olduğundan, real surətdə ayrılması mümkünsüz olduğundan və onların bu əmlakdan istifadə edilməsində mühüm mənafeləri olmadığından, iddiaçı onlara sahib olduqları payın dəyərində kompensasiya ödəməyə razıdır. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, həmçinin bildirdi ki, cavabdehlər uzun illərdir ki, 11/12 hissəsi ona məxsus olan otaqda yaşamaqla, onun mülkiyyət hüququnu kobud şəkildə pozurlar. Əmlakından istədiyi formada istifadə edə bilmir. Cavabdehlərə cəmi 2000 manat kompensasiya ödənilməklə, otağın qalan 1/12 hissəsindən çıxarılmalarını istəyir. O, qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2001ci ildə mübahisəli evə gəlin gəlmişdir və hal-hazıra kimi orada yaşayır. Həmin ev qayınanasına məxsus olmuşdur, o da evi övladları arasında bölmüşdür. Qızı ilə onun həmin evdə yaşaması iddiaçının yaşamasına maneçilik törətmir. İddiaçı digər qardaş və bacılarına aid olan payı öz adına keçirmişdir. Mərhum ərindən miras olaraq faktiki qəbul etdikləri 1 otağın 1/24 hissəsindən ibarət payı vardır. Qızı Aygünlə həmin evdə qeydiyyatdadırlar, çıxarış almışlar, kommunal ödənişlər onların adındadır. İddiaçı ilə mətbəxi, sanitar qovşağı, qapıları ayrıdır. Yaşamağa başqa yerləri yoxdur. O, qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəmə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qiymətləndirilmə rəyi ilə razı deyil və orada göstərilən miqdarda kompensasiyanın verilməsinə etiraz edir. Əmlakın qiymətləndirilməsinin keçirilməsi ilə bağlı onlara məlumat verilməmişdir. Qeydiyyatları mübahisəli evədir, həmin evdə yaşayırlar, çıxarışları vardır, yaşamağa başqa yerləri yoxdur. O, qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/12 hissəsi X17, 1/12 hissəsi X5, 3/6 hissəsi X6, 2/6 hissədən 1 otaq və 2/6 hissədən 11/12 hissəsi İddiaçı mülkiyyətindədir, X14 məxsus 2/6 hissədən 1 otaq 1/12 hissəsi açıq qalır. - xx.xx.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi X4r və o, miras əmlakdan 10/12 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 296.78 kv.m olan fərdi yaşayış evindən və X15 məxsus olan 2/6 hissədən bir otaqdan ibarətdir. - xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/12 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 296.78 kv.m olan fərdi yaşayış evindən və 2/6 hissədən bir otaqdan ibarətdir. - xx.xx.2017-ci il tarixli vərəsəlik payının bağışlanma müqaviləsinin surətindən görünür ki, X11 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 296.78 kv.m olan yeddi otaqlı fərdi yaşayış evindən 2/6 hissədən 1 otağı və 10/12 hissədən ibarət vərəsəlik payını İddiaçı bağışlamışdır. - xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X24 ondan sonra vərəsələrindən biri olan oğlu X9 ona məxsus olan ünvan 5 ünvanda yerləşən mirasdan yazdığı vəsiyyətnamə ilə məhrum etmişdir. - xx.xx.2024-cü il tarixli məcburi paya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/24 hissə pay almalıdır. Miras əmlak ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 296.78 kv.m olan fərdi yaşayış evindən mərhuma məxsus 2/6 hissədən 1 otaqdan ibarətdir. - xx.xx.2024-cü il tarixli məcburi paya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/24 hissə pay almalıdır. Miras əmlak ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 296.78 kv.m olan fərdi yaşayış evindən mərhuma məxsus 2/6 hissədən 1 otaqdan ibarətdir. - XİV-ЖГ seriyalı 358553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur, atası X28, anası X16r. - Vİİ-KR seriyalı 431273 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə Cavabdeh1 xx.xx.2001 -ci il tarixdə nikah bağlamışlar. - AZ-İ seriyalı 468285 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2004-cü il tarixdə doğulmuşdur, atası X21, anası Cavabdeh1dır. - AZ-İİ seriyalı 257649 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/12 hissəsi X17, 1/12 hissəsi X5, 3/6 hissəsi X6, 2/6 hissədən 1 otaq və 2/6 hissədən 11/12 hissəsi İddiaçı, 2/6 hissədən 1 otağın 1/24 hissəsi Cavabdeh1, 2/6 hissədən 1 otağın 1/24 hissəsi Cavabdeh2 mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-51789/2025 nömrəli sorğuya cavab məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/12 hissəsi X5, 3/6 hissəsi X6, 2/6 hissədən 1 otaq və 2/6 hissədən 11/12 hissəsi İddiaçı, 2/6 hissədən 1 otağın 1/24 hissəsi Cavabdeh1, 2/6 hissədən 1 otağın 1/24 hissəsi Cavabdeh2, 1/36 hissəsi X22, 1/36 hissəsi X23 və 1/36 hissəsi X10 adına qeydiyyata alınmışdır. - "xxxx" MMC-nin müstəqil qiymətləndiricisi tərəfindən verilmiş № 48 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlərin istifadəsində olan 1 otağın bazar dəyəri 28.100 manat təşkil edir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakdakı payın dəyərinin cavabdehlərə ödənilməsi ilə həmin payın onun mülkiyyətinə verilməsi və cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulan payın naturada ayrılması tələbini irəli sürmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/12 hissəsi X5, 3/6 hissəsi X6, 2/6 hissədən 1 otaq və 2/6 hissədən 11/12 hissəsi İddiaçı, 2/6 hissədən 1 otağın 1/24 hissəsi Cavabdeh1, 2/6 hissədən 1 otağın 1/24 hissəsi Cavabdeh2, 1/36 hissəsi X22, 1/36 hissəsi X23 və 1/36 hissəsi X10 adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakdakı payın dəyərinin cavabdehlərə ödənilməsi ilə həmin payın onun mülkiyyətinə verilməsi və cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilərək, iddia rədd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulan payın naturada ayrılması tələbini irəli sürmədən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, iddia tələbi təmin edilə bilməz. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 1 otağın 11/12 hissəsindən ibarət payla cavabdehlərə məxsus 1 otağın 1/12 hissəsindən ibarət payın naturada ayrılmasını xahiş edir, bu, mümkün olmadıqda isə, cavabdehlərin payı cüzi olduğundan, real surətdə ayrılması mümkünsüz olduğundan və onların bu əmlakdan istifadə edilməsində mühüm mənafeləri olmadığından, onlara sahib olduqları payın dəyərində kompensasiya ödəməyə razı olduğunu bildirir. Məhkəmə, tərəflərin paylarının naturada ayrılmasının mümkünlüyü məsələsinə münasibət bildirərək qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 259,7 kv.m-dir. Həmin əmlakın 2/6 hissədən 1 otaq və 2/6 hissədən 11/12 hissəsinin İddiaçı, 2/6 hissədən 1 otağın 1/24 hissəsinin Cavabdeh1, 2/6 hissədən 1 otağın 1/24 hissəsinin Cavabdeh2 paylı mülkiyyətində olduğu nəzərə alınarsa, riyazi hesablama yolu ilə təxmini olaraq İddiaçı düşən hissə 79,35 kv.m, Cavabdeh1 və Cavabdeh2 düşən hissə hər birinə ayrı-ayrılıqda 3,61 kv.m təşkil edir. Göründüyü kimi, ümumi əmlakda cavabdehlərin payı son dərəcə cüzidir. Naturada bölgüyə görə isə, ayrılan hissə paya uyğun ölçüdə olmalıdır. Cavabdehlər öz hesablarına artırmalar etmiş olsalar belə, həmin artırma əmlakdakı paylarının artmasına səbəb olmur. Naturada bölgünün paylara proporsional şəkildə aparılmasının texniki cəhətdən mümkün olmaması, həmçinin cavabdehlərin paylı mülkiyyətində olan bir otağın bölünə bilməyən əmlak olmasını nəzərə alaraq, məhkəmə payların naturada ayrılmasının mümkünsüz olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən, məhkəmə növbəti mərhələyə keçid edərək, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlərin istifadəsində olan 1 otağının bazar dəyərinin müəyyənləşdirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Tərəqqi” MMC-nin müstəqil qiymətləndiricisi tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən, sözügedən fərdi yaşayış evinin cavabdehlərin istifadəsində olan 1 otağının bazar dəyərinin 28.100 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə sözügedən fərdi yaşayış evinin 2/6 hissədən 1 otaq və 2/6 hissədən 11/12 hissəsinin İddiaçı, 2/6 hissədən 1 otağın 1/24 hissəsinin Cavabdeh1, 2/6 hissədən 1 otağın 1/24 hissəsinin Cavabdeh2 mülkiyyətində olmasını nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 həmin əmlakda paylarının cüzi olması və bu səbəbdən də, ümumi əmlakdan istifadə edilməsində onların mühüm mənafelərinin olmaması qənaətinə gəlir. Qeyd olunan əmlaka iddiaçının payı 11/12, cavabdehlərin ümumi payı isə, 1/12 hissə təşkil etdiyindən, cavabdehlərə düşən ümumi kompensasiya məbləği 2342 manat (28.100:12=2341,66) təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2.Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində sadalanan bütün şərtlər mövcud olduğundan, iddia qismən təmin edilərək, İddiaçı tərəfindən, paylarına mütənasib qaydada cavabdehlər Cavabdeh1 1171 manat və Cavabdeh2 1171 manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 məxsus 2/6 hissədən 1 otağın 1/24 hissəsi və Cavabdeh2 məxsus 2/6 hissədən 1 otağın 1/24 hissəsindəki payları ayrılmaqla, İddiaçı mülkiyyətinə verilməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Qiymətləndirmə tədqiqatın dəyəri 200 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmin maddənin tələbini nəzərə alaraq hesab edir ki, qiymətləndirmə rəyinin alınması üçün 200 manat xidmət haqqı və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı tərəfindən, paylarına mütənasib qaydada cavabdehlər Cavabdeh1 1171 manat və Cavabdeh2 1171 manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 məxsus 2/6 hissədən 1 otağın 1/24 hissəsindəki və Cavabdeh2 məxsus 2/6 hissədən 1 otağın 1/24 hissəsindəki payları ayrılmaqla, İddiaçı mülkiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə qiymətləndirmə rəyinin alınması üçün 200 manat xidmət haqqı olmaqla, cəmi 300 manat məhkəmə xərci cavabdehlərə aid edilərək, onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həqiqət Mahmudova