Məhkəmə qərarları › İş №2(008)-1515/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1515/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1515/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı sığorta şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı sığorta şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Nissan Qashgai» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, 5030.40 manatın cavabdehdən tutularaq İddiaçı sığorta şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04.06.2016-cı il tarixdə idarə etdiyi "VAZ 2104" markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Nardaran qəsəbəsi istiqaməti ilə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyindən qarşıda onunla eyni istiqamətdə hərəkət edən «Nissan Qashgai» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qeyd olunan avtomobilə maddi zərər yetirmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh sərxoş halda nəqliyyat vasitəsini idarə etmişdir. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən cavabdehdən sərxaş halda nəqliyyat vasitəsini idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyatı hadisəsində cavabdehin təqsirli olması Sabunçu rayon Məhkəməsinin 3(003)-686/2016 saylı X8 iş üzrə qərarında öz əksini tapmışdır. «xxxx» MMC firmasının 01.08.2016-cı il tarixli yekun defekt aktına əsasən «Nissan Qashgai» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə 5000 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 029447 saylı sığorta aktı üzrə 5000 manat İddiaçı sığorta şirkəti tərəfindən sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdi, lakin hesab edir ki, 5 ildən sonra pulun tələb edilməsi əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). “Sığortaçı” İddiaçı sığorta şirkəti ASC tərəfindən “sığortalı” X6 arasında "VAZ 2104" markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə dair «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə PAT ********** №-li İcbari Sığorta müqaviləsi bağlanmışdır (İcbari Sığorta müqaviləsinə dair Məlumatın surəti). Həmin avtomobilin mülkiyyətçisi X3r (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). "VAZ 2104" markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi Cavabdeh etibar edilmişdir (Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamə). Cavabdeh 04.06.2016-cı il tarixdə saat 18-00 radələrində etibarnamə ilə idarə etdiyi "VAZ 2104" markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəxanı- Nardaran yolunda sərxoş vəziyyətdə hərəkət edərkən yol hərəkəti qaydasını pozaraq ara məsafəsi saxlamayıb qarşıdakı «Nissan Qashgai» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Bununla da Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 333.3 -cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (Sabunçu rayon Pİ-nin TŞ tərəfindən tərtib olunmuş arayış və cinayət şinin başlanılmasının rədd edilməsi haqqında protokolun təsdiq olunmuş surəti). Sabunçu rayon Məhkəməsinin 3(003)-686/2016 saylı X8 iş üzrə 02.08.2016-cı il tarixli qərarına əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 333.3 -cü maddəsi ilə təqsirli bilinmiş, o, nəqliyyat vasitəsini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. «Nissan Qashgai» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 5000 manat təşkil etmişdir («xxxx» MMC firması tərəfindən verilmiş 01.08.2016-cı il tarixli dəymiş zərərin hesablanmasına dair yekun defekt Aktının təsdiq olunmuş surəti). Qeyd olunan hadisə ilə əlaqədar İddiaçı sığorta şirkəti ASC tərəfindən 03.08.2016-cı il tarixli 029447 №-li sığorta aktı tərtib edilmişdir. İddiaçı sığorta şirkəti ASC tərəfindən X2 hesabına 5000 manat məbləğində pul köçürülmüşdür (4070 №-li 04.08.2016-cı il tarixli ödəniş tapşırığının təsdiq olunmuş sürəti). Hazırda iddiaçı cavabdehlərdən 5000 manat məbəğində verilmiş sığorta ödənişinin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və.s) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi subroqasiya hüququ yaranır. Qeyd edildiyi kimi,cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh «Nissan Qashgai» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu, 5030.40 manat tutularaq İddiaçı sığorta şirkəti ASC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh «Nissan Qashgai» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu, 5030.40 manat tutularaq İddiaçı sığorta şirkəti ASC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar