Məhkəmə qərarları › İş №2(008)-1764/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1764/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1764/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi ev 21 mənzil 20 ünvanından istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi ev 21 mənzil 20 ünvanında yerləşən evi daşınmaz əmlakın xx.xx.1996-cı il tarixli sərəncamına əsasında almışdır. Qızı Cavabdeh1, nəvələri Cavabdeh2 və Cavabdeh3 onun istifadəsində olan ünvanda on beş il olar ki, yaşamırlar. Cavabdehlərin qeydiyyatda qalmaları sənədləşmələr aparılmasında çətinliklər törədir. Bu səbəbdən cavabdehlərin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi ev 21 mənzil 20 ünvanından qeydiyyatından çıxarılmaları üçün ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin “q” bəndinə əsasən qeydiyyatdan çıxma ilə bağlı rayon məhkəməsinə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZ-İV seriyalı 427604 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, atası X3, anası X1r. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 360 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamının surətindən görünür ki, Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi 21 nömrəli evin yaşayış sahəsi 30 kv.m olan 20 nömrəli mənzilin vətəndaş İddiaçı ailəsinə müvəqəti yaşamaq üçün verilməsinə dair “Balaxanıneft” NQÇİ-nin müdiriyyəti və AHİK-nin xx.xx.1991-ci il tarixli 10 nömrəli qərarları təsdiq edilmiş, Sabunçu RPİ-nin PB-nə tapşırılmışdır ki, vətəndaş İddiaçı ailəsini 4 nəfərlə /özü, arvadı, 2 uşağı/ göstərilən ünvana daimi pasport qeydiyyatına alınmasını təmin etsin. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi ev 21 mənzil 20 ünvanında qeydiyyatdadırlar. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14698/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1) “qeydiyyatdan çıxarılma” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan görünür ki, «...subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq istədiyi ünvan - ünvan 3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır...İddiaçı qeyd olunan mənzilin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir...». Məhkəmə hesab edir ki, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi 21 nömrəli evin 20 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi məsələsinə baxarkən, bu münasibətlər 2000-ci ilin sentyabrın 1-dək olan müddətdə yarandığı üçün həmin mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 və Cavabdeh3 isə nəvələridir (Cavabdeh1 uşaqları). Cavabdeh1 xx.xx.1982-ci il təvəllüdlü olmaqla doğulduğu vaxtdan valideynləri ilə birlikdə yaşamış, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 360 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamına əsasən Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi 21 nömrəli evin 20 nömrəli mənzili arvadı və iki uşağı ilə birlikdə müvəqqəti yaşamaq üçün iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan ailə qurana qədər Cavabdeh1 mübahisəli mənzildə yaşamış və pasport qeydiyyatında olmuş, sonuncunun uşaqları – hazırkı iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da həmin mənzilə pasport qeydiyyatına alınmaqla orada yaşamışlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 123-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Qeyd olunan maddənin 3-cü hissəsinin tələbinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin müəyyən edilən hallarından görünür ki, Cavabdeh1 İddiaçı doğma qızı, Cavabdeh2 və Cavabdeh3 isə nəvələridir və iddiaçının ailə üzvləri sırasına aid edildiklərindən, onların mübahisəli mənzildən iddiaçı ilə bərabər istifadə etmək hüquqları vardır. Belə olan halda, cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya verilməsi ilə mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin iddiaçı öz iddia tələbində cavabdehlərin mənzildən istifadə hüquqlarının kompensasiya ödənilmədən itirilməsini xahiş etmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı İddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi 21 nömrəli evin 20 nömrəli mənzilinin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi 21 nömrəli evin 20 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçının evə mülkiyyət hüququ olmadığından, onun cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, qanunvericiliyə əsasən yalnız yaşayış sahəsinin mülkiyyətçisi həmin tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar