Məhkəmə qərarları › İş №2(008)-180/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-180/2022

28.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-180/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlakın naturada bölünməsi və ya dəyərinin ödənilməsi və ya açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətinin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evi üzərində olan 1/2 hissədə mülkiyyət payının naturada ayrılması, bu mümkün olmazsa, əmlak üzərində olan 1/2 hissədə mülkiyyət payının dəyərinin cavabdehdən iddiaçıya ödənilməsi, mülkiyyət payının dəyəri ödənilmədikdə, yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldən edilən pul məbləğinin iddiaçı ilə cavabdeh arasında mülkiyyət paylarına müvafiq olaraq 1/2 hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evinə 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin payı müəyyən edilmişdir. Cavabdeh iddiaçının qardaşıdır. Həmin evdə cavabdeh və onun ailə üzvləri ona yaşamağa imkan vermirlər. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1n iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdilər ki, nə qədər ki, adıçəkilən əmlakın naturada bölünməsi mümkün deyil, əmlakın 100000 manat məbləğində olmasını nəzərə alaraq, iddiaçıya 50000 manat məbləğin verilməsi nəticəsində barışıqla işin yekunlaşmasına razılıq verə bilərlər. 0, cavabdehdən həqiqətən üç il ərzində 10800 manat məbləğində pul vəsaiti almışdır, lakin həmin pul onun qardaşına verdiyi borcdur, evlə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, qeyd etdi ki, o, bacısına üç il ərzində 10800 manat vəsait verərək onunla halallaşmışdır. Hazırda əmlakın 65000 manat məbləğində olmasını nəzərə alaraq, iddiaçıya həmin məbləğin yarısından verdiyi 10800 manat çıxmaqla barışıqla işin yekunlaşmasına razılıq verə bilər. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 eyni izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, tərəflərin barışığa gələ bilmədiklərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh qardaş-bacıdılar. Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evi (sonradan – mübahisəli əmlak) 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin mülkiyyətindədir (Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 06.03.2003-cü il tarixdə verilmiş FM seriyalı 019629 №-li Qeydiyyat vəsiqəsi). İddiaçı ilk olaraq mübahisəli əmlakın payına uyğun naturada bölünməsini istəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 12.02.2021-ci il tarixli 10/4213 №-li ekspert rəyinə əsasən mübahisəli evin iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçı onun payının dəyərinin ödənilməsini istəmişdir. "xxxx" MMC tərəfindən mübahisəli əmlakın bazar qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir. Bu qiymətlə razı olmayan cavabdehin nümayəndəsinin vəsatəti əsasında mübahisəli əmlakın yenidən qiymətləndirlməsi üçün iş «İmza» Ekspertiza Mərkəzinə göndərilmişdir. «İmza» Ekspertiza Mərkəzi tərəfindən əmlakın orta bazar dəyəri 65000 manat məbləğində müəyyən edilmişdir. Bu qiymətlə razı olmayan iddiaçının nümayəndəsi əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatət vermişdir. İki qiymət arasında böyük fərq olduğunu nəzərə alaraq məhkəmə mübahisəli əmlakın yenidən qiymətləndirlməsi üçün işi «Alternativ» Ekspertiza Mərkəzinə göndərmişdir. «Alternativ» Ekspertiza Mərkəzi tərəfindən əmlakın orta bazar qiyməti ilə təqribi 92000 manat müəyyən edilmişdir. İddiaçı ona 50000 manatın verilməsini istəyir, cavabdeh isə ona 21700 manat (65000 manat birinci müəyyən edilmiş qiymət : 2-10800 cavabdehin üç il ərzində iddiaçıya verdiyi məbləğ) təklif edir. Tərəflər arasında razılıq əldə olunmadığından məhkəmə hesab edir ki, mübahisəli əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdən əldə olunmuş məbləğ iki yerə bölünəndən sonra 10800 manat çıxılmaqla iddiaçıya, qalan məbləğ cavabdehə verilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianin qismən təmin edilməsi qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Lakin, məhkəmə hesab edir ki, üç il ərzində cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 10800 manat məhz mübahisəli əmlakla əlaqəli olmuşdur. Belə ki, iddiaçı iddia edir ki, həmin məbləği qardaşına borc vermiş, qardaşı isə üç il ərzində həmin borcu ona hissə-hissə qaytarmışdır. Lakin, məhkəmə bunu inandırıcı hesab etmir, çünki iddiaçıya verilən məbləğ tərəflərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə, tərəflər arasında olan münasibəti nəzərə alaraq, iddiaçı tərəfindən 10800 manat məbləğində borcu qardaşına imzasız qeydsiz verməsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçı 10800 manatın ona verilməsinin digər bir səbəbi barədə məhkəməyə sübut təqdim etmədiyindən, həmin məbləğ məhz əmlaka olan payın müqabilində verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdən əldə olunmuş məbləğ iki yerə bölünəndən sonra 10800 manat çıxılmaqla iddiaçıya, qalan məbləğ cavabdehə verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, 1-ci və 3-cü ekspertiza iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən ekspertlərə ödənilməli olan 700 manat iddiaçı tərəfindən, 2-ci ekspertiza cavabdeh tərəfin vəsatəti əsasında təyin edildiyindən ekspertə ödənilməli olan 150 manat iddiaçı tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizaları məhkəmə iddiaçı və cavabdeh tərəfin vəsatəti əsasında təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 700 manat İddiaçı, 150 manat Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın, satışdan əldə edilən vəsait iki yerə bölünəndən sonra 10800 manat çıxılmaqla İddiaçı, qalan məbləğ Cavabdeh verilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat İddiaçı tutularaq "xxxx" MMCnin (VÖEN **********, «Unibank» KB-nın 11 saylı Dərnəgül filialı, KOD 502058, VÖEN **********, SWİFT kod: UBAZAZ22, H/h AZ46NABZ********************, "xxxx" MMC, müştərinin hesab №-si AZ65UBAZ**********0060AZN001) hesabına, 400 manat tutularaq «X1» MMC-nin ("xxxx" ASC, KOD 506957, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFT: BRESAZ22, «X1» MMC, VÖEN/TİN: **********, İBAN: AZ94BRES********************) hesabına köçürülsün. Aparılmış ekspertiza tədqiqatı dəyəri 150 manat Cavabdeh tutulsun və «İmza» Ekspertiza Mərkəzinin (VÖEN **********, "xxxx" ASC, KOD 507699 VÖEN ********** Müxbir hesab AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22, AZ69AZRT********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar