Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1852/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh Vagif oğlunun iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Vagif oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borclu Cavabdeh Vagif oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Vagif oğlundan "xxxx" MMC-nin xeyrinə 2250 manat əsas borc və 20 manat dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh Vagifoğlu arasında bağlanmış 11.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 2250 manat dəyərində olan “Hisense” televizor və “Snaige” soyuducu satılmışdır. Alqı-satqı müqaviləsinə əsasən alınmış malların dəyərindən 150 manat ilkin ödəniş etməklə, qalan məbləği hər ay üçün 140 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 2250 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmənin 13.10.2021-ci il tarixli əmri ərizə təmin edilmişdir. Borclu Cavabdeh Vagif oğlu məhkəmə əmrinə etiraz verərək əmrin ləğv edilməsini və iddia icraatına keçməsini xahiş etmişdir. Məhkəmənin 26.01.2022-ci il tarixli qərardadı ilə əmr ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək qeyd etdi ki, o, özü üçün adları çəkilən əşyaları almamışdır. Onun tanışı zamin qismində iştirak etmək üçün onu özüylə aparmışdır, o, zamin olmuşdur, alıcı olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC 29.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və kommersiya şəxslərin reyestrinə daxil edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh Vagif oğlu arasında bağlanmış 11.03.2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 1350 manat dəyərində “Snaige” soyuducu və 900 manat dəyərində “Hisense” televizor satmışdır. 11.03.2020-ci il tarixli ******* №-li Aktdan görünür ki, cavabdeh həmin əmlakı təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Vagif oğlunun "xxxx" MMC-yə aralarında bağlanmış 11.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2250 manat ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh Vagif oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Vagif oğlu borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi barədə ərizə ilə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 2250 manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh alıcı deyil, əslində zamin qismində iştirak etməsinə dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Vagif oğlundan 2250 manat əsas borc və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Vagif oğlundan 2250 manat əsas borc və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1852/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1852/2022
12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver