Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1983/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh firmasına qarşı maddi və mənəvi ziyanın tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh firmasına qarşı məhkəmədə iddia qaldıraraq 1510 manat məbləğində maddi və keçirdiyi mənəvi iztirablara görə 1000 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmin 2510 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31.12.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən Cavabdeh yanacaqdoldurma məntəqəsinə yaxınlaşaraq özünə məxsus **-UD-*** dövlət qeydiyyat nişanlı «Renault Megane» avtomobilin yanacaq çəninə 10 litr dizel alaraq əlavə etdirmişdir. Yolda olarkən avtomobilin düzgün işləmədiyi hiss etmiş, evə gedib avtomobili söndürmüş, bir neçə saatdan sonra avtomobili işə salmağa çalışsa da avtomobil işə düşməmişdir. Qeyri iş günləri olduğundan 04.01.2021-ci il tarixdə evakuator vasitəsilə avtomobili təmir servisinə aparmış, servisdə nasazlığın səbəbinin avtomobilə vurulan keyfiyyətsiz dizel yanacağının olduğu bildirilmiş və bu barədə sənəd də verilmişdir. Bununla əlaqədar YDM-in rəhbərliyi ilə görüşüb istehlakçı hüquqlarının pozulduğunu bildirmiş, avtomobilin nasaz hala düşdüyünü üçün xərc tələb etmiş, lakin ona zərər ödənilməmişdir. Sonra avtoservis tərəfndən qüsur aktı tərtib edilmişdir. Bunun nəticəsində ona həm də mənəvi ziyan vurulmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). 99UD978 dövlət qeydiyyat nişanlı «X3» avtomobilin sahibi İddiaçıdur. «NAS Dizel Servis»-in ustası Ələmşahov Nizami tərəfindən həmin avtomobilə baxış keçirilmiş, vurulan yanacağın keyfiyyətinin aşağı olduğu müəyyən edilmiş, forsunkalarda yaranmış kilidlənmənin dizelin tərkibinin sulu və çirkli olduğu ilə əlaqələndirilmiş, 4 forsunkanın təmir haqqının 200 manat olması qeyd edilmiş, bu barədə usta tərəfindən arayış tərtib edilmiş, şirkətin möhürü ilə təsdiq edilmişdir. Həmin arayışda avtomobilə baxış tarixi göstərilməmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 14.01.2021-ci il tarixdə avtomobilin təmirinə dair qüçur aktı tərtib edilmiş, yekun olaraq ehtiyyat hissələlərinin və işçiliyin 1510 manat olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı 1510 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmin 2510 manat pulun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Lakin məhkəmə hesab edir ki, iddiaçı onun avtomobilinə dəyən zərərin məhz 31.12.2020-ci il tarixdə Cavabdeh yanacaqdoldurma məntəqəsində avtomobilin yanacaq çəninə 10 litr dizelin tökülməsi nəticəsində dəyməsini sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 1510 manat məbləğində maddi və keçirdiyi mənəvi iztirablara görə 1000 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmin 2510 manat pulun Cavabdeh firmasından tutulması barədə iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1983/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1983/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver