Məhkəmə qərarları › İş №2(008)-202/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-202/2023

24.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-202/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Üçüncü şəxs "Bank VTB Azərbaycan” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-yə qarşı, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, "Bank VTB Azərbaycan” ASC və Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə qiymətləndirmə hesabatının və protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-yə qarşı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, "Bank VTB Azərbaycan” ASC və Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək "xxxx" MMC tərəfindən 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, Kia Cerato markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomaşına dair verilən əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi” MMC-də açıq hərracda keçirilən həmin avtomaşının satılmasına dair xx.xx.2017-ci il tarixli, 10/09 saylı protokolun etibarsız hesab edilməsi və həmin avtomobilinin yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5928/2015 №-li xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən iddiaçıdan 16175,77 ABŞ dollar pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Bank VTB Azərbaycan ASC-nin xeyrinə ödənilməlidir. Cavabdeh sifariş məktubuna əsasən "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən onun mülkiyyətində olan 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, Kia Cerato markalı, 90-VR826 dövlət nömrə nişanlı avtomaşının qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi hesabata əsasən avtomaşının qiyməti 9000 manat təşkil etmişdir. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi” MMC-də açıq hərrac keçirilmiş və həmin avtomaşın 13000 manata X4 satılmışdır. Avtomaşının qiymətləndirilməsi barədə hesabatla, satış qiyməti ilə razı deyil, belə ki, avtomaşının qiymətləndirilməsinin kimin tərəfindən və hansı qiymətə qiymətləndirilməsi barədə onun xəbəri olmamış və ona bu barədə qiymətləndirməni keçirən MMC və Cavabdeh heç bir məlumat verməmişdir. Hərraca dəvət etməmişlər və ona məxsus avtomaşın ucuz qiymətə satılmışdır. Həmin avtmomaşının satış qiyməti hazırda 22000 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin səlahiyyətli nümayəndələri ("Bank VTB Azərbaycan” ASC istisna olmaqla) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "Bank VTB Azərbaycan” ASC-nin nümaynədəsi X3 izahat verərək, qeyd etdi ki, iddiaçı bütün proseslər barədə məlumatlı olmuş, avtomobil vurulmuş olduğundan tam obyektiv şəkildə həmin qiymətə qiymətləndirilmişdir. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2016cı il tarixli, 735 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9000 manat təşkil etmişdir. Həmçinin hesabatda avtomobilin texniki xarakterizəsində avtomobilin ümumi vəziyyətinin cari təmirə ehtiyacı olduğu qeyd edilmişdir. "Açıq hərracın nəticələri haqqında” 10/09 nömrəli, 13 fevral 2017-ci il tarixli protokoldan müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5928/2015 saylı, ci il tarixli icra sənədinə və Cavabdeh 41360-7803/13 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobil 13000 manata X4 satılmışdır. Nərimanov rayon Məhkəməsi tərəfindən avtomobilin qiymətləndirilməsi "X6 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Sonuncu tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli, 136 saylı hesabatına əsasən İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilmə tarixinə bazar dəyəri 22600 manat, likvid dəyəri 19000 manat müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə qeyd etmək istəyir ki, "X6 Mərkəzi” MMC tərəfindən hesabatın hazırlanmasında eyni il, eyni markalı avtomobil analoqlarından istifadə edilmiş, mübahisə predmeti olan avtomobilə baxış keçirilməmiş, onun real vəziyyəti, avtomobilin real amortizasiya halı nəzərə alınmamışdır. Belə ki, "X6 Mərkəzi” MMC-nin xx.xx.2021 -ci il tarixli, 136 saylı ekspert rəyində istinad edilmiş avtomobil üçün analoqlardan görünür ki, həmin analoqlarda 2013-cü il buraxılışılı "Kia Cerato” markalı avtomobillərin ilkin satış qiyməti 20000 manat məbləğindən 21000 manat məbləğinədək olmuşdur. Qeyd edilmiş analoqlardan görünür ki, daha təmirli və istifadəyə yararlı avtomobillər 20000 manat, 26000 və 21000 manat məbləğində təklif edilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, "X6 Mərkəzi” MMC-nin hesabatı reallığı əks etdirməmiş, belə ki, ekspert avtomobili qiyabi olaraq, yalnız avtomobil bazarında olan analoqlar əsasında qiymətləndirmişdir. "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-nin hesabatında isə avtomobilə əyani olaraq baxış keçirilmiş və avtomobilin təmirə ehtiyac olan hissələri, həmçinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9000 manat müəyyən edilmişdir. Odur ki, "X6 Mərkəzi” MMC-nin xx.xx.2021 -ci il tarixli, 136 saylı ekspert rəyini məhkəmə sübut kimi qəbul etməməyi daha əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bununla da məhkəmə hesab edir ki, İddiaçı məxsus Kia Cerato markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobilin "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2016-cı il tarixli, 735 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən məbləğ əmlakın real qiymətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 .-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 .-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81 -ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəm hesab edir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar