Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-203/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh X2, onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hüquqazidd əməli nəticəsində ona vurulmuş 4000 manat məbləğində maddi ziyanın, ona məxsus “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1000 manat məbləğində maddi ziyanın, o cümlədən 50.000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, X7 xx.xx.2020-ci il tarixdə, saat təxminən 15:00 radələrində oğlu X4 ilə birlikdə yaşadığı ünvan 1 ünvanında azyaşlı uşaqlarının gözləri qarşısında heç bir səbəb olmadan, qəsdən onu döyməklə burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, ənsə və sağ təpə nahiyyələrinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və yerə yıxılması nəticəsində sağ ayağının birinci barmağının dırnaq falanqasının yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır xəsarətlər yetirmişdir. Həmin xəsarətlər iş materiallarında toplanmış ekspertiza rəyi, fotoşəkillər və digər sübutlara öz təsdiqini tapır. Bundan əlavə, X7 tərəfindən ona məxsus “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə xəsarət yetirməklə müxtəlif məbləğdə ziyan vurmuşdur. Bildirir ki, hadisədən sonra çox ciddi psixoloji sarsıntı keçirmişdir. Aldığı xəsarətləri özü müalicə etmişdir. Ailəsinin dağılması həmin hadisədən sonra baş verdiyindən, hadisə nəticəsində, ağır mənəvi sarsıntılar keçirmişdir. Cavabdeh X7 ümumiyyətlə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair bu günədək heç bir addım atmamışdır. X7 törətdiyi əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən təqsirli bilinmiş, cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə cinayət məsuliyyətindən bəraətverici əsaslar olmadan azad edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qarşı tərəfin əməli öz təsdiqini tapmışdır. Həmin hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Qarşı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər bilavasitə münaqişənin tərəfi olan şəxslər olmuşdur. Hüquqi baxımdan onların dindirilməsi düzgün deyildir. 4000 manat maddi ziyanla bağlı qeyd edir ki, şəxsin tibb müəssisəsindən evə buraxıldıqdan sonra da müayinə və müalicə olunması əlavə xərclər yaradır, bunlar hamısı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Mənəvi ziyanla bağlı isə bildirir ki, iddiaçının gözəl ailəsi və uşaqları ilə gözəl münasibətləri olmuş, lakin cavabdehin hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, bununla bağlı olaraq dərin mənəvi sarsıntı keçirmişdir. Göstərilənlərə əsasən vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının dedikləri hamısı yalandır. Qarşı tərəf cinayət işində olan izahatında bildirmişdir ki, guya onun qızı Hicran Şaliyeva iddiaçının maşınına xəsarət yetirmişdir. Hələ 2020-ci ilin may ayında iddiaçının ailəsində problem yaranmış, qızı Hicran uşaqları da götürüb onlara gəlmişdir. Onlar iyun ayında məhkəməyə müraciət etmişlər, daha sonra avqust ayında Rauf gələrək barışıq istəmiş və ailəsini götürüb aparmışdır. Xəsarətlərlə bağlı bildirir ki, o, iddiaçıya heç bir xəsarət yetirməmişdir, 2020-ci ilin aprel ayında Rauf evə qan içində gəlmişdir. Əvvəllər iki dəfə burnunu əməliyyat etdirmişdir. Yalan söyləyərək burnundakı problemin həmin hadisə nəticəsində yarandığını bildirir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək edərək, bildirdi ki, ekspert rəyində iddiaçının burnunda sınıq deyil, şişkinlik olduğu qeyd olunmuşdur. İddiaçı özü də qeyd etmişdir ki, əvvəllər burnundan əməliyyat olunmuşdur. Mənəvi ziyanla bağlı qeyd edir ki, iddiaçı ailəsinin dağılması və bununla bağlı sarsıntı keçirdiyini bildirsə də, iddia ərizəsində bununla bağlı hər hansı bir əsaslandırma yoxdur. Həmin ailə tək iddiaçıya məxsus olmamış, digər tərəf də sarsıntı keçirmiş, dəfələrlə boşanma ilə bağlı məhkəməyə müraciət etmişlər, lakin sonra qohum-qonşular vasitəsilə barışıq olmuşdur. Daha sonra birgə yaşamaq mümkün olmadığından boşanma baş vermişdir, yəni tərəflər arasında nikahın pozulmasına səbəb bu hadisə olmamışdır. Göstərilənlərə əsasən vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şaliyeva Hicran Zabit qızı ifadəsində bildirmişdir ki, cavabdeh X7 onun atası, iddiaçı isə keçmiş həyat yoldaşıdır. Onlar boşandıqdan sonra qarşı tərəfdən barışıq təklifi gəlməmişdir. Birgə yaşadıqları dövrdə iddiaçı daim çətinliklə nəfəs almasından şikayətlənmişdir və bu səbəbdən 2012-ci ildə “Oksigen” klinikasında ümumi keyitmə (narkoz) ilə burnundan əməliyyat olmuşdur. 2020-ci ilin aprel ayında Rauf onunla mübahisə etmiş, sonra ondan ağ rəngdə köynək istəyərək çıxıb getmişdir. Gecə 11-12 saatlarında əsəbi vəziyyətdə evə gələrək söyüş söymüşdür, əynində səhər geyindiyi ağ köynək olmamışdır. O, iddiaçıdan nə baş verməsini soruşanda cavab verməmişdir. Səhəri gün ağ rəngli köynəyində və şalvarında qan ləkələri, həmçinin onun 10 gün axsamağını, burnunun sağ tərəfinin göyərdiyini görmüşdür. Pandemiya dövrünə təsadüf etdiyindən, kimsə görməməsi üçün iddiaçı tibbi maskalardan istifadə etmişdir. Həmin hadisə ilə bağlı polis və ya prokurorluq orqanlarından evlərinə gələn, iddiaçını axtaran olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, hər iki tərəfin həm qohumu, həm də qonşusudur. Pandemiya dövründə 2020-ci ilin mart-aprel ayı aylarında “Oba marketin” yanından keçərkən iddiaçını qara rəngli avtomaşının yanında, maskada gözü göyərmiş vəziyyətdə görmüşdür. İddiaçı həmişə onunla salamlaşsa da, bu dəfə üzünü çevirmiş, salam verməmişdir. O, xəsarətlə bağlı iddiaçıdan heç nə soruşmamışdır. Arvadı Hicrana zəng edərək maraqlandıqda o, iddiaçıya iş yerində nəsə olduğunu bildirmişdir. Onlar evli olduqları vaxtlarda aralarında mübahisələri olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1826 nömrəli rəyinə əsasən, İddiaçı sağ ayağın birinci barmağının dırnaq falanqasının yerini dəyişməyən qapalı sınığı, ənsə və sağ təpə nahiyələrinin əzilmiş yaraları, burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyələrinin sıyrıqları müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. - “X11” X12n xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı təpə və ənsə nahiyyəsinin kəsilmiş-əzilmiş yarası, burnunun əziyi, burun qanaxması, döş qəfəsinin arxa səthinin əziyi diqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 0982/22 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı burun çəpəri əyriliyi, hipertrofik rinit klinik diaqnozu qoyulmuş, xəstə xx.xx.2022-ci il tarixdən kafi vəziyyətdə ambulator müalicəyə yazılmış, ambulator nəzarət məsləhət görülmüşdür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı göstərilmiş biokimya, CBC, həkim müayinəsi, kardiologiya, kaoqulyasiya, molekulyar mikrobiologiya, PAKET, rentgen, serologiya, EKQ xidmətlərinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 142,65 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı göstərilmiş anesteziya, burun əməliyyatları, əməliyyatxana, stasionar və digər xidmətlər görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 1662,04 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı göstərilmiş kompyuter tomoqrafiyası xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 98 manat ödəniş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(008)-2554/2023 saylı qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 tərəfindən verilmiş 621/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Təpə və ənsə nahiyəsinin kəsilmiş-əzilmiş yarası, burunun əziyi, burun qanaxması, döş qəfəsinin arxa səthinin əziyi” diaqnozu ilə əlaqədar xx.xx.2020-ci il tarixdə “X11” PHŞ-ndə müvafiq tibbi yardımlar göstərilmişdir. xx.xx.2022- ci il tarixdə isə "xxxx"da “Burun çəpəri əyriliyi; Hipertroflk rinit” diaqnozu ilə əlaqədar “Septoplastika; Konxa RF” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Burun çəpərin əyriliyi travmatik mənşəli olması istisna edilmir. Aparılmış müalicələrlə bağlı sərf olunan vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid olmamışdır. İddiaçı almış olduğu xəsarətlə əlaqədar adekvat tibbi yardımlar göstərilmiş, hazırda isə səhhəti ilə bağlı şikayəti olmamışdır. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti V.Şıxəliyevanın xx.xx.2024-cü il tarixli məlumatına əsasən, qərardadda qeyd edilən “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssis arayışının surəti (qüsur aktı) təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı keçmiş qayınatası olmuşdur. Qızının nikahı rəsmi qaydada pozulmazdan əvvəl xx.xx.2020-ci il tarixdə cavabdeh ünvan 1 ünvanında aralarında yaranmış ailə münaqişəsi zamanı İddiaçı döyməklə burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, ənsə və sağ təpə nahiyyələrinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və yerə yıxılması nəticəsində sağ ayağının birinci barmağının dırnaq falanqasmın yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır xəsarətlər yetirmişdir. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi açılmış, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən təqsirli bilinsə də, tətbiq edilmiş amnistiya ilə əlaqədar, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin hadisə nəticəsində, İddiaçı burun nahiyəsindən xəsarət alması işin mübahisəsiz halıdır. O, həmin məhkəmə prosesində verdiyi ifadəsində cavabdehin onun burun nahiyəsindən yumruqla vurub xəsarət yetirdiyini qeyd etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, İddiaçı 2022-ci ilin aprel ayında həmin klinikaya müraciət etmiş, ona burun çəpəri əyriliyi, hipertrofik rinit klinik diaqnozu qoyulmuş, burnunda cərrahiyyə əməliyyatı icra edilmişdir. Həmin əməliyyatla bağlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1902,69 manat ödəniş etmişdir (təqdim edilmiş fakturalara əsasən). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçıda burun çəpərinin əyriliyinin travmatik mənşəli olması istisna edilməmişdir. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidlərdən H.Şaliyeva iddiaçının digər hadisə nəticəsində burnunun sağ tərəfinin göyərdiyini bildirmiş, özü hadisəyə bilavasitə şahidlik etməmiş, digər şahid İ.Hüseynova isə, iddiaçının maskada gözü göyərmiş vəziyyətdə gördüyünü bildirmişdir. Yəni həmin şahidlər iddiaçının burnunda yaranmış çəpər əyriliyinin məhz 2020-ci ilin mart-aprel aylarında baş vermiş digər bir hadisə nəticəsində yaranması barədə məhkəməyə mötəbər ifadələr verməmişlər. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı burnunda "xxxx"da cərrahiyyə əməliyyatı məhz xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı burnundan xəsarət almasının nəticəsi olaraq icra edilmişdir. Məhkəmə yuxarıda tədqiq olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı sağlamlığına X7 tərəfindən zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Hazırda cavabdeh tərəfindən vurulmuş maddi ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadda göstərilən suallara qismən aydınlıq gətirilmişdir ki, təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 tərəfindən verilmiş 621/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Təpə və ənsə nahiyəsinin kəsilmiş-əzilmiş yarası, burunun əziyi, burun qanaxması, döş qəfəsinin arxa səthinin əziyi” diaqnozu ilə əlaqədar xx.xx.2020-ci il tarixdə “X11” PHŞ-ndə müvafiq tibbi yardımlar göstərilmişdir. xx.xx.2022- ci il tarixdə isə "xxxx"da “Burun çəpəri əyriliyi; Hipertroflk rinit” diaqnozu ilə əlaqədar “Septoplastika; Konxa RF” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Burun çəpərin əyriliyinin travmatik mənşəli olması istisna edilmir. Aparılmış müalicələrlə bağlı sərf olunan vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid olmamışdır. İddiaçı almış olduğu xəsarətlə əlaqədar adekvat tibbi yardımlar göstərilmiş, hazırda isə səhhəti ilə bağlı şikayəti olmamışdır. Belə olduğu təqdirdə, məhkəmə, sağlamlığa vurulmuş maddi ziyanla bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fakturalarına əsasən, İddiaçı göstərilmiş biokimya, CBC, həkim müayinəsi, kardiologiya, kaoqulyasiya, molekulyar mikrobiologiya, PAKET, rentgen, serologiya, EKQ, anesteziya, burun əməliyyatları, əməliyyatxana, stasionar və kompyuter tomoqrafiyası xidmətləri üçün ödənilmiş 1902,69 (142,65+1662,04+98) manat məbləğində pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Sağlamlığa vurulmuş maddi ziyanla bağlı qalan hissədə sübuta yetirilmədiyindən, məhkəmə iddianın həmin hissədə rədd olunması qənaətinə gəlir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh X7 tərəfindən zərərin vurulması, həmçinin vurulan zərərin 1000 manat məbləğində müəyyən edilməsi bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata əsasən, avtomobilin ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssis arayışının surəti (qüsur aktı) təqdim edilmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, sübuta yetirilməməsi əsası ilə iddia cavabdehdən iddiaçıya məxsus “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1000 manat məbləğində maddi ziyanın tutulması hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı ailəsinin dağılmasını həmin hadisə ilə əlaqələndirərək, mənəvi zərərə məruz qaldığını bildirsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, əslində hələ həmin hadisəyədək iddiaçının keçmiş həyat yoldaşı ilə ailə münasibətləri qaydasında olmamışdır. Digər tərəfdən, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə də təmin edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə nəticə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 İddiaçı sağlamlığına vurulmuş maddi zərərə görə 1902,69 (min doqquz yüz iki manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 39,03 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı sağlamlığına vurulmuş maddi zərərə görə 1902,69 (min doqquz yüz iki manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti və 39,03 (otuz doqquz manat üç qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-203/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-203/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver