Məhkəmə qərarları › İş №2(008)-2095/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2095/2024

02.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2095/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14, 24 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili xx.xx.2014-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. O, xx.xx.2014-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Lakin həmin nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, buna dair müvafiq şəhadətnamə verilmişdir. Ailə münasibətləri faktiki pozulduqdan və məhkəmə mübahisələri başlandıqdan sonra X3 təxminən 8-9 ay əvvəl onun mülkiyyətində olan mənzili tərk etmişdir. Hazırki vaxtadək onun harada yaşaması, ümumiyyətlə harada olması barədə heç bir məlumatı yoxdur. O, mülkiyyətində olan mənzilə yaxınlaşıb orada yaşamaq istəsə də, hər dəfə cavabdeh polis bölməsinə müraciət edərək döyüldüyünü bildirdiyi üçün o, öz yaşayış sahəsindən istifadə edə bilməmiş və məcbur qalıb valideynlərinə məxsus evdə yaşamışdır. Sonradan qonşular ona X1 bir neçə müddətdir ki, orada yaşamaması barədə məlumat verdikləri üçün müvafiq ərazi polis bölməsinə müraciət edərək, mənzilə daxil olmağı ilə bağlı ona köməklik edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə sahə rəisi Vüsal Rəşidov, qonşu İlkin Dəleyubov, şahid Əbil Hüseynov, qızı Nəzrinin iştirakı ilə mənzilə daxil olmuşdur. O, mənzilə baxış keçirən zaman X1 orada olmadığını, həmçinin mənzilinin içərisində olan və onun vəsaiti hesabına alınmış bütün mebel və digər əşyaların götürüldüyünü müəyyən etmişdir. Bununla bağlı videoçəkiliş aparılmış, həmçinin sahə rəisi tərəfindən müvafiq akt tərtib olunmuş və iştirak edən şəxslər həmin aktı imza etmişlər. O, X1 qeydiyyatdan çıxarılması üçün Sabunçu Rayon Polis İdarəsinə yazılı müraciət etsə də, həmin orqan onun müraciətini təmin etməkdən imtina etmiş və qeydiyyatdan çıxarılmanın Sabunçu Rayon Polis İdarəsinin QMB-nin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Bundan sonra tərəfindən Bakı İnzibati məhkəməsinə müraciət edilərək, cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14,24 saylı mənzildən X1 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmədiyindən, qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxsin istifadə hüququnun halhazırda mövcud olub-olmaması - yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olubolmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Buna görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Hazırda cavabdeh X3 ilə nikahdan olan övladları onunla yaşayır, lakin X3 nə övladları, nə də digər ailə üzvləri ilə əlaqə saxlamır. Buna görə də onun harada olması barədə hər hansı məlumatı yoxdur. Beləliklə, iş üzrə materiallardan aydın göründüyü kimi, cavabdehin onun tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüquqlarının qalması onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən, xeyli müddətdir ki, o, cavabdehə görə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Bu isə bu ona maddi cəhətdən çətinlik yaradır. Odur ki iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh X3 etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2000-ci il tarixdə İddiaçılə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onun atasının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilə gəlin köçmüşdür. Nikahlarından xx.xx.2003-cü il tarixdə Nəzrin adlı qızları olmuşdur. İddiaçılə münasibətləri pozulduğundan 2005-ci ilin iyun ayında nikah pozulmuşdur. Daha sonra 2014-cü ildə İddiaçılə barışmış və ailə münasibətlərini bərpa edərək, xx.xx.2014-cü il tarixdə yenidən nikaha daxil olmuşlar. Həmin ildən də o, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən 14 saylı evin 14 saylı mənzilinə köçüb İddiaçılə birgə daimi olaraq orada yaşamış və daimi pasport qeydiyyatına alınmışdır. xx.xx.2015-ci il tarixdə daha bir övladıları-Amin anadan olmuşdur. O, övladları və İddiaçılə birgə 2022-ci ilin fevral ayının sonunadək qeyd olunan mənzildə yaşamışlar, həmin tarixdən sonra isə İddiaçı zorla onu mənzildən çıxarmış və mənzilin qapısının qıfılını dəyişdirərək, onun orada yaşamağına imkan verməmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində, hazırda daimi yaşamağa yaşayış sahəsi yoxdur. Müvəqqəti olaraq müxtəlif qohumlarının yanlarında qalmağa məcbur olmuşdur. Daimi pasport qeydiyyatında olduğu, istifadə hüququ olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən 14 saylı evin 14 saylı mənzilində yaşamağa kəskin ehtiyacı vardır. Qeyd olunan mənzildən başqa yaşamağa yeri yoxdur. İddiaçı öz tələblərini əsaslandırmaq üçün məhkəməyə hər hansı mötəbər və təkzib olunmaz sübut təqdim etmədiyindən belə qənaətə gəlmək olar ki, o, iddiasının əsası kimi istinad etdiyi halları nə sübuta yetirə, nə də tələbini əsaslandıra bilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iddiaya etirazı iş materialları ilə əlaqəli qaydada araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət növü olaraq İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 2(008)-337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyatda şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. -İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sahə rəisi, polis mayoru Vüsal Rəşidov, qonşu İlkin Dəleyubov, şahid Əbil Hüseynov, İddiaçı və qızı Nəzrin Mustafazadənin iştirakı ilə Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14, mənzil 24 ünvanda yerləşən mənzilə baxış keçirlərkən mənzilinin içərisində olan bütün əşyaların boşaldılması, yaşayışın olmaması müəyyən edilmişdir. Bununla bağlı videoçəkiliş aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X3 xx.xx.2014-cü ildən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14, mənzil 24 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 iddiaçıya məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14, mənzil 24-dən pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. - Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd etmişdir ki, İddiaçı Sabunçu Rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarma tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14, 24 saylı mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh X3 onun keçmiş arvadı olmuşdur. Onlar xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları rəsmi qaydada pozulmuşdur. Cavabdeh xx.xx.2014-cü ildən sözügedən mənzilə qeydiyyata düşmüşdür. Lakin özünün də bildirdiyinə görə, 2022-ci ilin fevral ayının sonunadək qeyd olunan mənzildə yaşamışdır. Həmin vaxtdan o, həmin mənzildə yaşamır, və onun harada yaşaması da müəyyən deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20 mart 1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Məhkəmə, hüquq tətbiqetmə təcrübəsində istifadə hüququnun yaranmasının müxtəlif rejimlərinin olduğunu diqqətə alıb aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı işin mübahisəsiz müəyyən edilmiş hallarına əsasən, İddiaçı cavabdeh X3 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və cavabdeh xx.xx.2014-cü ildən mübahisə predmeti olan mənzilə qeydiyyata düşmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları rəsmi qaydada pozulmuşdur. Cavabdeh 2022-ci ilin fevral ayından iddia predmeti olan mənzildə yaşamır. Tərəflər arasında münasibətlərin 2010-cu ildən sonra yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırkı iş üzrə isə tərəflər arasında nikahın pozulmasını, eləcə də cavabdehin iki ildən artıq müddət ərzində həmin mənzildə yaşamadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı ailə münasibətləri aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən uzun müddət davamlı olaraq istifadə etməməsinin səbəbi onun məhz həmin yaşayış sahəsinə ehtiyacı olmamasından irəli gəlir. Çünki məhkəmə tədqiqi zamanı cavabdehin qeyd olunan mübahisəli mənzildən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxslər tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14, 24 saylı mənzilindən istifadə hüququ aradan qaldığından, onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 14, 24 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar