Məhkəmə qərarları › İş №2(008)-2100/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2100/2024

17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2100/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 28000 manat, mənəvi ziyana görə 100000 manat, cəmi 128000 manat alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-568/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(103)-1091/2022 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilməyərək hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan məhkum İddiaçı müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Ali Məhkəmənin 1(102)-1270/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1091/2023 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1749/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 1(101)-227/2022 nömrəli hökmü ləğv edilmiş, İddiaçı təqsirliliyi sübutə yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. İddiaçı 12 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutularaq 12 iyul 2021-ci ildə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 07 noyabr 2023-cü ildə bəraət alaraq həbsdən azad edilənə kimi 2 il 3 ay 25 gün müddətində onun azadlıq hüququ məhdudlaşdırılmış, o, əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2023cü il tarixli hökmü ilə İddiaçı bəraət verilənədək olan müddət ərzində də o, gərginlik və qorxu içərisində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona bərpaolunmaz maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı məhkum olunduğu cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, o, tikintidə usta köməkçisi olmuş və yaxşı qazanc əldə etmişdir. Onun bildirdiyinə görə aylıq qazancı 1000 manat olmuş, həbsdə saxlanıldığı 2 il 4 ay ərzində 28000 manat qazancından məhrum olmuşdur. Göstərilən müddət ərzində o, işini və gəlirini itirmişdir. Ailədə əsas gəlir gətirən şəxs olduğu üçün 4 nəfərdən ibarət ailəsi (kiçik qardaşı epilepsiya xəstəsidir) çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nəticəsində həyatının 2 il 3 ay 25 gününü dəmir barmaqlıqlar arasında keçirməsi onun cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyqət və işgüzar nüfuzunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə səbəb olmuş, bütün bunlar İddiaçı mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. İddiaçı özünə vurulmuş mənəvi ziyanı 100000 manat məbləğində qiymətləndirir. Hesab edir ki, bu məbləğ onun bütün məhrumiyyətlərini, iztirab və sarsıntılarını kompensasiya edə bilməsə də sonrakı həyatının öz axarına düşməsinə, qaydaya salınmasına kömək ola bilər. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək etirazı belə əsaslandırmışdır ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanmasını, həbsdə saxlanılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar 100.000 manat məbləğində mənəvi, 28.000 manat maddi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.“Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, üçüncü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Eyni zamanda qeyd edirik ki, Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həbsdən çıxdıqdan sonra iddiaçının qıcolma tutmaları şiddətlənib, həbsdə olması bunu daha da ağırlaşdırıb. Bəraət alıb, dəymiş maddi və mənəvi ziyan ödənilib. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-562/2022 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2021-ci ildən hesablanması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(103)-1091/2022 nömrəli hökmündən görünür ki, ilə apellyasiya şikayəti təmin edilməyərək hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Ali Məhkəmənin 1(102)-1270/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1091/2023 nömrəli xx.xx.2022-ci i ltarixli qərarı ləğv edilərək iş yenidən apellyasiya baxışına göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1749/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 1(101)-227/2022 nömrəli hökmü ləğv edilmiş, İddiaçı təqsirliliyi sübutə yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. - "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3185 nömrəli ambulator kitabçasından çıxarışından görünür ki, diaqnoz olaraq əsas xəstəlik keçirilmiş toksiko-hipoksik ensefalopatiyanınnəticələri, əsas xəstəliyin ağırlaşması qıcolma tutmaları, tez-tez epilepsiyaya bənzər, şikayətləri qıcolma tutmaları, əsəbilik, yuxusuzluq, baş ağrılarıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, faktiki olaraq 2 il 3 ay 25 gün cəzadan çəkmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən hökmü ləğv edilmiş, iddiaçıya bəraət verilmişdir. Hal-hazırda İddiaçı göstərilənlər nəticəsində ona vurulmuş maddi ziyana görə 28000 manat, mənəvi ziyana görə 100000 manat, cəmi 128000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Mübahisəli hal iddiaçıya cavabdehlərin hərəkətləri nəticəsində tələb etdiyi maddi və mənəvi ziyanın vurulub-vurulmaması, vurulmuşdursa hansı məbləğdə vurulmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinin 8 bəndinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsindəşəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir; - 4.1-ci maddəsinə əsasən, bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır; - 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə məhkəmə qeyd olunan Plenum Qərarını əsas götürərək belə nəticəyə gəlir ki, fiziki şəxs təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlərinə görə keçirtdiyi mənəvi sarsıntı nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Plenumun həmin qərarında vurğulandığı kimi cavabdehin qanunsuz hərəkəti ilə mənəvi zərər arasında səbəbli əlaqəni birbaşa göstərmək çətin olsa da, epilepsiyaya bənzər qıcolmaları olan şəxs barəsində ittihamedici hökmün çıxarılması və onun cəzaçəkmə müəssisəsində 2 ildən artıq müddətdə azadlığından məhrum olmaı onun sinir sisteminə və ümumi rifahına ziyan vurmamasının mümkünsüzlüyü aşkar bilinir. Belə ki, iddiaçı əsassız olaraq təqsirli bilindiyində, cəzaçəkmə müəssisəsində törətmədiyi əmələ görə çəka çəkdiyində, bu ədalətsizliyi aradan qaldırmaq üçün təqsirsizliyini sübuta yetirməyə çalışdıqda fiziki və psixoloji vəziyyəti şübhəsiz ki pisləşmiş, qeydolunanlara görə dəyəri ödənilməyən zaman sərf etmişdir. Sadalanan normalarının birgə təhlilindən görünür ki, barəsində əsassız olaraq məhkum edilmiş şəxs vurulmuş maddi və mənəvi ziyanı tələb etmək hüququna malikdir və bu hüquq bəraətverici hökm çıxarıldıqda yaranır. Hazırki işdə iddiaçı barəsində çıxarılmış ittihamedici hökm qanunsuz hesab olunaraq ləğv edilmiş, ona bəraət verilmişdir. Məhkəmə hesab edir ki, epilepsiyaya bənzər qıcolma tutmaları ilə müşahidə olunan səhhətə malik olan şəxsin təqsirsiz olaraq məhkum edilməsi və 2 ildən artıq müddət ərzində azadlıqdan məhrum edilməsi ona mənəvi ziyanın vurulmaması ehtimalını istisna edir. Mənəvi zərərin məbləği məhkəmə tərəfindən ağlabatan və ədalətli şəkildə müəyyən edilməlidir. Ona görə məhkəmə işin diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehdən 5000 manat məbləğdə mənəvi ziyan tutulmalıdır. Eyni zamanda qanunvericilik maddi vurulmuş ziyanın ödənilməli olan halları dəqiq olaraq göstərmişdir. Yalnız bu hallara sübut edildikdə iddiaçının tələbi təmin oluna bilər. İşdən görünür ki, İddiaçı 12800 manat məbləğində maddi ziyanın ödənilməsini iddia etmişdir. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yuxarda göstərilən qanunla nəzərdə tutulmuş halların baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməşdir, yəni belə hərəkətlər nəticəsində iddiaçının əmək haqqından məhrum olunması, əmlakın müsadirə edilməsi faktları və sair hallar məhkəmə araşıdırma zamanı öz təsdiqini tapmamışdır. Ona görə də iddia bu hissədə təmin edilməməlidir. Həmçinin cavabdehin etirazda göstərdiyi dəlilə münasibət bildirərək məhkəmə qeyd etmək istəyir ki, cavabdeh kimi Maliyyə Nazirliyinin göstərilməsi əslində ona görə qəbul olunub ki, dövlət orqanlarının təqsiri nəticəsində vurulan zərər yekunda Maliyyə Nazirliyi tərəfindən ödənilir. Lakin İddiaçı həmçinin, 100000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İddianın qiyməti 128000 manat təşkil etdiyindən, ödənilməli olan dövlət rüsumunun məbləği 418 manat təşkil edir. Cəmi 128000 manat məbləğində iddianın 5000 manat hissəsi (4 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 4 faizi, yəni 16,72 manatı cavabdehdən alınaraq, qalan 401,28 manat məbləği isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 5000 (beş min) manat mənəvi ziyan tutularaq İddiaçı ödənilsin. 16,72 manat cavabdehdən alınaraq, 401,28 manat isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar