Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-213/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı ünvan 1 ünvanına cavabdeh tərəfindən vurulmuş 1500 manat maddi ziyan, 500 manat mənəvi ziyan və 43 manat ödənilmiş dövlət rüsumumun əvəzi olmaqla, cəmi 2343 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 68, mənzil 11-də yaşayan Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində onun yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ev 68, mənzil 9-u mütamadi olaraq su basmışdır. Belə ki, onun yaşadığı mənzilin otaqlarına su axıdılması nəticəsində, otaqlara zərər dəymiş, tavan, dəhliz, laminat, divarlar və divar kağızları yararsız hala düşmüşdür. Bu faktı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 44 saylı MKİS tərəfindən tərtib edilmiş akt da təsdiq edir. Həmin akta əsasən cavabdehin yaşadığı Baxı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 68, mənzil 11-dən dəfələrlə Baxı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 68, mənzil 9-a su axıntısının olması müşahidə edilmişdir və dəfələrlə bu barədə məlumat verilsə də, heç bir tədbir görülməmişdir. Bunun nəticəsində, mənzilinə 1500 manat məbləğində maddi zərər dəymişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh heç bir nəticə çıxarmış və dəymiş zərərin ödənilməsindən yayınmışdır. Eyni zamanda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, böyük fiziki və mənəvi əzablar çəkmişdir. Bununla əlaqədar, onda yuxusuzluq, başağrısı yaranmış, əsəb, həyəcan hissləri keçirmişdir. Mənzilinin hazırkı vəziyyətini, uzun müddət ağır, dözülməz mənəvi və əsəbi gərginlikdə yaşadığını nəzərə alaraq, cavabdehdən ona vurduğu mənəvi zərər tutulmalıdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyəti olaraq xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 44 saylı MKİS-nin texniki T.M.Quliyeva, lift bələdçisi N.E.Qabulova, fəhləsi F.Ə.Mahmudovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə M.Fətəliyev küçəsi ev 68, mənzil 9-da yaşayan İddiaçı, onun yaşadığı mənzilə Cavabdeh məxsus M.Fətəliyev küçəsi, ev 68, 11 saylı mənzildən su axıntısı olması barədə şikayət ərizəsinə əsasən 9 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı doğrudan da, 11 saylı mənzildən 9 saylı mənzilə su axıntısının olması müşahidə edilmişdir. Baxış zamanı 11 saylı mənzilə də baxış keçirmək istənilsə də, qapını açan olmamışdır. Şikayətçinin şikayət ərizəsində göstərdiyinə görə bu hal dəfələrlə baş vermiş və bu haqda 11 saylı mənzildə yaşayanlara məlumat verilsə də, heç bir tədbir görülməmişdir. Baxış zamanı 9 saylı mənzildən çəkilən foto şəkilllərin akta əlavə edildiyi qeyd olunmuşdur. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7618 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ünvanında yerləşən 68 saylı evin 9 və 11 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 9 saylı mənzilin binanın 6-cı mərtəbəsində, cavabdehə məxsus 11 saylı mənzilin isə 9 saylı mənzilin üstündə 7-ci mərtəbədə yerləşdiyini, 9 saylı mənzilin tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də Sabunçu rayonu 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkldaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ünvanında yerləşən 68 saylı evin 9 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzildən su axıdılığı və nəticədə 9 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 11 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 9 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 9 saylı mənzilə su sızması 11 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 11 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. 9 saylı mənzil üzrə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin dəyərini müəyyən etmək üçün bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ünvanında yerləşən 68 saylı evin 9 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1332 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəmə iclasında toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ünvanında yerləşən 68 saylı evin 9 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzildən su axıdılmış və nəticədə 9 saylı mənzilin tikililərinə ziyan vurulmuşdur. Ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ünvanında yerləşən 68 saylı evin 9 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1332 manat məbləğində müəyyən olunmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bu baxımdan da, məhkəmə, iddianın cavabdehdən mənəvi ziyanın tutulması hissəsində rədd olunması qənaətinə gəlir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan ümumilikdə 1332 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı vurduğu maddi ziyana görə 1332 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,32 manat olmaqla, cəmi 1365,32 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 33,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli ekspert təqdiqatının dəyəri 100 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, dəymiş maddi ziyanın əvəzi olaraq 1332 (min üç yüz otuz iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,32 (otuz üç manat, otuz iki qəpik) manat olmaqla, cəmi 1365,32 (min üç yüz altmış beş manat, otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə çəkilmiş 100 (əlli) manat ekspertiza xərci cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-213/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-213/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver