Məhkəmə qərarları › İş №2(008)-2131/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2131/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2131/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 9, 43 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 9, 43 saylı mənzildə hazırda yaşamaqda istifadə etməkdədir. Həmin mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə qeydiyyat vəsiqəsinin surətini iddia ərizəyə əlavə etmişdir. (ÖM 020960 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 9, 43 saylı mənzil İddiaçı mülkiyyətindədir.) Lakin mənzilində qeydiyyatda olan digər şəxs Cavabdeh da yəni - onun keçmiş arvadı da həmin mənzildə formal olaraq qeydiyyatdadır. Cavabdeh onun evindən çox uzun zaman öncə çıxıb getmişdir. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdeh ilə aralarında ailə münasibətləri qalmamışdır, cavabdeh hazırda onun ailə üzvü deyildir. Uzun zamandır ki, cavabdeh ilə heç bir əlaqəsi yoxdur, həmin mənzilə gəlmir, ümumiyyət ilə həmin mənzildən istifadə etmir. Cavabdeh başqa ünvanda yaşadığından xeyli müddətdir ki, həmin mənzildən köçüb getmiş, orada yaşamır, həmin mənzildən istifadə etmir. Onun mənzilində cavabdehə aid heç bir əmlak yoxdur. Bunu uzun zaman qonşuluqda yaşayan qonşuları da təsdiq edə bilər. Bundan əlavə cavabdehin hazırkı yaşayış yeri barədə məkumatı yoxdur. O, faktiki olaraq evin bütün kommunal xərclərini və yerli bələdiyyə vergisini ödəyir. Qeyd edir ki, evində cavabdehə məxsus heç bir əmlak yoxdur. Cavabdehin onun mənzilində pasport qeydiyyatında qalması Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və o həmin hüququnu həyata keçirə bilmir. Hal-hazırda cavabdehə görə hər ay əlavə kommunal ödənişləri və sairə ödəyir. Belə olan halda cavabdehin formal olaraq qeydiyyatda olması onun üçün bir sıra problemlər yaradır. Bütün bu qeyd olunanlara əsasən cavabdehin ona məxus olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 9, 43 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək nikah pozulduqdan sonra cavabdehin soyadı dəyişdiyindən X1 cavabdeh olaraq nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o bildirir ki, o Natella Abdullayeva ilə nikaha 1992-ci il tarixdə ailə qurmuş və sözügedən ev onun mülkiyyətində 1999-cu il tarixdə keçmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırlımış cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Şərif küçəsi 9 saylı evin 30. 43 saylı mənzili X4 mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 359 saylı reyestr kitabında 51743 səhifə qeydə alma 30/51743 nömrəli, xx.xx.1995-cu il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 020960 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Şərif küçəsi 9 saylı evin 30.05 yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 43 saylı mənzili İddiaçı adına bütün payda, xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 359 saylı reyestr kitabında 51743 səhifə qeydə alma 30/21171 nömrəli, xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-11895/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, ev 9, 43 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. 86 saylı MKİS-nin arayışından görünür ki, Cavabdeh o, həqiqətən Bakıxanov qəsəbəsi, 86 saylı MKİS-nin ərazisində yerləşən Ş.Kamilov küçəsi 9 saylı evin 43 nömrəli mənzilində pasport qeydiyyatındadır və qonşuların aktına əsasən t yuxarıda göstərilən ünvanda 2019-cu il tarixindən yaşamır. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Nikahın pozulması haqqında 4 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat Şöbəsinin AZ İ 418631 nömrəli arayışının surətindən görünür ki, X6 ilə Cavabdeh arasında tərəflərin razılığı ilə balğlanmış nikah xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə mülki işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh 1992-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. İddiaçının atasına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 9, 43 nömrəli mənzil, atasının vəfatından sonra 1999-cu il tarixdə iddiaçının tam pay üzrə mülkiyyətinə verilmişdir. Bundan sonra cavabdehlə iddiaçı sözügedən evdə yaşamağa başlamış və cavabdeh sözügedən evə rəsmi qeydiyyta düşmüşdür. Tərəflər arasında nikah münasibətləri 2022-ci il tarixdə tərəflərin qarşılığlı razılığı ilə qeydiyyat şöbəsində pozulmuşdur. İddiaçı bundan sonra məhkəməyə müraciət edərək cavabadehim onun keçmiş arvadı olduğunu istinad edərək onun sözügedən mənzildən istifadə hüququna hər hansı bir kompensasiya məbləği ödəmədən xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, cavabdehin iddiaçının keçmiş ailə üzvü olduğundan və onun sözügedən mənzilə istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yaranmış olduğundan, onun həmin məzilə istifadə hüququ yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya ödəməklə xitam verilməsi mümükün olduğundan, hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar