Məhkəmə qərarları › İş №2(008)-2239/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2239/2024

30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2239/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 qarşı "razılaşmaya əsasən şifahi əqdin etibarlı hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 qarşı "razılaşmaya əsasən şifahi əqdin etibarlı hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə aralarında olan ümumi əldə edilmiş razılaşmaya əsasən ünvan 1 ünvanda yerləşən 3B yaşayış evinə aid şifahi əqdin eribarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir cavabdehlə dostluq edir. Evə ehtiyacı olduğu üçün və Cavabdeh dövlət qulluğunda işlədiyini bildirərək öz adına güzəştli şərtlərlə ipoteka krediti götürməsini ona təklif etmiş, o, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Quliyev küçəsi, 1-ci döngə, 3B saylı fərdi yaşayış evini almaq məqsədilə onunla şifahi razılaşmaya gələrək, cavabdehin adına Beynəlxalq Bankın ipoteka fondu şöbəsilə müqavilə (xx.xx.2020) bağlayaraq və onun tərəfindən həmin evin dəyərini bir hissəsi ödənilərək (30 %-i) yüklü edilərək yuxarıda qeyd edilən ev onun təfərindən əldə edilmişdir. Hal-hazırda ailəsi ilə birgə həmin evdə yaşayır və qalan pulun qalan hissəsini də hal-hazırda mütəmadi olaraq ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin maaşı yüksək olduğuna görə və tutduğu vəzifəyə görə ona xüsusi güzəşt edildiyinə görə ev onun adına alınmışdır. Razılıq əldə edilən zaman cavabdehlə arvadının araları yaxşı idi, ona görə də problem yaranacağını düşünməmişdir. Nə cavabdeh, nə də üçüncü şəxs evin yerini bilmirlər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı ilə dost olmuşdur, kömək etmək məqsədi ilə evi adına keçirtmişdir. Sonradan öz yoldaşı ilə münasibətlər pisləşmişdir, lakin ev İsrafilindir, ödənişləri özü edirdi. Əvvəlki məhkəmə iclaslarında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 bildirmişdir ki, Buzovna qəsəbəsində yerləşən evlə bağlı tərəflər arasında heç bir razılıq olmamışdır. İsrafili tanımır. Məsim ona evi ipotekaya qoyduğunu demişdir, imza etdikdən sonra ev ipotekaya qoyulmuşdur. Nikah pozulduqdan sonra məhkəməyə müraciət edib həmni evə pay hüququnun tanınması üçün, həmin iş hazırda icraatdadır. Ev 2020-ci ildə alınıb. Tərəflərin bu cür iddia verməsində məqsədi nədir bilmir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-4425/2022 nömrəli qətnaməsi ilə "Suzuki Vitara" markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair cavabdehlər Cavabdeh ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və onun hüquqi nəticələri etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 3B saylı fərdi yaşayış evinin, "VAZ-2121" markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və "Suzuki Vitara" markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində iddiaçı X2 ½ hissədə payı müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyaisya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3787/2023 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4425/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 4618/2023 nömrəli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2023-ci il tarixli 2(103)-3787/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş kassasiya baxışından çıxarılmış və müvafiq kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. - İddiaçı tərəfindən təqdim olunan qəbzlərdən görünür ki, müxtəlif vaxtlarda Cavabdeh tərəfindən İpoteka və Kredit Zəmanət Fonduna cəmi 10093 manat məbləğində ödənişlər edilmişdir. - Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən 3B saylı fərdi yaşayış ev Cavabdeh adına qeydiyyatdan keçmişdir. Cavabdeh həmin ev alınarkən nikahda olmuş, hazırda isə nikahlarının pozulması lə əlaqədar olaraq cavabdehin arvadı, iş üzrə 3-cü şəxs V.Məmmədova sözügedən evə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmiş və həmin iş hazırda icraatdadır. Ümumiyyətlə cavabdeh və nkahda olduğu V.Məmmədova arasında əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisələri var. Cavabdeh müxtəlif vaxtlarda İpoteka və Kredit Zəmanət Fonduna cəmi 10093 manat məbləğində ödənişlər etmişdir. Mübahisəli hal sözügedən evin şifahi razılaşmaya görə İddiaçı hesab olunub oluna bilməməsidir. İddiaçı mübahisəli evin şifahi razılaşma əsasında onun tərəfindən əldə edildiyini iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; 33.4-cü maddəsinə görə, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Sadalanan normaların birgə təhlilindən görünür ki, hər hansı əqdin etibarlı hesab edilməsi üçün əsas həmin əqdin bağlanması qaydasına və ya şərtlərinə uyğun olaraq bağlanmasıdır. Daşınmaz əşyaya dair mülkiyyət və ya başqa hüququnun əmələ gəlməsi məqsədilə bağlanan müqavilələr notarial qaydada təsdiq edilməlidir. Hazırkı iş üzrə İddiaçı daşınmaz əşyanın şifahi əqd əsasında əldə etdiyini iddia etsə də, məhkəmə qeyd edir ki, daşınmaz əşyanın alqı-satqısı haqqında müqaviləsi notarial qaydada təsdiq edilməli olduğundan və tərəflər arasında həmin tələbə riayət olunmadığından Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Quliyev küçəsi, 1-ci döngə, 3B saylı fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçı üçün alınmasına dair şifahi razılaşma etibarlı sayıla bilməz. Mülkiyyət hüququnun bu qaydada əldə olunması qanunvericilikdə nəzərdə tutulmayıb. Bundan başqa, işin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli ev cavabdehlə üçüncü şəxs arasında nikah dövründə əldə edilmişdir və əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya görə onların ümumi vəsaiti hesabına qazanılaraq onların ümumi birgə əmlakı olduğu ehtimal olunur. Yəni, həmin əmlak hətta qanunla nəzərdə tutulan qaydada başqa şəxsin adına özgəninikiləşdirilərkən də mütləq şəkildə cavabdehin arvadının razılığı tələb olunacaqdı. Belə ki, ər-arvaddan birgə mülkiyyətinə dair birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə əqdin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçının nümayəndəsi X4 tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli qəbzlə 100 manat dövlət rüsumu ösənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 qarşı "razılaşmaya əsasən şifahi əqdin etibarlı hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. xx.xx.2024-cü ildə ********** nömrəli qəbzlə 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar