Məhkəmə qərarları › İş №2(008)-2358/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2358/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2358/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “ona vərəsəlik qaydasında məxsus olan 2*** kv metr torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “ona vərəsəlik qaydasında məxsus olan 2*** kv metr torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vərəsəlik qaydasında məxsus olan Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, C.Cəlilov (Məmmədyarov) ev 4 a-nın yan tərəfində yerləşən Zabrat- Maştağa yolunun sağ tərəfində Qeyri-yaşayış obyekti (2*** kvadrat metr torpaq sahəsində inşa edilən qeyri yaşayış sahəsinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X4 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsi onun adına rəsmiləşmiş, atası dünyasını dəyişdikdən sonra vərəsəliyi qəbul etmişdir. Buna baxmayaraq atasına məxsus olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən onların razılığı olmadan tanımadığı bir şəxslə icarə müqaviləsi bağlamışdır. Hesab edir ki, icarə müqaviləsi əsassızdır. Belə ki, məhkəmədə mülki iş araşdırılan zaman özbaşınalığa yol verilmiş, hazırda qeyriyaşayış sahəsinin onun mülkiyyətinə rəsmiləşdirilməsi ilə bağlı qərar Nərimanov rayon İcra şöbəsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilir. 04 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə ederək, 2006-cı ildə Bakı şəhəri İcra Hakimiyyətinin X1 ilə, atası X6 ünvan 1 ünvanı ilə bağlı müqavilə bağlandığını, elə həmin il Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən mülkiyyət hüququ tanındığını, 2006-2018-ci illərdə həmin ərazidə qeyri-yaşayış obyektləri inşa etdiklərini, 2018-ci ildə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyini, apellyasiya şikayəti təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ləğv edərək iddianı rədd etdiyini, kassasiya şikayəti versələr də, şikayətlərinin təmin edilmədiyini bildirmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinə qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı müraciət etsə də, subyektiv hüququnun olmaması səbəbindən işə xitam verildiyini, lakin istifadə hüquqlarının tanındığını qeyd etmiş və qeyri-yaşayış sahəsində inşa edilmiş obyektlərə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunan Stasionar xidmət obyektinin təşkili haqqında müqavilədən görünür ki, Bakı ŞİH X1 ilə X6 arasında Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4a nömrəli evin yan tərəfində yerləşən 2.*** kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 10 iyun 2006-cı il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140/2006 nömrəli 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “a” nömrəli evin yan tərəfində yerləşən 2.*** kv.m torpaq sahəsinə X4 mülkiyyət hüququ tanınaraq, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 nömrəli 17 may 2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Sabunçu RİH-in apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 nömrəli 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7518/2018 nömrəli 20 noyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 nömrəli 17 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 05 ayının 06 günündə 561 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri 39 saylı Notariat Kontorunun Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 25 oktyabr 2017-ci il tarixli məktubunda mərhum X3 miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat Kontoruna müraciət edildiyi, X4 01 may 2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında notariat kontoru tərəfindən vərəsəlik işi açıldığı və vərəsələrin dairəsi müəyyən edildiyi bildirilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1052/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 nömrəli 31 yanvar 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-474/2020 nömrəli 31 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonraki prosessual hərəkətlərinin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 336/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140 nömrəli xx.xx.2006-cı il tarixli icra sənədinin icra edilməsinə dair şikayəti təmin edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140/2006 nömrəli xx.xx.2006-cı il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunan Uniprice tərəfindən verilmiş UNİ/M-19-191/21 nömrəli 07 may 2021-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi (Cəlil Cəlilov küçəsi), 4 “a” nömrəli evin yan tərəfində yerləşən 2***,0 kv.metr torpaq sahəsinin üzərində yerləşmiş 277,0 kv.m, 74,0 kv.m, 27,0 kv.m və 21,0 kv.m sahədən ibarət olan dəmir məlumatlarının istehsalı sexlərinin 07 may 2021-ci il tarixinə bazar dəyəri: 700 ***,00 (yeddi yüz min) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məhkəmə hesab edir ki, mərhum X4 Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A nömrəli evin yanındaki torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140/2006 nömrəli 11 sentyabr 2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 nömrəli 17 may 2018-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və sonuncu qətnamə qanuni qüvvəyə mindiyindən (Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə dəyişdirilmədən saxlanılmışdır), habelə hazırki İddiaçı mərhum X4 vərəsəsi kimi müəyyən edilsə də, hazırda İddiaçı atası X2 ona vərəsəlik qaydasında torpaq sahəsi qalmadığından 2*** kv metr torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinə köçürülmə tələbinə dair hazırki iddianı qaldırmaq üçün heç bir subyektiv hüququ yaranmır. Çünki, iddiaçı mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız adına həmin torpaq sahəsi ilə bağlı sənəd təqdim etdiyi halda və vərəsəliyi qəbul etdiyi təqdirdə həmin əmlakı qəbul etməsi ilə bağlı sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. Eyni zamanda hələ atası X5 öz sağlığında həmin sahə ilə bağlı mübahisə açsa da, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən onun hüququ təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarında da eyni hüquqi mövqeini təkrar edərək, subyektiv hüququn nədən ibarət olmasını vurğulamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “ona vərəsəlik qaydasında məxsus olan 2*** kv metr torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “ona vərəsəlik qaydasında məxsus olan 2*** kv metr torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar