Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2450/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 5845 manat, qüsur aktına görə ödədiyi 116 manat, avtomobilin evakuasiyasına görə ödədiyi 15 manat, avtomobilsiz qaldığı günlərdə taksidən istifadəyə görə ödədiyi 1000 manat, avtomobilin dayanacaqda saxlanmasına görə iddia verildiyi günə hesablanmış 210 manat, dəymiş mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 17.006 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, 27.10.2020-ci il tarixdə, saat təxminən 11:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Cavabdeh1 idarə etdiyi “Karsan” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusla özünün idarə etdiyi “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində hazırkı bazar dəyəri 5800-6000 manat olan “VAZ 2106” markalı avtomobil istifadəyə tamamilə yararsız vəziyyətə düşmüş və avtomobilin təmir edilib istifadəyə yararlı hala gətirilməsi qeyri-mümkündür. Hadisədən sonra “VAZ 2106" markalı avtomobil polis tərəfindən məcburi qaydada 15 manat ödətdirildikdən sonra evakuasiya edilərək, gündəlik ödənişi 2 manat olan dayanacağa yerləşdirilmiş və hazırlı vaxtadək orada saxlanılır. Cavabdehlərdən avtomobilin həmin ödənişli dayanacaqdan götürülməsi ilə bağlı ödəniş etmələrini tələb etsə də, onlar bunu etməkdən boyun qaçırırlar. Artıq 105 gündür ki, avtomobil sözügedən dayanacaqda saxlanılır və onu oradan götürmək üçün ödəniş etməyə imkanı yoxdur. Həmçinin cavabdehlərdən ona dəymiş ziyanın ödənilməsini dəfələrlə tələb etsə də, ödəməkdən imtina edirlər. Bundan əlavə, avtomobilsiz qaldığı üçün hazırkı vaxtadək hər gün taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Qüsur aktına əsasən, ona məxsus ”VAZ 2106” markalı **-MO- *** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün ona 5845 manat məbləğində pul lazımdır. Bundan başqa, qəzadan sonra əsəbləri pozulmuş, nəticədə onda tez-tez halsızlıq, başağrıları və yuxusuzluq halları yaranmışdır. Ona görə də, dəymiş maddi və mənəvi zərərə, eləcə də çəkdiyi digər xərclərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən ümumilikdə 17.006 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, 27.10.2020-ci il tarixdə, saat təxminən 11:50 radələrində özünə məxsus olan “VAZ 2106” markalı, 99-MO- 537 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində hərəkətdə olmuşdur. Q.Qarayev prospekti ilə Özbəkistan küçələrinin kəsişməsində Özbəkistan küçəsinə çıxmaq üçün yolun soldan birinci zolağına keçərək işıqforun sola, yəni Özbəkistan küçəsinə dönmə işarəsini gözləmiş, sola yaşıl işıq yandıqdan sonra hərəkətə başlamışdır. Bu zaman Q.Qarayev prospektində köməkçi yolda şəhər istiqamətində M-l xətti üzrə hərəkət edən “Karsan” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus ön qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ orta hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində onun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü X4 xəsarət almışdır. Bundan sonra hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmiş, hadisə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 22.06.2021-ci il tarixli, 9/2971 saylı ekspert rəyinə əsasən, avtomobilinə dəymiş ziyanın məbləği kimi hesablanmış 3000 manat məbləğində maddi ziyanla razı deyil, hesab edir ki, avtomobilə dəymiş ziyanın miqdarı daha artıqdır. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 27.10.2020-ci il tarixdə, saat təxminən 11:49 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Karsan” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə 50 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində köməkçi yolda şəhər istiqamətində hərəkətdə olmuşdur. Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsinə çatdıqda işıqforun qırmızı işığını görməyərək hərəkətini davam etdirmişdir. Bu zaman Özbəkistan küçəsində hərəkətdə olan “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsindən idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobildə qabaq oturacaqda əyləşmiş xanım xəsarət almışdır. Bundan sonra hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmiş, hadisə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli, 9/2971 saylı ekspert rəyinə əsasən, “VAZ 2106” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobilə hesablanmış 3000 manat məbləğində maddi ziyanla razılaşır və ödəməyə etirazı yoxdur. Lakin qalan hissələrdə iddia tələbini qəbul etmir. O, qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 02.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 MMC-nin barəsində toplanmış materiallar onların barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. Həmçinin araşdırma zamanı “Karsan” markalı, **-JK-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun məxsus olduğu Cavabdeh2 MMC-nin hər hansı sığorta şirkəti ilə icbari sığorta müqaviləsi bağlamadığı həmin qərarda qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06.02.2021-ci il tarixli, 08 saylı arayışda qeyd olunmuşdur ki, nöqsan aktına əsasən, “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan – 3250 manat işçilərin zəhmət haqqı, 2595 manat ehtiyat hissələrinin qiyməti olmaqla, ümumilikdə 5845 manat təşkil edir. İş materiallarında olan AD seriyalı, 790204 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, iddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi XTA 210600W4021152 olan avtomobil 1998-ci il buraxılışlıdır, tünd qırmızı perlament rəngdədir. İş materiallarında olan AZE seriyalı, 09449691 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddaçı İddiaçı 23.06.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 1, mənzil 22-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, cabavdeh Cavabdeh1 05.09.1985-ci il tarixdə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuş və Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 38, mənzil 31-də qeydiyyatdadır. İş materiallarında olan İnternet vergi idarəsindən götürülmüş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Cavabdeh2 MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1əşir. İş materiallarında olan “kassa mədaxil qəbzi”ndən görünür ki, "xxxx" MMC-yə 116 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli, 9/2971 saylı ekspert rəyindən görünür ki, “VAZ 2106” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab edilməmiş, zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 3000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına Cavabdeh2 MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması zərurəti ilə əlaqədar 28.07.2021-ci il tarixdə HK1-421 saylı yol-nəqliyyat hadisəsi barədə materialın məhkəməyə göndərilməsi barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə sorğu etmiş, lakin sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə) . Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus avtomobildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar, yerinə yetirilməli olan təmir işlərinin dəyəri kimi 5845 manat məbləğində pulun cavabdehlərdən alınaraq, ona ödənilməsini xahiş etsə də, 22.06.2021-ci il tarixli, 9/2971 saylı ekspert rəyindən görünür ki, “VAZ 2106” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab edilməmiş, zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 3000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin maddənin 2-ci hissəsində qeyd olunur ki, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya göstərməli olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.12.2017ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16.07.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1099.1-ci maddəsində işçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti işəgötürən daşıyır. Həmçinin qeyd olunan qərarda vurğulanmışdır ki, həmin maddəyə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh1 digər Cavabdeh2 MMC-nin işçisi olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınmış 30.04.2021-ci il tarixli məktubda isə Cavabdeh1 Cavabdeh2 MMC ilə əmək münasibətlərində olması barədə məlumat olmadığı bildirilmişdir. Bununla yanaşı, cavabdehin qəza törətdiyi “Karsan” markalı, **-JK-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun Cavabdeh2 MMC-yə məxsus olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh1 hadisə zamanı “Karsan” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu yol vərəqəsi ilə idarə etdiyini bildirsə də, bu halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbində qeyd olunan digər xərclərlə bağlı (taksi xidmətindən istifadə, avtomobilin evakuasiyası üçün ödənilmiş və dayanacaqda saxlanılması üçün xərclər) məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, məhkəmə həmin hissələrdə iddianı əsaslı hesab etmir. Bundan başqa, iddiaçı mənəvi zərərlə bağlı tələbini baş vermiş yol-nəqliyyat hadisəsindən sonra əsəblərinin pozulması və nəticədə onda tez-tez halsızlıq, başağrıları və yuxusuzluq hallarının yaranması ilə əlaqələndirmişdir ki, məhkəmə həmin halların mənəvi zərərlə bağlı tələbin təmin olunması üçün əsas olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 idarə etdiyi "Karsan" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə işıqforun qırmızı işığı yanan vaxt hərəkət edərək iddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə, iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 22.06.2021-ci il tarixli, 9/2971 saylı ekspert rəyinə əsasən, həmin avtomobilə dəymiş maddi ziyanın 3000 manat məbləğində dəyərləndirildiyi müəyyən olunmuşdur. İddiaçı ona dəymiş ziyanın həm Cavabdeh1 və həm də Cavabdeh2 MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olması, həmçinin onun hadisə zamanı “Karsan” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu yol vərəqəsi ilə idarə etməsi halları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 3000 manat, qüsur aktına görə ödənilmiş 116 manat olmaqla, cəmi 3116 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, İddiaçı ödənilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməli və cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Həmçinin iddiaçı və cavabdehin hər birindən ayrı-ayrılıqda 50 manat məbləğində pul tutularaq, məhkəmə-ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 3000 (üç min) manat, qüsur aktına görə ödənilmiş 116 (yüz on altı) manat olmaqla, cəmi 3116 (üç min yüz on altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci hesabına İddiaçı 50 (əlli) manat, Cavabdeh1 50 (əlli) manat məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2450/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2450/2021
11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver