Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2478/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “Vaz 11183” markalı **-XP- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsi, həmin daşınar əşya üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, onunla Cavabdeh arasında xx.xx.2008-ci ildə, yəni 17 il əvvəl **-XP-*** dövlət qeydiyyat nişanlı “Vaz 11183” markalı avtomobilin ikili razılaşma əsasında alqısatqısı barədə sövdələşmə olmuş və həmin vaxt tərəfindən ödəniş edilmiş, lakin avtomobili öz adına dövlət qeydiyyatına aldırmamışdır. Buna baxmayaraq, həmin tarixdə 30 (otuz) illik, yəni xx.xx.2038-ci il tarixinədək olan dövrü əhatə edən etibarnamə Cavabdeh tərəfindən ona təqdim edilmişdir. Cavabdeh adına olan avtomobillər barədə Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinə verilmiş vəkil sorğusuna cavabda da həmin etibarnamə barədə məlumat verilmişdir. Bildirilir ki, geridə qalan 17 il ərzində o, adı çəkilən avtomobili idarə etmiş, faktiki olaraq ona sahiblik etmişdir. Hər il avtomobili texniki baxışdan özü keçirmiş, sığorta etdirmiş və avtomobilin sahibi kimi bütün lazımi hərəkətləri etmişdir. Bu dövrdə bir dəfə də olsun satıcı Cavabdeh avtomobilin ondan geri alınması və ya onun hansısa borc üzrə öhdəlikləri üçün yönləndirilməsi ilə bağlı ona müraciət etməmişdir. Göründüyü kimi, aralarında avtomobilin alqı-satqısı üzrə faktiki razılaşma olmuş, avtomobil dövlət qeydiyyatında Cavabdeh adında qalsa da, faktiki olaraq 17 il müddətində avtomobilə o sahiblik etmiş və maşın onun mülkiyyətində olmuşdur. Əslində, dəfələrlə cavabdehlə aralarında olan danışıqlarında onun tərəfindən də bu fakt təsdiq edilmiş və maşına dair heç bir iddiası olmadığını bildirmişdir. Göründüyü kimi, **-XP-*** dövlət qeydiyyat nişanlı "Vaz 11183" markalı avtomobil 17 il əvvəl ona satılmış və o da ona vicdanlı mülkiyyətçi (sahib) kimi bütün mülkiyyət və sahiblik hüquqlarından istifadə etmişdir. Sonradan Cavabdeh aliment borcunun yaranması ilə əlaqədar olaraq, həmin avtomobilin üzərinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı əsasında həbs qoyulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 181.1 və 181.4-cü maddələrinə istinad edərək, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh, İddiaçı verdiyi xx.xx.2008-ci il tarixli ƏN-İİ 322076 nömrəli etibarnaməyə əsasən, ona “Vaz 11183” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(008)-139/2019 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5368/2l05 saylı, xx.xx.2015-ci tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh mülkiyyətində olan “Vaz 11183” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-111398/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası «AAA» vəkil bürosunun vəkili Vəkil xx.xx.2024-cü il tarixli, 02/07-1-BDYP nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, DİN Baş X1 idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh adında xx.xx.2005-ci il tarixdən «Vaz 11183» markalı **-XP-*** və xx.xx.2022-ci il tarixdən «Ford Kuga» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 181.1 və 181.4-cü maddələrinə istinad etmişdir. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh İddiaçı verdiyi etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsi ilə nəzərdə tutulmuş əqdləri əvəz etmir. Yəni xx.xx.2008-ci il tarixli, ƏN-İİ 322076 nömrəli etibarnamə alqı-satqı müqaviləsini əvəz etmədiyindən, etibarnamənin verilməsi cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. İddiaçının 17 il ərzində sözügedən avtomobilə faktiki olaraq sahiblik etməsi səbəbindən, Mülki Məcəllənin 181.4-cü maddəsində nəzərdə tutulan beş illik əldə etmə müddətinə istinad etməsinə münasibətdə məhkəmə qeyd edir ki, avtomobilin mülkiyyətçisi mövcud olduğundan və bəlli olduğundan, əldə etmə müddəti hazırkı münasibətə tətbiq edilə bilməz. Belə ki, Cavabdeh “Vaz 11183” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ özündə həm də sahiblik hüququnu ehtiva edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, qanuni və əsaslı olmadığından, İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2478/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2478/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver