Məhkəmə qərarları › İş №2(008)-2493/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2493/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2493/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində ona qarşı tətbiq edilən 200 manat məbləğində inzibati cərimənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə dair ərizələrə inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 145.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; 145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; 145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə hesab edir ki, iddia icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı:

İddiaçı X1 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar