Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2511/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçın İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh keçmiş qaynanasıdır. Cavabdeh iddiaçının oğlu Hüseynli Savalan oğlu ilə 24 noyabr 2017-ci il tarixdən rəsmi nikahda olmuş, nikahın pozulması və uşağın atanın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir, həmin mülki iş hakim Nilufər Cəfərlinin icraatındadır. Hal-hazırda da Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzildə qeydiyyatda olsa də mənzili könüllü olaraq tərk etmişdir. İddiaçının mülkiyyətində olan sözügedən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən 01 noyabr 2017-ci il tarixdən İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdehlə iddiaçı arasında olan qohumluq münasibətlərinə xitam verildiyindən İddiaçı Cavabdeh həmin mənzilə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin mənzildən çıxarılması qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, cavabdehlə onun oğlu X3 arasında nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh evdən çıxıb getmişdir və hal-hazırda həmin ünvanda yaşamır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3539/2021 saylı 02.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeyidləri kitabında 3894 nömrəli akt qeydi ilə tərtib olunmuş 24.11.2017-ci il tarixli nikahın pozulması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 397225 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasındakı nikaha 13.01.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X3, X4, Cavabdeh qeydiyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Y/M, 212 nömrəli evin mülkiyyətçisi İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki mübahisəyə dair tərəflər arasında hüquq münasibətləri 2017-ci ilin noyabr ayından sonra yarandığından məhkəmə hesab edir ki, bu mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisiilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda qeyd olunur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, cavabdeh mənzilin mülkiyyətçisinə münasibətdə sonuncunun ailə üzvü olmamaqla yanaşı, özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə də daxil deyildir. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək belə nəticəyə gəlir ki, iddiaçının oğlu X1 arvadı Cavabdeh ailə qanunvericiliyinə əsasən iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından onun ailə üzvü hesab edilə bilməz. Belə olan halda, iddiaçı onunla bağlılığı olmayan şəxsin mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi barədə iddianın hüquqi əsası mövcud deyildir. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, mövcud olmayan hüquq məhkəmə qaydasında itirilə bilməz. Bundan başqa «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Həmin qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; Bu qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası rədd edilməli, bu qətnamə Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Bu qətnamə Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2511/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2511/2022
05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver